Məhkəmə qərarları › İş №2(057)-1173/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1173/2024

06.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1173/2024 06.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yarıyeva Kəmalə Elxan qızının katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli, ******* saylı aktın ləğv olunması və həmin akt əsasında ona əsassız yerə hesablanmış 777.60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı ünvan 1ində yerləşən ev onun mərhum atası X2 məxsus olmaqla onun mülkiyyətindədir. Atası yaşadığı müddətdə və vəfatından sonra ailə üzvləri həmin evdə yaşamışlar. Lakin həmin ev atasının adına rəsmiləşdirilməmişdir. Qaz xətti çəkilən zaman ailənin başçısı atası olduğundan qaz xətti onun adına rəsmiləşdirilmişdir. Atası 2021-ci ildə ölmüşdür. Daha sonra kənddə qazlaşma həyata keçirilərək sayğac qoyulan zaman atasının vəfat etməsinə baxmayaraq qazın sayğacı onun adına rəsmiləşdirilmiş və istehlakçı kimi göstərilmişdir. Atasının vəfatından sonra o ailə üzvləri ilə həmin evdə yaşadığından qazın istifadəsinə dair bütün ödənişləri övlad kimi həyata keçirmişdir. Ötən müddət ərzində o hər ayda istifadə etdiyi qaza görə rüsumları vaxtında ödəmiş və heç bir problem olmamışdır. 2024cü ilin əvvəllərində kəndin demək olar ki, bütün qaz sayğaclarını yenisi ilə əvəz edirdilər. O cümlədən onlarında qaz sayğacları “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir. Qaz sayğacı çıxarılıb aparılan zaman onun qaz sərfiyyatına görə heç bir borcu olmamışdır. Daha sonra 2024-cü ilin fevral ayında evinə bildiriş xəbərdarlıq daxil olmuş və həmin bildirişə baxan zaman görmüşdür ki, onun Qaz İstismar idarəsinə 777.60 manat borcu qalmışdır. O daha sonra Qaz İstismar idarəsinə getmiş orada ona bildirmişlər ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən aralandığından onu cərimə etmişlər. O, onlara heç vaxt qaz sayğacına müdaxilə etmədiyini və həmin müdaxilə olubsa xəbəri olmadığını bildirmişdir. Qaz İstismar İdarəsində olan zaman aidiyyatı əməkdaşlar ona 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt təqdim etmişlər. Sayğaca müdaxilə olunmasından heç bir xəbəri yoxdur. O sayğacın hesablama mexanizminin nə olduğunu bilmir. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bundan əlavə həmin sayğac ona məxsus evin sərhədlərindən kənarda yerləşir, bütün günü həmin sayğaca nəzarət etmək və onu toxunulmaz saxlamaq mümkün deyildir. Bu halda əgər sayğaca hər hansı müdaxilə olunmuş olsa belə, bunun onun təqsirindən olması müəyyən deyildir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, yaşadığı ünvana quraşdırılmış qaz sayğacı işləmədiyi üçün cavabdeh təşkilatın əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir. Qaz sayğacı çıxarılan zaman onun qaz sərfiyyatına görə heç bir borcu olmamışdır. Qaz idarəsindən evinə göndərilmiş bildirişə baxan zaman görmüşdür ki, onun idarəyə 777.60 manat borcu vardır. Qaz xətti çəkilən zaman atasının adına rəsmiləşdirilmişdir. Atası 2021-ci ildə vəfat etmişdir. O sayğaca heç bir müdaxilə etmədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar”nın xx.xx.2024-cü il tarixli 0063 №-li aktına əsasən G-4 markalı, **********4 №-li sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması faktı aşkar olunmuşdur. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır.Sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x12x90=6480 m3). “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X2 məxsus yaşayış evində xx.xx.2024-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması halı aşkar olunmuşdur. Abonent nömrəsi **********00990 olan Əlibala Babayevin adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 15 manat borcu vardır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli, 03080 nömrəli aktın surətindən görünür ki, X2 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində sayğac yeni sayğacla əvəz edilmişdir. Sayğac növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Doğum Haqqında şəhadətnamənin ksero surətindən görünür ki, İddiaçı xx.xx.1969cü ildə anadan olmuş, atası X3, anası isə X4r. X5 ksero surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 05 ayının 17 günündə 226 nömrə ilə qeyd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ünvan 1ində quraşdırılmış sayğac, abonent X1 adınadır. O, 10 may 2021-ci ildə vəfat etmişdir. X3 İddiaçı atasıdır. X2 məxsus sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Məhkəmə həmçinin qeyd edir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X6 X9 İdarəsi tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777.60 manat borc **********00990 nömrəli abonent hesabdan silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar