Məhkəmə qərarları › İş №2(056)-922/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-922/2024

22.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-922/2024 22.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdehnə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Sabirabad rayon kənd təsərrüfatı müəssisəsi arasında xx.xx.2016-cı il tarixdə müddətsiz bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. 2016-cı ildə Sabirabad rayon Məşğulluq İdarəsinə işə düzəlmək üçün müraciət etmiş, İdarə onu hansısa şəraitdə işlə təmin etmək üçün sənədlərini qəbul etmişdir. Müəyyən vaxt keçdikdən sonra ona işinin düzəlmədiyini bildirmişlər. Hazırda sosial pensiya almaq üçün illərdir ki, yaşı keçmişdir. O, Sabirabad DSMF-nə müraciət etmiş, ona Əmas sistemində adının işçi kimi göründüyü, adı sistemdən çıxarıldıqdan sonra ona əmək pensiyasının təyin edilməsinin mümkün olduğu bildirilmişdir. Onun xx.xx.2016-cı il tarixində onunla bağlanmış müqavilədən xəbəri olmamışdır. Ona görə də onunla bağlanmış həmin müqaviləyə xitam verilməsi zəzurəti yaranmışdır. Bununla bağlı bütün orqanlara müraciət etməsinə baxmayaraq, hamısı ona məhkəmədə iddia qaldırmasını bildirmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 xx.xx.2023-cü il tarixli, 3-17-2/2-Q-54062/2023 saylı məktubundan da görünür ki, onun müraciətinə X2 baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli, 9-11 nömrəli Qərarı ilə Sabirabad rayonunda qeyri-məşğul əhalinin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların, qaçqın və məcburi köçkünlərin məşğulluğuna köməklik göstərilməsi məqsədi ilə Dövlət Məşğulluq Xidmətinin nəzdində Sabirabad rayon kənd təsərrüfatı müəssisəsi yaradılmış və müəssisəyə dövlət tərəfindən vəsait ayrılmışdır. Siz xx.xx.2016-cı il tarixdə həmin müəssisəyə baş mühasib təyin edilmisiniz. Sabirabad rayon kənd təsərrüfatı müəssisəsi tərəfindən təsisçiyə olan borc tam şəkildə ödənilmədiyi üçün Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin məhkəmə yolu ilə həll olunması məqsədəuyğun hesab olunur. Əlavə olaraq bildirir ki, onun həmin müəssisədən əmək haqqı alması barədə heç bir əmək haqqı kartı olmamışdır. Müqavilə layihəsi cavabdeh tərəfindən ona təqdim edilməmiş və müqavilə onun tərəfindən imzalanmamışdır. Buna görə də müqavilə Mülki Məcəllənin 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında etibarsızdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi ilə Dövlət Məşğulluq Xidməti nəznində Sabirabad rayon kənd təsərrüfatı müəssisəsinə baş mühasib vəzifəsinə işə götürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-2/2-Q-54062/2023 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə X2 baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli, 9-11 nömrəli Qərarı ilə Sabirabad rayonunda qeyri-məşğul əhalinin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların, qaçqın və məcburi köçkünlərin məşğulluğuna köməklik göstərilməsi məqsədi ilə Dövlət Məşğulluq Xidmətinin nəzdində Sabirabad rayon kənd təsərrüfatı müəssisəsi yaradılmış və müəssisəyə dövlət tərəfindən vəsait ayrılmışdır. O, xx.xx.2016-cı il tarixdə həmin müəssisəyə baş mühasib təyin edilmişdir. Sabirabad rayon kənd təsərrüfatı müəssisəsi tərəfindən təsisçiyə olan borc tam şəkildə ödənilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin məhkəmə yolu ilə həll olunması məqsədəuyğun hesab olunmuşdur. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2016-cı ildə Sabirabad rayon Məşğulluq İdarəsinə işə düzəlmək üçün müraciət etmiş, ondan sənədləri tələb edilmiş, lakin reallıqda işlə təmin edilməmiş, onunla hər hansı əmək müqaviləsi bağlanmamışdır. Uzun müddətdən sonra İddiaçı təqaüd almaq üçün Sabirabad DSMF-nə müraciət etmiş, ona adına aktiv əmək müqaviləsinin olması bildirilmiş, bu əsasla təqaüd təyin edilməsinin qeyrimümkünlüyü vurğulanmışdır. İddiaçı müraciətləri əsasında müəyyən olunmuşdur ki, onun adına xx.xx.2016-cı il tarixdə Dövlət Məşğulluq Xidmətinin nəzdində Sabirabad rayon kənd təsərrüfatı müəssisəsi ilə əmək müqaviləsi bağlanmış və o, müəssisəyə sənəd üzərində baş mühasib təyin edilmişdir. Cavabdeh müəssisədən sorğu əsasında xx.xx.2016-cı il tarixli müqavilənin əsasını təşkil edən sənədlər tələb edilsə də, bu günə kimi sorğuya heç bir cavab verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs hesab olunur. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən, Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən, Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Sadalanan qanunvericilik normalarının tələblərinə nəzər yetirildikdə müəyyən olunan hal ondan ibarətdir ki, əmək müqaviləsinin bağlanmış hesab edilməsi üçün işəgötürən və işçinin sərbəst iradə ifadəsi olmalı, yəni müqavilə yazılı tərtib edilməklə hər iki tərəfdən imzalanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, nüqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.” Beləliklə, yuxarıda sadalanmış qanunvericilik normaları və Kontitusiya Məhkəməsinin adları çəkilən Qərarlarında əksini tapmış hüquqi mövqelərdən belə nəticəyə gəlinir ki, İddiaçı adından onun sənədlərinin əldə edilməsi yolu ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə mübahisə edilən əqd olmaqla tərəfin iradə ifadəsinin əksini tapmadığı formada, yəni zədələnməsi ilə bağlanmış əqddir. Odur ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Sabirabad rayon kənd təsərrüfatı müəssisəsi arasında xx.xx.2016-cı il tarixdə müddətsiz bağlanmış əmək müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar