Məhkəmə qərarları › İş №2(056)-253/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-253/2025

04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-253/2025 04.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının - Cavabdeh İB-yə qarşı “Aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh İB-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh-İB tərəfindən onun barəsində tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, ******* saylı AKT və dəymiş ziyanın bərpasına dair Tələbnamə əsasında hesablanmış 1555,20 manat məbləğində cərimənin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığını, uzun illərdir ailəsi ilə birlikdə Fermada yaşadığını bildirmişdir. Qaz sayğacının onun adına olduğunu və sayğaca dair heç bir pozuntu hallarına yol verilmədiyini qeyd edən iddiaçı bildirmişdir ki, 28 aprel 2023-cü il tarixdə “Azərqaz” İB-nin Sabirabad rayon əməkdaşları onun evinə gələrək sayğaca baxış keçirmişlər. Baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu plastmast qapağının qırıldığını, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin (müdaxilə) mümkün olduğunu və sayğacın istismara yararsız olduğunu müəyyən etmişlər. Həmin gün Cavabdeh İB-nin Sabirabad rayon əməkdaşları ona 1555,20 manat borcunun olduğunu bildirmişlər. Qüsur aktını aldıqdan sonra həmin aktda qeyd olunmuşdur ki, sayğacın qoruyucu plasmast qapağının sınıq olduğuna görə sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür və qaz sayğacı yararsız vəziyyətdədir. Lakin, iddiaçı qaz sayğacına heç bir müdaxilə etəmdiyini və ərizəsinə əlavə etdiyi abonentin qazdan istifadəyə dair saldosundan da göründüyü kimi, istifadə etdiyi qazın sərfiyyatına uyğun olaraq vaxtı -vaxtında ödənişlər etdiyini bildirərək aktın əsassız olduğunu, hal –hazırda demək olar ki həmin evdə yaşamadıqlarını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdiyni, həmçinin, birinci Qarabağ müharibəsində qardaşının şəhid olduğunu qeyd edərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT-a əsasən “sayğacın qoruyucu plasmast qapağının sınıq olduğuna görə sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür və qaz sayğacı yarasız vəziyyətdədir” nöqsan kimi aşkarlanmış, bununla bağlı 90 gün üçün itirilmiş qazın həcmi 12960 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan və bununla da iddiaçının öz öhdəliklərinə görə təqsirli pozuntusu müəyyən olunmadığı halda cavabdeh təşkilat tərəfindən iddiaçıya qaz itkisinə görə 1555.20 manat məbləğində borc əsassız hesablanmışdır. Ona görə də qaz itkisinə görə hesablanmış pulun iddiaçıdan tələb etməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, ******* saylı AKT–a əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 məbləğində borc İddiaçı abunə hesabından (abonent kodu **********05250) silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT-a əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 manat məbləğində borc İddiaçı abunə hesabından (abonent kodu **********05250) silinsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar