Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2629/2025 03.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı “Aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 392444 saylı aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1642,35 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Sabirabad rayonu, Əhmədabad kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Şirvan RTS-nin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən sayğacdan kənar xətdən istifadə etməsi müəyyən olunmuşdur. Lakin onun tərəfindən kənar xətt qoşması barədə yazılanlar absurddur. Belə ki, sayğacda nasazlıqlar olduğuna görə kənddə olan işıq nəzarətçisi gəlib baxmış və özü müvəqqəti enerji verilməsini bərpa etmişdir. Onun və ya ailəsinin tərəfindən sayğaca hər hansı müdaxilə olmasını sübut edən sənəd onlara təqdim edilməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və 1642,35 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimə edilmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. Bundan əlavə bildirir ki, iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən görünür ki, o, komada yaşayır. Özü əlildir. Qolunun biri yoxdur. İşləmək qabiliyyəti də yoxdur. O, həmin əsassız cəriməni necə ödəyə bilər? O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, orada ona məhkəməyə müraciət etməsini bildirmişlər. Əlavə olaraq bildirir ki, onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtında ödəyir. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisinin sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, cavabdeh təşkilat məhkəməyə müraciət edib ödəniş etməsini göstərmişdir. Doğrudur, onun tərəfindən həmin məbləğdə cərimədən ödəniş olunmuşdur. Lakin bu cərimənin ödənilməsi qaydası belədir ki, onun sayğacı smartdır və kartla işləyir. O, karta pul yüklədikdə hissə-hissə onun kartından pullar cəriməyə çıxılmışdır. Hazırda o, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki, İddiaçı yaşadığı ünvan **********00195 saylı kodla X1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlır Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş "X3 Qaydaları”na əsasən xx.xx.2023-cü il tarixinda iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisinden istifadə etdiyi aşkar olunmuş və buna əsasən də itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 1848,62 manat dəyərində hesabat aparılmışdır. Daha sonra abonent həmin aktın tərtibatı ilə razılaşaraq yaranmış borc məbləğindən 265,62 manat ödəniş etmişdir. Məlum edir ki, İddiaçı yaşadığı ünvanda hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən 1583 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2025-ci il tarixdə abonentin elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və R 324542 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Əhmədabad kəndində yerləşən **********00195 saylı abonent hesabına X3 qaydalarının pozulmasına görə xx.xx.2025-ci il tarixli, R 392444 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 1848,62 manat borc hesablanmışdır. “X3 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X3 Qaydalarının pozulması barədə xx.xx.2025-ci il tarixli, R 392444 saylı akta əsasən borc ödənişlər edilməsi halı da nəzərə alınmaqla bundan sonrakı dövrə qalıq borc kimi 100 manat məbləğində müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, R 392444 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1848,62 manat borc məbləği ödənişlər edilməsi halı nəzərə alınmaqla bundan sonrakı dövrə qalıq borc kimi 100 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2629/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2629/2025
03.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver