Məhkəmə qərarları › İş №2(057)-1161/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1161/2023

11.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1161/2023 11.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində "xxxx" ASC-nin 02 mart 2023-cü il tarixli 031901 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 1043 manat borcun silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Həmin mənzili alqı-satqı yolu ilə Əzizova Seyidxanım adlı şəxsdən almışdır. Ev faktiki öz adınadır. Evi 2010-cu ildə almış və orada yaşayış olmamışdır. Sonradan keçən ilin mart ayında evi təmir etdirmişdir. Evi alan zaman sayğacda olan 0 fazanın yerinin dəyişib dəyişilməməsini bilməmişdir. Mənzil onun adına olsa belə, evə gələn bildirişlər isə evin əvvəlki sahibinin adında qalmışdır. 02 mart 2023-cü il tarixdə ona məxsus 21171832 nömrəli sayğac yoxlanılmış və elektrik sayğacına kənar xətt daxil olduğunu əsas gətirərək, barəsində 031901 nömrəli akt tərtib olunmuşdur. Sayğaca heç bir müdaxilə etməmiş, ona əsasız yerə 1043 manat borc hesablanmışdır. Hesablanmış borc məbləğindən 150 manat ödəniş etmiş, 150 manat da ödəyəcəyini qeyd edərək iddianın qeyd qaydada təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilata lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 02 mart 2023-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib olunmuş 031901 saylı aktdan görünür ki, abonentin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilmiş və elektrik sayğacının giriş xəttinin dayaqdan yerini dəyişməklə kənar mənbədən 0 xətt götürərək elektrik sayğacının sxemdən kənarlaşdırılması halı məlum olmuşdur. Məhkəmədə elan olunmuş ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixlərdə "xxxx" ASC-nin X3 qrupunun əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində “0” (sıfır) xəttinin yerini faza xətti ilə dəyişərək X1 edildiyi aşkar olunmuş,bu zaman eneriji təchizatı nümayəndələri tərəfindən müvafiq videoçəkiliş aparılmış və həmin çəkiliş zamanı elektrik sayğacının keçən enerjini qeyd etmədiyi, “0” (sıfır) xəttinin yerinin faza xətti ilə dəyişdirilməsi faktı öz təstiqini tapmışdır.Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 998,18 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Lakin, iddiaçı iddia ərizəsində səhv olaraq akt üzrə məbləği 1043 manat göstərmişlər. Bundan əlavə o, EEİQ-nın 8.33-cü bəndini rəhbər tutaraq hal şahidlərinin iştirak etmədiyini bildirmişdir. İddia ərizəsində hər iki hal üzrə yanılmışdır. Belə ki, akt üzrə hesablanmış məbləğ 1043 manat deyil, 998,18 manatdır. Bundan əlavə də AR Nazirlər Kabinetinin “X1 Qaydaları”-na olunmuş 155 saylı dəyişiklik qərarına əsasən abonent barədə itirilmiş elektrik enerjisinin bərpası aktı tərtib olunarkən hal şahidinin dəvət olunmasına dair tələblər qaydalardan çıxarılmışdır. Odur ki, İddiaçı "xxxx" ASC-yə qarşı “EEİQ”-nın pozulması barədə tərtib olunmuş aktın ləğv olunması və 1043 manat məbləğin silinməsi barədə olan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə baxış keçirilmiş bir ədəd videodiskdən görünür ki, iddiaçının istifadə etdiyi sayğaca baxış keçirilmiş və yoxlayıcı tərəfindən sayğaca gələn sıfır fazanın yerinin dəyişdirilməsi qeyd olunur. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki,iddiaçıya faktiki olaraq 998,18 manat borc hesablanmış, lakin iddiaçı ərizəsində 1043 manat qeyd etmişdir.İddiaçı həmin məbləğdən 150 manat ödəniş etmiş, 150 manat da ödəyəcəyinə söz vermişdir. Ona görə də iddia həmin hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır.İddiaçı aktın ləğv olunmasını qeyd etmiş olsa belə həmin aktın ləğv olunmasına heç bir zərərət olmadığından iddia həmin hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən abonent Seyidxanım Əzizovaya hesablanmış borcdan 698,18 manat silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar