Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2501/2024 02.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «borc müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “birc müqaviləsinin” ləğv edilməsi, 20000 manat pulun, ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, “Sədərək” TM-də xırdavat satışı ilə məşğul olur. Cavabdeh ilə onu xalası oğlu tanış etmiş, xalası oğlunun dostu olmuşdur. Cavabdeh UBER-də işlədiyini bildirmişdi. Bir müddət sonra cavabdeh ona UBER park açmaq istədiyini, pulu olmadığını, bu işdə yaxşı qazanc olduğunu bildirmiş, ondan 20000 manat borc pul istəmişdir ki, parkı açdıqdan sonra əldə edəcəyi qazancdan da ona pay verəcəkdir. O, cavabdehə inanaraq ona 20000 manat notarial qaydada müqavilə bağlamaqla bor vermiş, lakin bu ilin əvvəlindən müqavilə bağlanmış olsa da, cavabdeh onun pulundan heç bir məbləğdə ödəniş etməmiş, hətta heç bir iş görməmişdir. Bundan sonra o, cavabdehin onu aldatdığını anlamış, borcun qaytarılması ilə əlaqədar ona bu ilin iyul ayında təklif göndərmiş, lakin cavabdeh onun təklifinə heç bir cavab verməmişdir. Keçən məhkəmə iclasında məhkəmədə iştirak etdikdən sonra o, cavabdehin yaşadığı evə yollanmış, orada cavabdehdən pulunu tələb etmiş, cavabdeh ona pulu olmadığını, pulu olan zaman borcunu verəcəyini, bildirmiş, daha sonra isə danışığını dəyişərək onu hədələməyə başlayaraq qapısına getdiyi üçün polisə müraciət edəcəyini bildirmişdir. Bundan sonra o, cavabdehin evindən uzaqlaşmış, kənd əhalisindən onun haqqında soruşanda isə onun haqqında heç bir müsbət fikir bildirilməmiş, cavabdehin ondan başqa şəxslərə də borcu olduğu bildirilmişdir. Göründüyü kimi, cavabdeh onu aldatmışdır. Odur ki, o, hazırda tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: 23 saylı Notariat Ofisinin notariusu X1 təsdiq etdiyi xx.xx.2024-cü il tarixli «Borc müqaviləsi»dən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2026-cı il tarixədək qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat pulu borc almışdır. İş materiallarına həmçinin xx.xx.2024-cü il tarixli təklif, verilmiş borcun bankın depoziti vasitəsi ilə cavabdehə təqdim edilməsi ilə əlaqədar çıxarış əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh xx.xx.2024cü il tarixli borc müqaviləsinə əsasən xx.xx.2026-cı il tarixədək qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat borc pul vermişdir. Bu barədə tərəflər arasında notarial formada kredit müqaviləsi bağlanmışdır. Cavabdeh borcundan ödəniş etmədiyi üçün iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində təklif ünvanlamış, lakin iddiaçıya yenə də ödəniş edilməmişdir. Məhkəmə ilk öncə iddia tələbinin ilk hissəsi olan xx.xx.2024-cü il tarixli borc müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı mübahisələndirilən müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia tələbinin müqavilənin ləğv edilməsi ilə bağlı ilk hissəsi əsaslı hesab edilərək təmin edilməlidir. İddia tələbinin ikinci hissəsi olan borc müqaviləsi üzrə pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı münasibət notarial formada bağlanmış bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Müqavilənin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmış, müqavilənin Mülki Məcəllənin tələblərinə uyğun tərtib edildiyi, etibarsızlığa dəlalət edəcək hər hansı halın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borcalan Cavabdeh müqavilə üzrə öhdəliyin icrasından birtərəfli qaydada yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini borc məbləğinin cavabdehdən tutulması hissəsində də əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən də görünür ki, iddiaçı tərəfindən 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü ildə bağlanmış borc müqaviləsi üzrə 20000 (iyirmi min) manat borc pul, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 150 manat olmaqla, ümumlikdə 20150 (iyirmi min yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetlə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2501/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2501/2024
02.12.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver