Məhkəmə qərarları › İş №2(056)-58/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-58/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-58/2023 12.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 iyun tarixli 09/00024308 nömrəli operativ lizinq müqaviləsinə əsasən 6 000 (altı min) manat borcun və 80 (səksən) manat dövlət rüsumunun, cəmi: 6080 (altı min səksən) manat pul vəsaitinin Cavabdeh tutularaq “Aqroservis" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 09/00024308 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. “Aqroservis" Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6 000 (altı min) manat öhdəlikdən heç bir ödəniş edilməmişdir. Cavabdehin Cəmiyyətə halhazırda 6 000 (altı min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh “Aqroservis" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 məhkəmə iclası zamanı izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək, iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə Cavabdeh iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həqiqətən də iddiaçı ilə onun arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 09/00024308 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona həmin gün istifadəyə verilmiş, lakin texnika tam yararsız olduğundan 14 iyun 2019-cu il tarixində iddiaçıya təhvil verilmişdir. Bu barədə akt tərtib edilmiş, iddiaçının X2 baş mühəndisi X5, mühəndisi-mexaniki X9 və o, akta imza etmişlər. Həmin aktın surəti ona verilmiş və hazırda o, qeyd edilən sənədi məhkəməyə təqdim edir. Akt tərtib edilərkən ona texnikanı təmir etmək və ona işlək vəziyyətdə yenidən təqdim etmək mümkün olmadığı üçün müqavilə üzrə də heç bir borcunun yaranmayacağı. Aralarındakı müqavilənin artıq ləğv olunduğunu bildirmişlər. Məhkəmə bildirişini və iddia ərizəsinin surətini əldə etdikdən sonra ona məlum olmuşdur ki, iddiaçı həmin müqaviləyə istinad edib ondan pul tələb edir. Göründüyü kimi, iddia tələbi tam əsassızdır. Bundan əlavə, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün qanunla nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini də ötürmüşdür. Ona görə də o, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə də tərtib etmişdir. Hazırda həmin ərizəni də məhkəməyə təqdim edir. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 09/0024308 nömrəli lizinq müqaviləsindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynı Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 01 iyun 2019-cu il tarixli AKT 1 NoF00024308 saylı aktdan görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynı Cavabdeh işlək vəziyyətdə təhvil verilmişdir. Aktı iddiaçının X2 baş mühəndisi X5 və Cavabdeh imza etmişlər. İddia ərizəsinə əlavə edilmiş 14 avqust 2019-cu il tarixli AKT 2 No9532 saylı aktdan görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynı Cavabdeh motosaat göstəricisi 0, ramasında çat, şinləri aşılanmış vəziyyətdə bölmənin rəhbəri X4 təhvil vermişdir. Aktın “təhvil aldı” hissəsində iddiaçının X2 baş mühəndisi X5 və “təhvil verdi” hissəsində isə Cavabdeh imza etmişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 14 iyun 2019-cu il tarixli aktdan görünür ki, Sabirabad RN-nin istifadəsində olan, 02 may 2019-cu il tarixli 34 nömrəli Akt əsasında X6 təmir üçün verilmişdir. Təmir edə bilməmiş və Sabirabad RN-nin avto parkına gətirilmiş, X1 RB-dən taxıl yığan kombaynla təmin edilmişdir. 09/00024308 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə ilə 561496 şassi nömrəli Sampo SR-2045 taxıl yığan kombayn Cavabdeh təhvil verilmişdir. Cavabdeh kombaynın ramasında titrəmə olduğundan bir neçə dəfə təmir etdirmiş və sonra sınaq üçün işə buraxılmasına baxmayaraq rama deformasiyaya uğradığından nizamlanması mümkün olmamışdır. Təmirə tam yararsız olduğu aşkarlanmışdır. Taxıl yığan kombayn Sabirabad RN-nin avto parkına gətirilmişdir. Akta X2 baş mühəndisi X5, mühəndisimexaniki X9 və Cavabdeh imza etmişlər. Məhkəmə ilk öncə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığı məsələsinə toxunaraq qeyd edir ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09/0024308 nömrəli lizinq müqaviləsindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynı Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Əlavə saziş hər iki tərəfin imzası ilə təsdiq edilmiş, müqavilənin etibarlılığı məhkəmə iclasında mübahisələndirilməmiş, müqavilənin etibarsızlığına dəlalət edəcək hər hansı hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu xüsusda məhkəmə tərəflər arasında hazırki mübahisə üzrə məhkəmə araşdırmasının həyata keçirilməsini mümkün hesab edir. Məhkəmə ilk öncə cavabdehin hazırda tələbin əsasını təşkil etmiş lizinq obyektinin yararsız vəziyyətdə iddiaçıya təhvil verilməsi, bu xüsusda iddiaçı qarşısında öhdəliyinin mövcud olmaması barədə dəlili üzrə qeyd edir ki, məhkəmə iddiaçının məhkəməyə təqdim etmiş olduğu sübutlarla cavabdehin məhkəməyə təqdim etmiş olduğu aktı qarşılıqlı tədqiq edərkən müəyyən etmişdir ki, həqiqətən də 561496 şassi nömrəli Sampo SR-2045 taxıl yığan kombayn Cavabdeh müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2019-cu il tarixdə təhvil verilmiş, 14 iyun 2019-cu il tarixdə isə iddiaçının X3 tam yararsız vəziyyətdə təhvil verilmiş və texnika Nümayəndəliyin avto parkına yerləşdirilmişdir. 14 avqust tarixinə tərtib edilmiş akt isə formal xarakterli formatda tərtib edilmişdir. Belə ki, həmin akta görə cavabdeh tərəfindən texnika iddiaçıya təhvil verilərkən ramasında çat, şinlərində aşılanma aşkar edilmiş, texnika göstərilən vəziyyətdə bölmə rəhbəri Məqatil Yunusova təhvil verilmişdir. Lakin aktın sonluğunda təhvil alan şəxs kimi akta Məqatil Yunusov deyil, Mirnamiq Ağayev “təhvil aldı” hissəsinə imza etmişdir. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsindən 3 aktın müqayisəli tədqiqi ilə bağlı əgər texnika cavabdehdən xx.xx.2019-cu il tarixdə tam yararsız halda təhvil alınmışdırsa, bundan sonra hansı sənəd əsasında və yararlı vəziyyətə gətirilərək cavabdehə texnikanın yenidən təhvil verilmiş olması barədə sübut tələb edildikdə iddiaçının nümayəndəsi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göstərilən sübutun tələb edilmə səbəbi əsasını isə o təşkil etmişdir ki, əgər cavabdeh iddiaçıdan xx.xx.2019-cu il tarixdə tam yararlı texnika təhvil alıb, xx.xx.2019-cu il tarixdə tam yararsız vəziyyətdə iddiaçıya təhvil verib texnika iddiaçının avto parkına yerləşdirilmişdirsə, deməli texnika iddiaçının sahibliyinə qaytarılmışdır ki, bundan sonra hadisələrin məntiqi ardıcıllığı olaraq iddiaçının məhkəməyə təqdim etdiyi 14 avqust 2019-cu il tarixli aktın mötəbərliyi təsdiq edə biləcək texnikanın xx.xx.2019-cu il tarixindən sonra xx.xx.2019-cu il tarixinədək olan dövr aralığında cavabdehə yenidən təhvil verilməsi müvafiq sənədləşmə aparılmalı idi ki, hər hansı sənədləşmə mövcud olmadığından iddiaçının nümayəndəsi tələb edilən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının idida ərizəsinə əlavə etdiyi və sonradan yenidən bir daha məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. xx.xx.2019-cu il tarixli aktın qeyri-mötəbərliyini o hal da təsdiq edir ki, əgər texnika xx.xx.2019-cu il tarixli aktda göstərildiyi kimi cavabdehə işlək vəziyyətdə verilmişdirsə, xx.xx.2019-cu il tarixində də təhvil alınmışdırsa, o zaman texnikanın moto-saat göstəricisində cüzi olsa belə müəyyən dəyişiklik baş verilməli idi (texika idarə edilən olmuşdursa, yəni hərəkət etdirilmişdirsə moto-saat göstəricisi rəqəm artımına uyğun dəyişməli idi) ki, belə bir dəyişikliyin olması xx.xx.2019-cu il tarixli aktda öz əksini tapmamış, moto-saat göstəricisi yenidən 0 kimi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı lizinq müqaviləsinin şərtlərini pozmuş, cavabdehə aktda göstərildiyi kimi işlək vəziyyətdə texnika təhvil verməmişdir. Ona görə də iddiaçının tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. xx.xx.2019-cu il tarixli 09/00024308 nömrəli lizinq müqaviləsinin 2.1.1-ci bəndinə görə, istifadəyə verən bu müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin edir. Həmin müqavilənin 4.1-ci bəndinə görə, tərəflər bu Müqavilənin şərtlərini yerinə yetirmədikdə mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Digər tərəfdən cavabdehin iddia müdətinin ötürülmüş hesab edilməsi və müddətin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etmiş olduğu göstərilən ərizəsi üzrə də araşdırma aparılarkən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə 561496 şassi nömrəli Sampo SR-2045 taxıl yığan kombayn Cavabdeh 2 ay müddətinə lizinqə verilmiş, müqavilənin müddəti xx.xx.2019-cu il gtarixində başa çatmış, iddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixində tərtib etmiş, iddia ərizəsi xx.xx.2022-ci il tarixində poçt xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:

1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarın 4-cü bəndinə əsasən «Kredit Müqaviləsinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır». İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci - o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nın “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit Müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən bu əsasla da iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 73.69 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci madddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar