Məhkəmə qərarları › İş №2(056)-2606/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2606/2024

24.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2606/2024 24.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “AKT-ın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “AKT-ın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1969,92 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu Beşdəli kəndində ünvanında qeydiyyatında olsa da həmin ünvanda tək yaşayır. Qaz sayğacı onun adına qeyd edilmişdir. Sayğaca dair heç bir pozuntu hallarına yol verə bilməz. Belə ki, 16 may 2023-cü il tarixdə Cavabdeh ASC-nin Sabirabad rayon əməkdaşları onun evinə gələrək sayğacın yoxlanılmasını və sayğaca baxış keçirmişlər. Baxış zamanı sayğacdan qaz keçir, hesablama mexanizmii keçən həcimi qeyd etmir, sayğac istismara yararsızdır faktını aşkar etmişlər. Həmin gün Cavabdeh ASC-nin Sabirabad rayon əməkdaşları ona 1969.92 manat borcu olmasını demişlər. O, da Azəriqaz ASC-nin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əldə edərkən məlum olmuşdur ki, guya sayğaca baxış keçirtmişlər və baxış zamanı sayğac istismara yararsızdır. Halbuki o və ailəsi tərəfindən sayğaca bu günə kimi heç bir müdaxilə edilməmişdir. Vaxtı-vaxtında da istifadə etdiyi qaz pulunu ödəyir. Bu barədə iddia ərizəmə abonentin saldosunda əlavə etmişdir. Ona görə hesab edir ki, akt əsassızdır. Əlavə olaraq bildirmişdir ki, onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. Aktın tərtib edilməsinə nə o, nə də ailə üzvləri rəsmi və ya şifahi dəvət olunmamışlar. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayış yoxdur. Aktda əsassız qeyd olunmuş məbləğin sərfıyyatı ağlabatan deyildir. Çünki, qazən sərfıyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Himayəsində 4 az yaşlı uşağı var və 1 uşağı 1-ci qrup əlildir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdilər ki, onlar həqiqəti gizlətmirlər. Belə ki, sayğac zədələndikdən sonra İdarəyə məlumat versələr də, sayğac dəyişdirilməmiş, onların evinə qaz təminatı həyata keçirilməmiş, onlar 10 gün məcburiyyət qarşısında qanunsuz qoşulma edib qazdan istifadə etmişlər. Həmin müddətə görə də borclarını ödəməkdən imtina etmirlər. Qanunsuz qoşulmanın da səbəbi odur ki, ərizəsində də qeyd etdikləri kimi, onların 4 azyaşlı övladları vardır, həmin övladlardan da biri xəstə uşaqdır. Evin qızıdırlmasına və uşaqların yeməklərinin hazırlanmasına zərurət yarandığı üçün bu hala əl atmışlar. Bundan əlavə, onlar çox vaxt həyətlərində olan balaca əl evində yaşamışlar. 10 günlük qanunsuz qazdan istifadə edilməsinə görə bu qədər böyük məbləğdə sərfiyyat xərci hesablanması absurd haldır. Onlar heç bir ildə bu məbləğin 1/4 hissəsi məbləğində qazdan istifadə etməmişlər. Hazırda tələb edilən məbləği ödəməyə imkanları yoxdur. Özləri də işsiz insanlardır. Ona görə də onlar iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək abonent saldosuna istinadlar edib iddianın əsassız hesab edilərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən Sabirabad rayonu Beşdəli kəndi ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacına baxış zamanı abonentin sayğacdan kənar şlank vasitəsilə qeyri-qanuni qazdan istifadə etməsi müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən Sabirabad rayonu Beşdəli kəndi ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş qazın həcmi 1.2x24x360=1036 m3, 1.4x24x180=6048 m3 cəmi 16416 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 1969,92 manat borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş abonent saldosundan da görünür ki, İddiaçı **********01320 saylı abonent hesabına 2023-cü ilin sentyabr ayına 1969,92 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, İddiaçı hazırda xx.xx.2023-cü il tarixli ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda məhkəmə iclasında abonent hesabına cərimə yazılmış evdə uzun müddət ərzində yaşamadığı, sayğaca evdə yaşayan bacısıgil tərəfindən müdaxilə edilmədiyini təsdiq edə biləcək hər hansı sübuta istinad edilə bilinmədiyi, bunun əksinə, cavabdehin nümayəndəsinin abonentin saldosuna əsasən müdaxilə halının mövcudluğu barədə gətirmiş olduğu arqumentin kifayət qədər inandırıcı olması halı nəzərə alınmalı, bu səbəbdən qaz itkisinə görə yaranmış borcun iddiaçıdan tələb edilmiş olması haqlı hesab edilməlidir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, borc məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın tələblərinə tam riayət edilməmiş, borc məbləği düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-1-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İş materiallarından da göründüyü kimi, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi barədə hər hansı sübut təqdim etməmiş, qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümünü, əvvəlki dövrün orta gündəlik qaz sərfini nəzərə almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı **********01320 saylı abonent hesabına qaz itkisinə görə hesablanmış borc günün 12 saatına uyğun 3 aylıq dövr müddəti həddinə azaldılmalı, borc məbləği 336,96 manat həcmində (1.2x12x90=1296 kub metr, 1.4x12x90=1512 kub metr, 1296+1512=2808 kub metr x 0,12 manat=336,96 manat) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* nömrəli AKT əsasında İddiaçı **********01320 saylı abonent hesabına qaz itkisinə görə hesablanmış borc məbləği azaldılaraq 336,96 (üç min üç yüz otuz altı manat, doxsan altı qəpik) müəyyən edilsin və qalan məbləğ onun abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar