Məhkəmə qərarları › İş №2(056)-2341/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2341/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2341/2024 05.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş 09 dekabr 2020-ci il tarixli 208735 saylı və xx.xx.2024-cü il tarixli 000089 saylı saylı aktların və həmin aktlara əsasən hesablanmış 1007,33 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında göstərdi ki, yaşadığı kənddə elektrik enerji xətləri çəkilmiş və xətlər çəkilən zaman sayğac qoyulmadan onlara elektrik enerjisi verilmişdir. "xxxx" ASC-nin əməkdaşları onun evinə baxış keçirmişlər və baxış zamanı onun elektrik enerjisindən sayğacsız istifadə etməsini müəyyən etmişlər. Sonradan ona məlum olmuşdur ki, barəsində 09 dekabr 2020-ci il tarixli 208735 saylı akt tərtib edilmiş və həmin akt əsasında o, cərimə olunmuşdur. Sonradan xx.xx.2021-ci ildə onun evinə sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra isə, yəni xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun evinə yenidən baxış keçirmişlər və baxış zamanı müəyyən etmişlər ki, o, sayğacdan kənar xətdən istifadə etmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli 000089 saylı akt tərtib edilmişdir. Ümumilikdə hər iki akta əsasən o, 1007,33 manat cərimə olunmuşdur. Hesab edir ki, onun barəsində tərtib edilmiş aktlar əsassız və qanunsuzdur. Belə ki, nə o, nə onun ailə üzvləri aktların tərtib edilməsində iştirak etməmişlər. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi abonentin saldosundan da görünür ki, işlədilmiş enerji sərfiyyatı vaxtı-vaxtında ödənilmişdir. Yuxarıda qeyd etdiyi problemin aradan qaldırılması üçün cavabdeh təşkilata müracitə etməsinə baxmayaraq, oradan ona bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Ona görə də göstərdiklərini nəzərə alaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 09 dekabr 2020-ci il tarixli 208735 saylı və xx.xx.2024-cü il tarixli 000089 saylı saylı aktların və həmin aktlara əsasən hesablanmış 1007,33 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 dekabr 2020-ci il tarixli, AKT R 208735 saylı aktının surətindən görünür ki, istehlakçı İddiaçı (ünvan: Sabirabad rayonu Qaratoğay Güdəcühür kəndi) elektrik enerjisindən qeydiyyatsız və sayğacsız istifadə etdiyinə görə onun barəsində akt tərtib edilmişdir. Baxış zamanı keçən yük 1=5,2 amper müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ******* nömrəli protokolunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə istehlakçı İddiaçı adına (ünvan: Sabirabad rayonu Güdəcühür kəndi; abonent kodu **********01141) **********23 nömrəli sayğac quraşdırılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 000089 saylı aktının surətindən görünür ki, istehlakçı İddiaçı məxsus (ünvan: Sabirabad rayonu Güdəcühür kəndi; abonent kodu **********01141) sayğaca baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir. Sayğacın giriş faza yuvasına sıfır xətti, sıfır yuvasına isə faza xətti verilmişdir. Sayğaca kənar müdaxilə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı yaşadığı kəndə elektrik enerji xətləri çəkilmiş və xətlər çəkilən zaman sayğac qoyulmadan iddiaçıya elektrik enerjisi verilmişdir. "xxxx" ASC-nin əməkdaşları iddiaçının yaşayış evinə baxış keçirmişlər və baxış zamanı onun elektrik enerjisindən sayğacsız istifadə etməsini müəyyən etmişlər. Bu səbəbdən də, 09 dekabr 2020-ci il tarixli 208735 saylı akt tərtib edilmişdir. Sonradan, xx.xx.2021-ci ildə iddiaçının evinə sayğac quraşdırılmış, xx.xx.2024cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları iddiaçının evinə yenidən baxış keçirmişlər və baxış zamanı müəyyən etmişlər ki, iddiaçı sayğacdan kənar xətdən istifadə etmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli 000089 saylı akt tərtib edilmişdir. Hər iki akt əsasında iddiaçı cərimə edilmiş və həmin cərimə məbləği cavabdeh tərəfindən iddiaçıdan tələb olunaraq iddiaçının abonent dövriyyəsinə əlavə olunmuşdur. İddiaçı 09 dekabr 2020-ci il tarixli 208735 saylı və xx.xx.2024-cü il tarixli 000089 saylı saylı aktları mübahisələndirərək həmin aktların əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halları, yəni qeyd olunan evində X1 olunmamasını məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 09 dekabr 2020-ci il tarixli 208735 saylı və xx.xx.2024-cü il tarixli 000089 saylı aktların əsasında itirilmiş enerji dəyərinin 1007,33 manat olması məhkəmədə qismən təsdiqini tapmışdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı evində sayğacsız və quraşdırılmış elektrik sayğacından kənar X1 edilməsinə görə itirilmiş enerji dəyərinin neçə gün müddətinə və ya nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Belə olan halda itirilmiş enerji dəyərinə görə hesabat müddəti kimi ən çoxu 30 gün müddətində hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi elektrik sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, 09 dekabr 2020-ci il tarixli 208735 saylı və xx.xx.2024-cü il tarixli 000089 saylı aktlar əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı 30 gün üçün, yəni (Win = 1.28kVt x ( 0,7) x 30 gün = 190) 190 manat itirilmiş enerji dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X1 Qaydalarının pozulması barədə 09 dekabr 2020-ci il tarixli 208735 saylı və xx.xx.2024-cü il tarixli 000089 saylı aktlar əsasında İddiaçı barəsində itirilmiş enerji dəyəri kimi hesablanmış 1007,33 manat deyil, 190 manat hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 dekabr 2020-ci il tarixli 208735 saylı və xx.xx.2024-cü il tarixli 000089 saylı aktlar əsasında İddiaçı abonent saldosuna (abonent kodu: **********01141, ünvan Sabirabad rayonu Güdəcühür kəndi) itirilmiş enerji dəyəri kimi hesablanmış 1007,33 manat cərimə məbləği azaldılsın və,190 manat hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar