Məhkəmə qərarları › İş №2(057)-1163/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1163/2023

11.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1163/2023 11.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh "xxxx" ASC-nin 25 yanvar 2023-cü il tarixli 050981 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 309,87 manat borcun silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. 25 yanvar 2023-cü il tarixdə ona məxsus ******* nömrəli sayğac yoxlanılmış, elektrik sayğacının giriş və çıxış yuvalarının əriyərək yararsız vəziyyətə düşməsi barədə 050981 nömrəli akt tərtib olunmuşdur. Sayğaca heç bir müdaxilə etməmiş, ona əsassız yerə 309,87 manat cərimə yazılmışdır. Akt yazılmamışdan əvvəl işığa görə heç bir borcu olmamışdır. Lakin cavabdehin əməkdaşları qanunsuz akt tərtib etmişlər. Salyan şəhəri, H.Əliyev küçəsində yerləşən ərzaq mağazası Mehman Axundovun adına olmuşdur. Həmin mağazada 2018-2019-cu illərdə satıcı kimi işləmiş, onunla müqavilə bağlanmış və elektrik sayğacına abonent kimi qeyd olunmuşdur. 2021-ci il tarixdən orada işləmir. Akt 2023-cü ilin aprel ayında tərtib olunmuşdur. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilata lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 25 yanvar 2023-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib olunmuş 050981 saylı aktdan görünür ki, abonentin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilmiş və sayğacın giriş və çıxış yuvalarının əriyərək yararsız vəziyyətə düşməsi halı məlum olmuşdur. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən 309,87 manat borc hesablanmışdır. Abunəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, onun 309,78 manat borcu yaranmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh təşkilat abonentin elektrik sayğacının giriş və çıxış yuvalarının əriyərək yararsız vəziyyətə düşməsini göstərmiş, lakin bu halın baş verməsində iddiaçının təqsirinin olması müəyyən olunmamışdır. Cavabdeh təşkilat abonent barəsində X1 qaydalarını pozması barədə akt tərtib edərkən abonentin iştirakı təmin edilməmişdir. Cavabdeh təşkilat iddiaçının hüquq pozuntusu törətməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, baş vermiş hüquq pozuntusunun nəticəsi ilə abonentin hərəkətləri arasında səbəbli əlaqənin olub-olmaması müəyyən olunmamışdır. İddiaçı qeyd olunan pozuntunu etiraf etməmiş, cavabdeh təşkilat da həmin halın abonent tərəfindən yol verilməsini sübuta yetirməmişdir. Ona görə də məhkəmə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını daha əsaslı hesab etmişdir. İddiaçının tələb etdiyi aktın ləğv olunmasına heç bir zərurət olmadığından iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən abonent İddiaçı əsassız yazılmış 309,87 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar