Məhkəmə qərarları › İş №2(056)-884/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-884/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-884/2024 22.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “AKT-ın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “AKT-ın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilərək sayğacın kənar təsir nəticəsində istismara yararsız olması əsası ilə 90 gün müddətində itirilmiş qazın bərpası üçün hesablanmış 1558,56 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunun Minbaşı kəndində yerləşən ona məxsus fərdi yaşayış evində olan qaz sayğacınsa baxış keçirilmiş və qaz sayğacının guya kənar təsirə məruz qalması müəyyən olunmuşdur. Bu səbəbdən sayğaca sayğacların müayinə laboratoriyasında ümumi baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən istilik nəticəsində əriməsi, daxildən əzik-cızıq izlərinin olması, bu səbəbdən istismara yararsızlığı müəyyən olunmuş və bu barədə xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın kənar təsir nəticəsində istismara yararsız olduğundan 90 gün müddətində itirilmiş qazın bərpası üçün 1558,56 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, qeyd edilən akt əsassızdır. Borc barəsində ilk dəfə xx.xx.2023-cü il tarixində ona bildiriş göndərilmişdir. Lakin bu müddət ərzində o, oğlu ilə birlikdə Bakı şəhərində yaşamışdır. Həmin vaxt başqa ünvanda tikilməkdə olan evlərinin tikintisi başa çatmadığı üçün evdə anası və bacısı müvəqqəti yaşamışlar. 2024-cü ilin ilk günlərində Bakı şəhərindən qayıtdıqdan sonra problemin həlli ilə məşğul olmağa başlamışdır. Qeyd edir ki, qaz sayğacı ona məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsindən kənarda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. Bu barədə qaz istismar sahəsinin əməkdaşlarına etirazını bildirdikdə ona sayğaca cavabdehin evdə yaşayan şəxslər olduğunu və onun təqsiri ucbatından sayğacın sıradan çıxdığını bildirmişlər. Lakin qaz sayğacına onun və ailə tərəfindən heç vaxt heç bir müdaxilə olunmamış və sayğaca kimin tərəfindən müdaxilə edilməsi barədə məlumatları olmamışdır. Qaz İdarəsinin əməkdaşları sayğaca müdaxilə olunmasını yalnız sayğacla bağlı ekspert rəyinə əsasən müəyyən etmişlər. Həmin rəydə sayğacın daxilində olan mexanizmlərin zədələnməsi göstərilsə də, həmin zədənin evdə yaşayan şəxslər tərəfindən edilməsi ilə bağlı hər hansı sübut olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, hazırda da Bakı şəhərində yaşayır. Minbaşı kəndində olan evində isə bacısıgil yaşayırlar. O, evdə olmaya-olmaya gəlib bu boyda böyük məbləğdə cərimə yazıblar. Bacısı 2 ildir ki, həmin evdə yaşayır. Onlar da sayğaca müdaxilə etməmişlər. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdikləri və hazırda qeyd etdikləri iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçı həmin evdə yaşamadığı halda, bacısıgil evdə yaşadığı halda aktın əsassız tərtib edildiyinə, onlar tərəfindən sayğaca müdaxilə edilmədiyinə istinad edir. Bu zaman sual olunur ki, hansı ev qış aylarında ayda 30-40 qəpiklik qazla qızdırıla bilər? Məhkəməyə təqdim etdiyi abonent saldosuna da diqqət edildikdə bu hal müəyyən olunur. Belə ki, keçən 5 illik dövrdə iddiaçının evin quraşdırılmış qaz sayğacı qış aylarında qaz sərfiyyatının məbləğini cüzi məbləğdə qeyd etmiş, akt tərtib edildikdən sonra isə qış aylarında sərfiyyat 29-30 manat arası məbləğə kimi artmışdır. Bu halın özü də sayğaca müdaxilə olunduğunun göstəricisi kimi nəzərə alınmalıdır. Ona görə də o, iddianın əsassız hesab edilərək təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən ünvan 2i ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən istilik nəticəsində əriməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən ünvan 2i ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş qazın həcmi 6x24x90=12960 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 1555,20 manat borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş abonent saldosundan da görünür ki, İddiaçı **********00410 saylı abonent hesabına 2023-cü ilin aprel ayına 1555,20 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, İddiaçı hazırda xx.xx.2023-cü il tarixli ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda məhkəmə iclasında abonent hesabına cərimə yazılmış evdə uzun müddət ərzində yaşamadığı, sayğaca evdə yaşayan bacısıgil tərəfindən müdaxilə edilmədiyini təsdiq edə biləcək hər hansı sübuta istinad edilə bilinmədiyi, bunun əksinə, cavabdehin nümayəndəsinin abonentin saldosuna əsasən müdaxilə halının mövcudluğu barədə gətirmiş olduğu arqumentin kifayət qədər inandırıcı olması halı nəzərə alınmalı, bu səbəbdən qaz itkisinə görə yaranmış borcun iddiaçıdan tələb edilmiş olması haqlı hesab edilməlidir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, borc məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın tələblərinə tam riayət edilməmiş, borc məbləği düzgün hesablanmamışdır. Belə ki, cavabdeh borc məbləğini «Qazdan istifadə qaydaları»nın tələblərinə uyğun olaraq 90 günlük dövrə görə hesablamış olsa da günlük hesablama normasını 12 saatlıq müddət üçün deyil, 24 saatlıq müddət üçün hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-1-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı **********00410 saylı abonent hesabına qaz itkisinə görə hesablanmış borc azaldılmalı, 777,6 manat həcmində (6x12x90=6480 kub metr, 6480 kub metr x 0,12 manat=777,6 manat) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* nömrəli AKT əsasında İddiaçı **********00410 saylı abonent hesabına qaz itkisinə görə hesablanmış borc məbləği azaldılaraq 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar