Məhkəmə qərarları › İş №2(056)-324/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-324/2023

04.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-324/2023 04.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 266330 saylı aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1060,96 AZN borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Lakin iyun-iyul ayları ərzində Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan zaman "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları tərəfindən ona məxsus olan sayğaca baxış keçirilərək evdə yaşayış olmadığı halda sayğacın “overzero” rejimində işləməsi müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, bu barədə akt tərtib edilmiş və o, 1060,96 manat cərimə olunmuşdur. Hesab edir ki, əsassız olaraq cərimələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib əlavə olaraq göstərdi ki, o və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı müəyyən olmuşdur ki, evdə yaşayış olmadığı halda sayğac “overzero” rejimində işləyir. Buna görə də xx.xx.2022-ci il tarixli 266330 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, İddiaçı tərəfindən X2 qaydalarının pozulmasına görə, ona elektrik enerjisi itkisinə görə 1060,96 AZN borc hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı Əliyev X3 şəhəri, M.Müşfiq küçəsi ev 21 ünvanında yaşayır. «X2 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerji təchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Mübahisələndirilən aktdan, iddiaçının izahatından və iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin enerji sərfiyyatını hesablayan elektrik sayğacına baxış hal şahidlərinin iştirakı olmadan keçirilmiş (hal şahidi kimi qeyd edilmiş şəxslər ASC-nin əməkdaşları olmuşdur) və aktın surəti iddiaçıya təqdim olunmamış, bununla da «X2 Qaydaları»nın 8.16 və 8.33-cü bəndlərinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin cavabdeh tərəf məhkəməyə gəlməmiş, hesabat uçot sayğacına müdaxilə olunması, eyni zamanda itirilmiş enrjiyə görə vəsaitin hesanlanması qaydasını təsdiq edən hər hansı bir mötəbər subutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan halları ilə sübut olunur ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin enerji sərfiyyatını hesablayan elektrik sayğacına baxış keçirilən zaman «X2 Qaydalar»ının tələbləri cavabdeh təşkilatın nümayəndələri tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödənişindən azaddırlar. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə iddiaçı X1 barəsində tərtib edilmiş Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli, 266330 saylı aktı etibarsız hesab edilməli və akt əsasında hesablanmış borc məbləği iddiaçının abunə hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli, 266330 saylı aktı etibarsız hesab edilsin və akt əsasında hesablanmış 1060,96 manat məbləğində borc ünvan 1 ünvanının sahibi İddiaçı abunə hesabından (abonent kodu **********9) silinsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar