Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-574/2025 15.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı ““xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında yazılmış cərimənin silinməsi” tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 518,40 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Sabirabad rayon X1 əməkdaşları, ünvan 1ində yerləşən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərək sayğacı yenisi ilə əvəz etmişlər. Bir müddət keçdikdən sonra onun ünvanına akt və cərimə borcu gəlmişdir.İddiaçı qazdan istifadəyə görə heç bir abonent borcu olmadığını bildirməklə qeyd etmişdir ki, qaz sayğacı onun yaşadığı evdən kənarda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə təmin edilməmişdir. X1 əməkdaşları iddiaçıya sayğacın mühafizəsinə görə cavabdeh şəxs olduğunu bildirərək, sayğaca onun tərəfindən müdaxilə edildiyi üçün xarab olduğunu bildirmişlər. İddiaçı qaz sayğacına nə onun, nə də ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, qazdan istifadə etdiyi üçün ödənişləri vaxtı-vaxtında etdiyini bildirərək, tərtib olunmuş akt əsasında ona hesablanmış cərimənin əsassız olduğunu hesab edir ona görə də, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında izahat verən İddiaçı, iddianı müdafiə edərək göstərmişdir ki, qaz sayğacına heç bir müdaxilə etməmiş, sayğac açılan zaman möhür sayğacın üzərində olmuş, sayğacın onun yaşadığı evdən kənarda olması səbəbindən onun hər hansı bir formada zədələnməsindən xəbərsiz olduğunu və cərimənin 6-7 ay sonra əsassız olaraq yazıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə, işə cavabdehin numayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli AKT-a əsasən ünvan 1i ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacına baxış zamanı sayğacın çıxış plastmas borusunun kənar fiziki təsir nəticəsində deşilməsi aşkar edilmiş və itirilmiş qazın həcmi 4320 m3 müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli AKTa əsasən ünvan 1i ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş qazın həcmi 4x12x90= 4320 m3 olmaqla cəmi 4320 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 518,40 manat borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş abonent saldosundan da görünür ki, İddiaçı **********02150 saylı abonent hesabına 2024-cü ilin dekabr ayına, sərf etdiyi qaza görə 60,44 manat borc hesablanmış və həmin borc ödənmişdir. 518,40 manat akt əsasında hesablanmış qalıq borc (cərimə) isə ödənilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Yalnız istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçının abonent hesabına cərimə yazılmış evdə sayğaca həm özü, həm də ailə üzvləri tərəfindən müdaxilə edilmədiyini, sayğac dəyişdirilən zaman möhürün (blombun) sayğacın üzərində olduğunu bildirməsi, abonentin saldosunda da əks olunduğu kimi istifadə etdiyi qaza görə hər ay müəyyən məbləğdə ödənişlər etməsi kifayət qədər inandırıcı hesab edilməli və nəzərə alınmalı, eyni zamanda cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış cərimə borcunun, məhz istehlakçının (iddiaçının) sayğaca fiziki müdaxilə etməsi nəticəsində baş verdiyi sübuta yetirilmədiyi üçün qəbul edilməməlidir.. Bununla yanaşı məhkəmə hesab edir ki, borc məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın tələblərinə tam riayət edilməmiş, borc (cərimə) məbləği əsassız hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.6-cı bəndinə əsasın qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı **********02150 saylı abonent hesabına qaz itkisinə görə hesablanmış 518,40 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* nömrəli AKT əsasında İddiaçı **********02150 saylı abonent hesabına qaz itkisinə görə hesablanmış 518,40 manat cərimə borcu silinsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-574/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-574/2025
15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver