Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1133/2025 21.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi (oğlu) X2 iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X3 (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "xxxx" ASC) qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 370176 saylı aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış 1618 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Şikarlı kəndində qeydiyyatda olmaqla yaşayır. Evlərindəki elektrik sayğacı onun adına qeydiyyata alınmışdır. Heç vaxt elektrik enerjisindən istifadə qaydalarını pozmamışlar. 2025-ci ilin yanvar ayında evə gələn elektrik enerjisi anidən kəsilmişdir. Onlar dərhal "xxxx" ASC-yə zəng vurub məlumat vermişlər. Elə həmin gün "xxxx" ASC-nin işçiləri həyətlərinə gələrək sayğaca baxış keçirib akt tərtib etmiş və onlara sayğaca hər hansı müdaxilə edibetmədiklərini soruşmuşlar. Tərəflərindən nə sayğaca müdaxilə edilmədiyi, nə də elektrik enerjisindən istifadə qaydalarının pozulmadığı bildirilmişdir. 2025-ci ilin yanvar ayında onlara növbəti bildiriş təqdim edilərkən 1618 manat əlavə borc hesablandığı məlum olmuşdur. Borcla bağlı cavabdeh tərəfindən ona heç bir sənəd təqdim edilməmişdir. O bununla əlaqədar ərizə ilə cavabdeh təşkilata müraciət edərək məhkəməyə müraciət etməkdən ötəri cərimə hesablanmasına əsas olan sənədlərin surətlərinin ona verilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixli, 370176 saylı akt tərtib edilərkən nə onun, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akt sadəcə cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh təşkilatın aktda adları qeyd edilən əməkdaşları ümumiyyətlə onların həyətlərinə gəlməmişdir. Yuxarıda qeyd etdiyi kimi 2025-ci ilin yanvar ayında sadəcə bir nəfər adı onlara məlum olmayan şəxs həyətinə gəlmişdir. Hesab edir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 370176 saylı akt əsassızdır, həmin akt əsasında hesablanmış 1618 manat cərimə əsassız hesablanmışdır, ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış cərimə silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddianı müdafiə edir. Yaşlı atası və anası onun himayəsindədir. Sayğaca edilmiş müdaxilənin səbəbini bilmir. O, çox vaxt Bakı şəhərində yaşayır və orada fəhləlik edir. Cərimə çox hesablanmışdır. 1-ci Qarabağ müharibəsi veteranıdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. "xxxx" ASC-nin nümayəndəsi Elşad Quliyev məhkəməyə dəftərxana vasitəsi ilə müraciət edərək göstərmişdir ki, İddiaçı yaşadığı ünvan **********00297 saylı kodla X4 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”na əsasən xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuş və müvafiq videoçəkiliş aparılmışdır. Həmin çəkilişə baxış zamanı məlum olur ki, abonentə məxsus sayğacın giriş faza yuvasına əlavə naqil keçirilərək avtomat açara daxil etmiş və elektrik enerjisindən birbaşa istifadə etmişdir. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə, həmin tarixli, 324456 saylı akta əsasən 1618.46 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Məlum edir ki, İddiaçı yaşadığı ünvanda hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən 1602 manat məbləğində ödənilməmiş borcu vardır. Aparılmış videoçəkilişdən və tərtib olunmuş aktlardan da müəyyən olunur ki, abonent İddiaçı elektrik enerjisindən qeyri-qanuni istifadə etmişdir və buna əsasən də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 yanvar 2025-ci il tarixli, № 370176 saylı aktın ksero surətindən görünür ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş faza yuvasına əlavə naqil daxil etməklə sxemdən kənarlaşdırılıb birbaşa elektrik enerjisindən istifadə edilir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı 1618.48 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 09 yanvar 2025-ci il tarixli Rİ Akt № 370176 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 28.8 A x 0.22 x 0.7 x 24 saat x 120 gün = 12773 kVts qədərində sərfiyyatın israfı cavabdeh əməkdaşları tərəfindən hesablanılmışdır. 753 kVts sərfiyyatın 753 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 60.27 manat qədərində, 377 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 33.90 manat qədərində, 10898 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 1416.77 manat, 47 kVts hissəsi 0.084 manat qiyməti ilə hesablanıb 3.92 manat, 23 kVts hissəsi 0.10 manat qiyməti ilə hesablanıb 2.33 manat və 675 kVts hissəsi 0.15 manat qiyməti ilə hesablanıb 101.27 manat qədərində cərimə yazılmışdır. İş materiallarına əlavə olunan CD diskə baxış keçirilmiş, video çəkilişə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşı tərəfindən Salyan rayonu, Yenidənd kəndində abonent İddiaçı məxsus yaşayış evində videoçəkiliş aparılmış, sayğacdan yük keçmədiyi, sayğacın giriş faza yuvasına əlavə naqil keçirilərək avtomat açara daxil edərək, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh təşkilat tərəfindən iş materiallarına əlavə edilmiş “Disk”dəki videoçəkilişə əsasən İddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X6 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Həmin Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi məişət abonenti olan İddiaçı adına qeydə alınmış sayğaca cavabdehin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd edilən pozuntuya görə 24 saat olmaqla 120 gün müddətindən ziyan hesablanmış və 1618 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən 60 günlük müddət üçün hesablanması daha ağlabatan və inandırıcı olardı. Belə ki, İddiaçı da həmin halı öz izahatı ilə qismən təsdiq edir. Cavabdeh isə bu halın əksini müəyyən edəcək sübut təqdim edə bilməmişdir. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən günün 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, İddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq enerjidən istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 60 günlük müddət və günün 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyəri 618 manat müəyyən edilməli, Cavabdeh tərəfindən artıq hesablanmış 1000 manat borc məbləği iddiaçının abonent hesabından silinməlidir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, ödənilməmiş 36.18 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməli, dövlət rüsumunun ödənilməmiş 6.18 manat hissəsi dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Salyan rayonu, Şəkərli kəndində yerləşən İddiaçı məxsus evə (abonent kodu **********00297) hesablanmış 1618 (bir min altı yüz on səkkiz) manat borcdan 1000 (bir min ) manat silinsin. Ödənilməmiş 36.18 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumunun ödənilməmiş 6.18 manat hissəsi dövlət büdcəsinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1133/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1133/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver