Məhkəmə qərarları › İş №2(057)-1085/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1085/2025

30.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1085/2025 30.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı) X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı xx.xx.1969-cu il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun bacısıdır. xx.xx.1969-cu il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur. X3 xx.xx.2009-cu il tarixdən şizofreniya paranoid forma diaqnozu ilə xəstədir. Əmək qabiliyyəti yoxdur. X1 şəxslərin himayəsi olmadan özünü idarə edə bilmir. Dəfələrlə müalicə olunmasına baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Bacısının kənar şəxslərin qulluğuna ehtiyacı vardır. İllərdir xəstəyə onlar baxır. O, bununla bağlı Salyan Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə müraciət etmiş, ona bildirmişdirlər ki, məhkəmədən bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirdi ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, X3 şizofreniya paranoid forma diaqnoz ilə xəstədir. İkinci dərəcəli əlildir. Xəstəliyi müddətsizdir. Əmək qabiliyyətsizdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1969-cu il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin P.H.Ş-nin xx.xx.2025-ci il tarixli 1884 saylı ekspert rəyindən görünür ki, X3 şizofreniya paranoid forma, emosional qüsur halı formasında ruhi xəstəlikdən əziyyət çəkir. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X3 2-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyinə əsasən X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Ərizə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X3 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X3 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X3 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1969-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar