Məhkəmə qərarları › İş №2(057)-1116/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1116/2023

31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1116/2023 31.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı əsassız hesablanmış məbləğin silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində istehlakçı kimi onun hüquqlarını pozmuş "xxxx" ASC-nin əsassız olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli bildirişlə əsassız hesablanmış 1262,59 manat borcun ləğv olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, 1964-cü ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş, hal-hazırda həmin kənddə özünə məxsus fərdi yaşayış evi vardır. 1994-cü ildə kənddə elektrikləşmə həyata keçirilən zaman ona məxsus evə də elektrik xətti çəkilmişdir. Sonradan 2015-ci ildə Salyan Elektrik şəbəkəsi ilə aralarında bağlanmış müqaviləyə əsasən evinə 3 fazalı elektrik xətti çəkilmiş və sayğac qoyulmuşdur. Ötən müddət ərzində onunla "xxxx" ASC arasında heç bir problem olmamış və istifadə etdiyi enerjiyə görə pulu vaxtlı-vaxtında ödəmişdir. 2023-cü ilin yanvar ayında "xxxx" ASC-nin Salyan rayon şöbəsinin nəzarətçisi ona zəng edərək sayğacının artımla işlədiyini bildirmiş, bu barədə özü idarəyə xəbər verəcəyini demişdir. "xxxx" ASC-nin əməkdaşları onun barəsində iştirakı olmadan qüsur aktı tərtib etmişlər. Sahə rəisi sayğacların 2-3 aya dəyişiləcəyini bildirərək, ona ödənişləri əvvəlki aylara görə ödəməsini məsləhət görmüşdür. Ondan 100 manat hörmət etməsini istədikdə isə sayğacı quraşdırıb qurtardıqdan sonra pulunu ödəyəcəyini bildirmişdir. Aradan 1 həftə keçməmiş sahə rəisi yenə pul istəmiş, ona 50 manat vermişdir. 2-3 ay sonra yeni sayğac quraşdırılan zaman sahə rəisi Vüqar yenə 50 manat pul almışdır. Bir həftə sonra sayğacda sərfiyyatın qeyrireal olması barədə akt tərtib olunmuş və həmin akta əsasən ona əsassız yerə 1259 manat cərimə hesablanmışdır. Bu barədə idarəyə məlumat vermiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 10 yanvar 2023-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib olunmuş 285991 saylı aktdan görünür ki, abonentin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilmiş və sayğacda sərfiyyatın qeyri-real göstərici əks etdirməsi halı məlum olmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli 389702 saylı protokoldan görünür ki, abonentin evinə yeni sayğac quraşdırılmışdır. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildə akta əsasən 852 manat,xx.xx.2023-cü il tarixli akta əsasən 390 manat borc hesablanmışdır. Abunəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, onun 1262,59 manat borcu yaranmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh təşkilat abonentin elektrik sayğacının sərfiyyatda qeyri-real göstərici əks etdirməsini göstərmiş, lakin bu halı sübut edən hallar barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh təşkilat abonent barəsində X1 qaydalarını pozması barədə akt tərtib edərkən abonentin iştirakı təmin edilməmişdir. Cavabdeh təşkilat iddiaçının hüquq pozuntusu törətməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, baş vermiş hüquq pozuntusunun nəticəsi ilə abonentin hərəkətləri arasında səbəbli əlaqənin olub-olmaması müəyyən olunmamışdır. İddiaçı qeyd olunan pozuntunu etiraf etməmiş, cavabdeh təşkilat da həmin halın abonent tərəfindən yol verilməsini sübuta yetirməmişdir. Ona görə də məhkəmə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını daha əsaslı hesab etmişdir. Eyni zamanda məhkəmə baxışında aydın olmuşdur ki, iddiaçıya 852 manat borc məbləği xx.xx.2015-ci ildə akt əsasında yazılmışdır.Həmin vaxtdan artıq 8 ilə yaxın vaxt keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin tərəfindən abonent İddiaçı hesablanmış 1262,59 manat əsassız borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar