Məhkəmə qərarları › İş №2(056)-3084/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3084/2025

18.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3084/2025 18.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" İB-nin Salyan X5 İdarəsinə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" X2 X5 İdarəsinə qarşı“AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Ulacalı kəndində yerləşən abonent kodu **********05050 olan qaz sayğacına tərtib edilmiş "xxxx" ASC-nin Salyan X5 İdarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli AKT əsasında yazılmış 518.40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, o, rayonunun Ulacalı kəndində pasport qeydiyyatında olmaqla ailəsilə birlikdə yaşayır. Göstərdiyi ünvandakı evin sayğacı mərhum əri X1 adına qeyd edilmişdir. Mərhum əri X4 xx.xx.2018-ci ildə vəfat etmişdir. Belə ki, iştirakları olmadan «Azəriqaz ASC-nin əməkdaşları onlara xəbər etmədən gəlib sayğaca baxış keçirmişlər və baxış zamanı sayğacın hesablama mexanizminin plasmast qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması qeyd edilmişdir. Halbuki o və ailəsi tərəfindən sayğaca bu günə kimi heç bir müdaxilə edilməmişdir. Vaxtı-vaxtında da istifadə etdiyi qazın pulunu ödəmişlər. Buna baxmayarq əsassız olaraq abonent kodu **********05050 olan qaz sayğacına 518.40 manat cərimə yazmışlar. Bu barədə iddia ərizəsinə abonentin saldosunu da əlavə etmişdir. Ona görə hesab edir ki, akt əsassızdır. O, bu pozuntu barədə cavabdeh təşkilata müraciət etmişdir. Oradan ona bildirdilər ki, o, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməlidir. Əlavə olaraq bildirir ki, nə onun, nə də ailə üzvlərinin sayğacdan ümumiyyətlə anlayışları yoxdur, nəinki hansısa kənar müdaxilə edək. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli AKTa əsasən Sabirabad rayonu Ulacalı kəndində yerləşən evə xidmət göstərən qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin plasmast qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli AKTa əsasən Sabirabad rayonu Ulacalı kəndində yerləşən evə xidmət göstərən qaz sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş qazın həcmi 4320 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 518.40 manat borc hesablanmışdır. Beləliklə məhkəmə iclasında işin araşdırılmış həqiqi halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli AKTa əsasən Sabirabad rayonu Ulacalı kəndində yerləşən evə xidmət göstərən qaz sayğacın hesablama mexanizminin plasmast qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması qüsur kimi aşkarlanmış, bununla bağlı itirilmiş qazın həcmi 4320 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 518.40 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Az. Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, qaz sayğacında yaranmış qüsurla bağlı iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan və bununla da iddiaçının öz öhdəliklərinə görə təqsirli pozuntusu müəyyən olunmadığı halda cavabdeh təşkilat tərəfindən qaz itkisinə görə hesablanmış 518.40 manat vəsaitin iddiaçıdan tələb etməsi əsassızdır. Ona görə də iddiaçının üzərində olan həmin borc vəsaiti abonent kodu **********05050 olan abunə hesabından silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli ******* nömrəli AKTa əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) AZN məbləğində borc Sabirabad rayonu Ulacalı kəndində yerləşən evə aid abunə hesabından (abonent kodu **********05050) silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar