Məhkəmə qərarları › İş №2(056)-843/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-843/2023

06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-843/2023 06.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nin Salyan X9 İdarəsinə qarşı “AKT-ın etibarsız hesab edilməsi və AKT əsasında hesablanmış borcun silinməsi” barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Salyan X9 İdarəsinə qarşı“AKT-ın etibarsız hesab edilməsi və AKT əsasında hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan X9 İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı AKT-ın etibarsız hesab edilməsi və AKT əsasında itirilmiş qazın bərpası üzrə hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, ünvan 1i ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Qaz sayğacı onun adına qeyd edilmişdir. Cavabdeh ASC-nin əməkdaşları gəlib sayğaca baxış keçirmiş və baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının, hesablayıcı mexanizmin və zavod nömrəsi yazılmış lövhənin aşkar olunmaması nöqsan kimi müəyyən edilmişdir. Nə o, nə də ki, ailə üzvləri sayğaca hec bir müdaxilə etməmişlər. Onlar vaxtı-vaxtında istifadə etdikləri qazın pulunu ödəmişlər. Buna baxmayaraq onlara əsassız olaraq 1555,20 manat cərimə yazılmışdır. Odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərdi ki, qonşuluqda yaşayan uşaqlar onun və digər kənd sakinlərinin sayğaclarını sındıraraq yararsız hala salmışlar, bu barədə Sabirabad RPŞ-də araşdırma aparılmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh təşkilat Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən ünvan 1i ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının, hesablayıcı mexanizmin və zavod nömrəsi yazılmış lövhənin aşkar olunmaması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən ünvan 1i ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş qazın həcmi 12960 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 1555,20 manat borc hesablanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 və qeyriləri xx.xx.2023-cü ildə “102” Xidmət Zəng Mərkəzinə müraciət edərək və Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək, Qüdrətin azyaşlı uşaqları X2 və X4 onların qaz sayğacını sındırmasını, ziyan vurmasını bildirmiş, izahatı alınarkən Qüdrət oğlu Bəybalanın göstərilən əməli etməsini etiraf etmiş, dəymiş ziyan 5000 manatdan az olduğu üçün cinayət işinin başlanması rədd edilmiş, əməldə Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin əlamətlərinin olması müəyyən edilmiş, lakin Bəybala Vahidov inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı üçün onun barəsində tədbir görülməsi üçün qərarın surəti Sabirabad rayon İcra Hakimiyyəti Başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”ya göndərilmişdir. Beləliklə məhkəmə iclasında işin araşdırılmış həqiqi halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən ünvan 1i ünvanında yerləşən evə xidmət göstərən qaz zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının, hesablayıcı mexanizmin və zavod nömrəsi yazılmış lövhənin aşkar olunmaması qüsur kimi aşkarlanmış, bununla bağlı itirilmiş qazın həcmi 12960 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 1555,20 manat borc hesablanmışdır. Lakin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla qeyd edilən əməlin azyaşlı X6 tərəfindən törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Qaratoğay kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İstesalat Birliyi əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının, hesablayıcı mexanizmin və zavod nömrəsi yazılmış lövhənin aşkar olunmaması aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Salyan RQİİ-nə göndərilmiş, Salyan RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə 90 günə İddiaçı 12960 m3 vurulmuş ziyan hesablanmış və həmin ziyana görə Sabirabad XS-nin abonent bazasında iddiaçının adına olan abonentin saldosuna 1555,20 manat borc yazılmışdır. İddiaçı sonradan xx.xx.2023-cü il tarixli ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X11 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasəb bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X11 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X8 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, qaz sayğacının sayğacın hesablama mexanizminin plastmas qapağının, hesablayıcı mexanizmin və zavod nömrəsi yazılmış lövhənin aşkar olunmamasında iddiaçının təqsiri sübut olunmadığından, hətta bu barədə qanuni qüvvəsini almış cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mövcud olduğundan, habelə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan və bununla da iddiaçının öz öhdəliklərinə görə təqsirli pozuntusu müəyyən olunmadığı üçün cavabdeh təşkilat tərəfindən iddiaçıya qaz itkisinə görə 1555,20 manat məbləğində borc əsassız hesablanmışdır. Ona görə də qaz itkisinə görə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydada istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən hesablanmış 1555,20 manat məbləğində borc ünvan 1i ünvanında yerləşən evə aid abunə hesabından (abonent kodu **********03570) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar