Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1166/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Biriyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin **********00000 nömrəli abonent kodu ilə qaz sayğacı vardır. Cavabdehin işçiləri onun məlumatı olmadan sayğaca müdaxilə etdiyi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qabının üzərində izlər olduğunu və nəticədə qapaq üst hissədən deşilməsini əsas gətirərək borc hesablamışlar və ondan 1555,20 manat pul tələb olunmuşdur. Cavabdehin nümayəndələri tərəfindən yazılmış “ Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və həmin akta görə hesablanmış cərimə tamamilə qanunsuzdur, cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı vardır, onun sayğacı olub və sayğaca heç bir müdaxilə edilməyib, 15 gündən bir cavabdehin nümayəndəsi gəlib sayğaca nəzarət etməli idi və qanuna əsasən bu onun vəzifəsi və borcudur, lakin cavabdehin nümayəndəsi öz vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, yaşlı qadındı, hərəkət etməkdə çətinlik çəkir. İstifadə etdiyi qaza görə ödənişləri vaxtıvaxtında etmişdir. Ona məlum olmayan səbəblərdən akt tərtib olunmuşdur. Akta görə sayğacın hesablama mexanizminin qoruyucu plastmas qabının üzərində izlər olmuş, güya ki, sayğac üst hissədən deşilmişdir. Heç bir halda sayğacın üst hissədən deşilməsi onlar tərəfindən edilə bilməz. Onun heç bir günahı yoxdur. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, aktın yazılmasına səbəb olan halın labaratoriya tərəfindən də müəyyən edildiyini göstərərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə qoşma kimi əlavə olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 08 mart 2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, Salyan rayonu, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğac tutularaq qazı keçirməsi səbəbindən yeni qaz sayğacı quraşdırılmışdır. İddia ərizəsinə qoşma kimi əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində quraşdırılmış qaz sayğacı yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qabının üzərində izlər olduğunu və nəticədə qapaq üst hissədən deşilməsi və qaz itkisinin, müdaxilə olunmasını əsas gətirərək, dəymiş ziyan hesablanılmaqla sayğacın dəyəri ödənilməsi tələb olunmuşdur. İddia ərizəsinə qoşma kimi əlavə edilmiş 28 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İstehsalat Biriyinin MD-nin sayğaclarını müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 09 fevral 2023-cü il tarixli, MSK 29/1710-04694-1 №-li aktına əsasən G-4 markalı, **********3 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qabının üzərində şlak izlər olduğunu və nəticədə qapaq üst hissədən deşilib, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür və sayğacın istismara yararsız olması aşkar edilmiş nöqsan kimi qeyd edilmiş. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x24x90=12960 m3). İddia ərizəsinə qoşma kimi əlavə edilmiş abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 08 iyun 2023-cü il tarixinə aktlar üzrə hesablanılmış borcu 1555,20 manatdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən 08 mart 2022-ci il tarixdə İddiaçı evində quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilərək akt tərtib edilmiş, yeni sayğac quraşdırılmışdır. Bundan sonra, cavabdeh orqan tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, 12960 m3 dəymiş ziyan hesablanmışdır. Bu hal mübahisəsizdir. Belə ki, bu qeyd edilənlər iş materiallarında olan abonentin saldosu, “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt, dəymiş ziyanın bərpasından dair tələbnamə əsasında tam sübut edilir. Hazırda İddiaçı sayğaca onun hər hansı təqsirli hərəkəti nəticəsində ziyan vurulmadığını, həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə 1555,20 manat məbləğində borc tələb edildiyini bildirərək bu borcun silinməsini tələb edir. Həmçinin müəyyən olunmuşdur ki, sayğac paylayıcı tərəfindən quraşdırılmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qabının üzərində izlər olması və nəticədə qapaq üst hissədən deşilməsi və qaz itkisi olması əsas gətirərək istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda 28 fevral 2023-cü il tarixli, ******* nömrəli akta əsasən dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın hesablama mexanizmi keçən qazı qeyd etməməsini müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən İddiaçı 28 fevral 2023-cü il tarixli, № ******* saylı akta əsasən hesablanmış 1555,20 manat borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1166/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1166/2023
20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver