Məhkəmə qərarları › İş №2(056)-3226/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3226/2025

18.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3226/2025 18.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abunə haqqında məlumat vərəqəsindən görünür ki, abonent X6 aktlar əsasında 905,91 manat cərimə borcu hesablanmışdır.

2. 07 noyabr 2023-cü il tarixli, 034772 saylı aktın surətindən görünür ki, abonentin elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı alt qapaq möhürünün yerində olmadığı, sayğacın giriş çıxış xətlərinin giriş yuvalarında birləşdirilərək sxemdən kənarlaşdırıldığı aşkar olunmuşdur.

3. 23 sentyabr 2024-cü il tarixli, 358943 saylı aktın surətindən görünür ki, abonentin elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac yerində aşkarlanmamış, uzun müddətdir yaşayış yoxdur.

4. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür.

5. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-12/2-904/2025 saylı arayışdan görünür ki, iddiaçı Əliyeva X2 şəhəri, M.Məmmədov küçəsi, ev 47 ünvanında yaşayır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli, 034772 saylı akta görə hesablanmış 808 manat cərimənin və 23 sentyabr 2024-cü il tarixli, 358943 saylı akta görə hesablanmış 57 manat cərimənin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, ünvan 1 ünvanında yaşayır. İşlətdiyi işığın pulunu vaxtında ödəyirlər. Abunə kodu: **********05521-dir. Həmin abunə kodu mərhum oğlu X5 adındadır. Fərdi yaşayış evinə məxsus elektrik enerji sayğacı mərhum oğlu X5 adındadır. Sözügedən fərdi yaşayış evində uzun müddətdir ki, yaşayış yoxdur. Yəni, kiçik bizneslə əlaqədar o və oğlu uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Mərhum oğlu X1-Ukrayna müharibəsi zamanı həyatını itirmişdir. 2025-ci ilin sonunda işi ilə əlaqədar Azərbaycana gəlmişdir. Nəhayət, cavabdeh idarənin nümayəndəsi ona sərfiyyat haqqında bildiriş verərkən həmin bildirişdə 865 (səkkiz yüz altmış beş) manat pul məbləği görmüşdür. Sözügedən cərimə ilə maraqlananda ona xx.xx.2023-cü il tarixli 034772 nömrəli aktın surətini verdilər. Həmin sözügedən aktda ona 808 manat cərimə yazılmışdır. İkinci xx.xx.2024-cü il tarixli 358943 nömrəli aktın surətini verdilər. Həmin aktda 57 (əlli yeddi) manat cərimə yazılmışdır. Nəyə görə həmin sözügedən aktlarda cavabdeh nümayəndələri özləri həmin mənzildə yaşayış olmadığını yazırlar. Bu nə qanunsuzluqdur. Onlara məlum olmayan cərimənin hardan yazıldığından heç xəbəri yoxdur və hesab edir ki, cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 07,11.2023-cü il tarixli 034772 nömrəli Akt və həmin akta əsasən yazılmış 808 manat cərimənin və 358943 nömrəli akta və həmin akta əsasən 57 manat cərimənin - ümumilikdə 865 (səkkiz yez altmış beş) manat cərimənin məhkəmə qaydasında mənim abunə hesabımdan silinməlidir. a) iddiaya etiraz

8. Cavabdeh iddiaya qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları” na əsasən xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus yaşayış evin sayğac uçot dəstinə baxış keçirilərkən, sayğacın yerində olmadığı məlum olmuşdur. Buna əsasən ona “X3 Qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədilə xx.xx.2024-cü il tarixli, 358943 saylı akta əsasən 58,02 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olurnuşdur. Həmin akta əsasən evdə yaşayış olmadığı halı nəzərə alınaraq abonentə 905 manat deyil, 58,02 manat dəyərində itirilmiş elektrik enerjinin bərpası olunmuşdur. Hal-hazırda İddiaçı istifadə etdiyi elektrik enerjisinə görə ödənilməmiş 847 manat debitor borcu vardır, həmin borcun da ödənilməsi tələb olunmuş, lakin abonent bundan çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. İddiaçının 905 manat borcun silinməsi tələbi əsassızdır buna əsasən də iddianın təmin olunmamasını və sözü gedən mülki iş üzrə məhkəmə prosesi xx.xx.2025-ci il tarixinə, saat 10:15-a təyin olunmuş məhkəmə prosesində iştirak edə bilmədiklərindən həmin işə iştirakları olmadan baxıb qərar qəbul edəsini xahiş etmişdir. b) məhkəmə icraat iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

14. “X3 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı

4. Elektrik enerjisi istehlakının rejimləri və əsas şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

17. İşdən müəyyən olunur ki, həmin ünvana işıq təchizatı ilə bağlı müqavilə bağlanmış, ünvan üzrə **********00286 nömrəli abonent kodu açılmışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan üzrə borc hesablanmış, məhkəmə araşdırması ilə isə sabit olmuşdur ki, borcun hesablanmasına əsas 07 noyabr 2023-cü il tarixli, 034772 saylı və 23 sentyabr 2024-cü il tarixli, 358943 saylı aktlar olmuşdur.

18. İddiaçı hazırda cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 865 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, aktda göstərilən əməl - sayğaca müdaxilə onun tərəfindən olmamışdır.

19. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə qeyd edir ki, X3ni təmin edən elektrik qurğularına müdaxilə qadağandır. Bu cür faktlar aşkarlandıqda isə elektrik enerjisi təchizatçısının bunu rəsmiləşdirməklə müvafiq tədbirlər görməsi təbiidir. Bununla belə, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi elə mötəbər sübutlar fonunda baş verməlidir ki, qanunsuz hərəkətlərin və hesablanmış borcun əsaslılığına heç bir şübhə qalmasın.

21. Hazırkı işin halları baxımından cavabdeh tərəfindən təqdim edilmiş akt yalnız cavabdeh qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilib imzalanmışdır. Abonent və ya onun nümayəndəsi aktı imzalamamışdır. Sonradan da aktın nüsxəsi abonentə təqdim edilməmiş, nə də poçt vasitəsi ilə göndərilməmişdir. Belə olan halda, bu akt özülüyündə mötəbər sübut kimi qəbul oluna bilməz.

22. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır.

23. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. Hazırkı halda, iddiaçıya hesablanmış borcun məbləği talama əməli nəticəsində cinayət məsuliyyətinə səbəb olacaq həddə - 5000 manatdan yuxarıdır və bu halda təqsir yalnız cinayət təqibi orqanının və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə iddiaçı zərərin ödənilməsinə tabe tutula bilərdi. Belə bir qərar da cavabdeh tərəfindən təqdim edilməmişdir.

25. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X6 məxsus ünvan 1 ünvanına (abonent kodu **********05521 olmaqla) 07 noyabr 2023-cü il tarixli, 034772 saylı və 23 sentyabr 2024-cü il tarixli, 358943 saylı aktlar əsasında hesablanmış 865 manat məbləğdə borc "xxxx" ASC tərəfindən silinməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X6 məxsus ünvan 1 ünvanına (abonent kodu **********05521 olmaqla) 07 noyabr 2023-cü il tarixli, 034772 saylı və 23 sentyabr 2024-cü il tarixli, 358943 saylı aktlar əsasında hesablanmış 865 manat məbləğdə borc "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar