Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1112/2024 25.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra - “Azəriqaz” İB) qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin yazdığı 777.60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1ində yerləşən fərdi yaşayış evinin **********00000 nömrəli abonent kodu ilə qaz sayğacı vardır. Cavabdehin işçiləri onun məlumatı olmadan borc hesablamışlar. İndi hazırda cəmi 777,60 manat ondan pul tələb olunur. Aşağıda göstərilənlərə əsasən cavabdehin nümayəndələri tərəfindən yazılmış cərimə tamamilə qanunsuzdur. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı var. Onun sayğacı olub və sayğaca heç bir müdaxilə edilməmişdir. 15 gündən bir cavabdehin nümayəndəsi gəlib sayğaca nəzarət etməli idi və qanuna əsasən bu onun vəzifəsi və borcudur. Lakin cavabdehin nümayəndəsi öz vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Yəni bu hal vətəndaşı aciz vəziyyətdə qoyaraq vəzifədən sui-istifadə edərək onun hüquqlarını pozmadır. Qeyd olunanlar cavabdehin hesabladığı 777,60 manat cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. Həmçinin bildirir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, hal şahidləri yoxdur və onun iştirakı olmamışdır. Ona görə də, “Azəriqaz” İstehsalat Birliyinin yazdığı 777,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2023-cü ilin dekabr ayının sonlarında evdə olan zaman qazın verilməsində problem olduğunu bilmişdir. Qonşulardan onlarda da qazda problem olub-olmaması barədə soruşmuş, lakin onlarda heç bir problem olmadığını bilmişlər. Daha sonra o ərazi üzrə qaz nəzarətçisinə zəng edərək bu barədə məlumat vermişdir. Nümayəndə qaz sayğacına baxış keçirərək ümumi problem olduğunu bildirmişdir. Sonra nümayəndə “Azəriqaz”ın rayon üzrə qəza xidmətinə bu barədə məlumat vermişdir. Sayğac yenisi ilə əvəz olunmuş və ona bildirilmişdir ki, sayğaca sonradan plomb vurulacaqdır. Məhkəmədən əsassız yazılmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı sayğac dəyişdirilən zaman orada iştirak etmiş, həmçinin akta imza atmışdır. İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2024-cü il tarixdə yazılı izahat təqdim edərək göstərmişdir ki, 2(057)-1112/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixində keçirilmiş hazırlıq iclasında vermiş olduğu izahatı təsdiq edir. 2023-cü ilin dekabr ayının sonlarında yaşadığı Yolüstü kəndində olan evində olarkən qaz kəsilmişdir. Buna görə o ərazi üzrə qaz nəzarətçisi Ariz İsmayılova zəng edərək məlumat vermişdir. O da gəlib qaz sayğacına baxış keçirərək sayğacın işləmədiyini demişdir. X4 rayon üzrə qəza xidmətinə bu barədə məlumat vermişdir. Onlar bildirmişlər ki, hazırda Qarabağlı kəndi ərazisindədirlər, onlarda işlək vəziyyətdə olan sayğac var və Ariz gedib onlardan götürə bilər. Onlar birlikdə sayğacı götürməyə getmişlər. Həmin gün Ariz sayğacı gətirərək quraşdırmışdır. Təxminən 2-3 gün sonra Azəriqazın işçiləri gəlib sayğaca plomb qoymuşlar. Təxminən 2-3 ay sonra ona cərimə olunması ilə bağlı Ariz məlumat vermişdir. Bundan sonra o Azəriqazın Salyan ərazisində yerləşən idarəsinə yaxınlaşaraq, cərimə olunması ilə bağlı məlumat almaq istəmişdir. Ona orada cərimənin qanuni oduğunu və bundan narazıdırsa məhkəməyə vermək hüququnun olduğunu bildirmişlər. O da, bundan sonra məhkəməyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2024-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış, sayğacın hesablama mexanizminin qapağının gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almadığı aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, “Azəriqaz” İB-nin Metrologiya İnstutunun, PHŞ “Kommunal Laboratoriyalar”nın xx.xx.2024-cü il tarixli, 0063 №-li aktına əsasən G-4 markalı, **********6 №-li sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x12x90=6480 m3). “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, 03078/76 nömrəli Aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində sayğac yeni sayğacla əvəz edilmişdir. Məhkəmə işdə olan sənədlərə obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması və sərfi qeydə almaması halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması və sərfi qeydə almaması təklikdə buna görə istehlakçıya cərimə hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də bunun hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması və sərfi qeydə almaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixli akta əsasən hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməli, “Azəriqaz” İB-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 X5 İdarəsi tərəfindən İddiaçı 29 fevral 2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. “Azəriqaz” İB-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1112/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1112/2024
25.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver