Məhkəmə qərarları › İş №2(057)-1158/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1158/2025

03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1158/2025 03.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Salyan X10 İdarəsinə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi ” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Salyan X10 İdarəsinə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan X8 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq onun adına tərtib edilmiş 22 fevral 2018-ci il tarixli ******* saylı aktının ləğv edilməsi, akt əsasında hesablanmış 7200,00 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Budaq Həsənov 2010-ci ildə vəfat etmişdir. 2018-ci ilin fevral ayında yaşadıqları evə qaz idarəsi tərəfindən 7200 manatlıq cərimə yazılmışdır. Həmin dövürlərdə evdə bir anası yaşamışdır. Anasının 2018-ci ildə 70 yaşı olmuşdur. Özü Bakı şəhərində fəhləçilik etmişdir. Həftədə bir dəfə anasına baş çəkməyə gəlmişdir. 20 Fevral 2018-ci ildə qaz sayğacından qaz sızdığı üçün anası kəntdə işləyən qaz idarəsinin işçisinə məlumat vermişdir. Qaz idarəsinin işçisi tərəfindən sızmanın qarşısı alınması üçün qaz sayğacını xətdən ayıraraq bir başa birləşdirilmişdir. Səhəri gün qaynaqla gəlib düzəldəcəyini bildirmişdir. xx.xx.2018-cı ildə, yəni iki gün sonra qaz idarəsi qaz xəttini bərpa etmiş və sonradan evə 7200 manat cərimə yazılması barədə məlumatı olmuşdur. İllərdir ki qaz idarəsi demək olar ki, hər gün sayğaclara və xətlərə baxış keçirir. Amma iki dəfə rəsmən baxış keçirərək bildiriş vermişdir. Əgər hər hansı problem olsaydı həmin gün aşkar olunardı. Bir evdə 7200 manatlıq qaz istifadə olunması tam qərəzli və yaxud da mexaniki səhf nəticəsində yazılmış aktdır. Saldodan görünür ki, mənzilində hər ay işlədilən qazın həcmi fəsilə uyğun olaraq eyni vəziyyətdədir. İllər üzrə evdə, 2016-ci il ərzində 832 manat, 2017-ci ildə 783 manat, 2018-ci ildə 833 manat olmuş sonradan smart tipli qaz sayğacı quraşdırılmış və əvəllki illərə nisbətən smart tipli qaz sayğacı ilə dahada az qaz işlədilmişdir. 2019-cu ildə 901 manat, 2020-ci ildə 400 manat, 2022-ci ildə 575 manat, 2024-ci ildə 500 manatlıq qazdan istifadə olunmuşdur. Ən böyük istixanalara bir il əlavə xətdən istifadəyə görə bu qədər cərimə yazmayıblar. Biz heç vaxt istixanadan istifadə etməmişdir. Evinə iki gün qaz idarəsi tərəfindən sayğacsız verilən təbii qaza görə 10-12 illik cərimə yazıblar. Bu tam qanunsuzdur. Saldoda hər ay sayğacla qazdan istifadə olunduğu qeyd olunmuşdur. Qış aylarında hər ay 100-120-150 manatlıq, sonrakı aylardada müəyyən miqdarda fəsilə uğun qazdan istifadə olunmuşdur. Tək bir adamın bir balaca evdə qazdan oğurluq olunduğu halda bu miqdarda qazdan istifadə olunması mümkün deyil. Akt tam əsassızdır. Sayğac kartla olduğu üçün hər dəfə ödənilən məbləğdən 50 faiz tutulduğunu anası və özü bilməmişdir. Mənzilə 7200 manat cərimə yazılmağını və illərdiki ödədiyi puldan tutulmanı bildikdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, ididanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin xx.xx.2025ci il tarixdə keçirilmiş iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 bildirmişdir ki, cavabdehin mənzilində əvvəl mexaniki sayğac quraşdırılmış, daha sonra həmin sayğac yenisi ilə dəyişdirilərək smart tipli sayğacla əvəz olunmuşdur. Cavabdeh tərəfindən ödənişlərin olunduğunu qeyd edərək iddianın qismən təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən təsdiq edilmiş 22 fevral 2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş təbii qazın dəyərinin hesablanması barədə 28 fevral 2018-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qaz xətti aşkar olunmuş, qaz sayğacının orta günlük iş rejimi 20 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (2x15x20x60=36000 m3) Abonent nömrəsi **********00000 olan X4 adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 7200,00 manat borcu vardır. Doğum haqqında şəahdətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuşdur. X1r. AZ 414132 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 37 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilənin edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Həmçinin cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Salyan rayonu, Qarabağlı kəndində yerləşən X6 məxsus evə (abonent kodu **********00000) hesablanmış 6200,0 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar