Məhkəmə qərarları › İş №2(057)-120/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-120/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-120/2024 11.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Salyan X9 İdarəsinə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi və sayğac paylayıcının hesabına quraşdırılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Salyan X9 İdarəsinə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi və sayğac paylayıcının hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Salyan X8 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq İddiaçı adına tərtib edilmiş 21 yanvar 2023-cü il tarixli ******* saylı aktının ləğv edilməsi, akt əsasında hesablanmış 1036.80 manat cərimənin silinməsi və sayğacın paylayıcı hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Salyan qaz idarəsinin əməkdaşları onun sayğacını dəyişərək yeni sayğac quraşdırmışlar. Sayğac 6-7 ildir ki küçədə evdən kənarda qutusuz halda quraşdırılmışdır. Daima qazdan qənaətlə istifadə etmiş və hər ay işlətdikləri qaz pulunu ödəmişlər. Hər ay qaz idarəsi tərəfindən sayğaca baxış keçirilərək bildiriş verilmişdir. Heç vaxt qaz idarəsi tərfindən sayğacda hər hansı bir şübhəli halın olması barədə onlara irad tutulmamışdır. Umumiyyətlə onlar sayğaca baxmamışlar. İdarənin verdikləri bildiriş üzrə ödənişləri etmişlər. X3 ikinci Qarabağ Qazisidir,3-cü dərəcəli əlildir. 2020-2021-2022 ci ilər demək olar onun aldığı qəlpə yaraları ilə əlaqədar xəstəxanalarda olmuşlar. Hal -hazırdada ayağında mil var, sərbəst gəzə bilmir. 2022-ci ilin dekabr ayında sayğaclarını istismar müddəti başa çatdığı üçün dəyişdiklərini bildirmişlər və ona imzalatdırmışlar. Həmən ay başa çatmamış 40 manatlıq qazdan istifadə etmələri barədə bildiriş verilmişdir. Aktda sayğacın deşik olmasını onun imzasından sonra yazmışlar. Mənzilinə smart tipli qaz sayğacı quraşdırılmış və vurduqları pulun çox hissəsi tutulur. Sayğac küçədə quraşdırılıb onun üzərində plomb var və onun tərəfindən sayğaca heçcür müdaxilə edilə bilməz. Özlərinin tərtib etdikləri aktda sayğacın üzərindəki plombun nömrəsini qeyd etmişdirlər. Üzərində özləri tərəfindən vurulan plomb olduğu halda sayğacı açıb için deşib yenidən bağlamaq qeyri mümkündür. Elə olsaydı aktda plombun sayğacın üzərində olmadığı və yaxud qırıq olduğu yazılardı. Sayğacın laboratoriyaya nə vaxt getməsi haqqında qəti məlumatları olmamışdır. Akt tam qanunsuzdur. Heç bir əsas olmadan 1036.80 manat cərimə yazılmışdır. Hər ay sayğaca baxış keçrilmişdir. Saldodan görünür ki, sayğac hər ay işləyib və mövsümə uyğun işlədilən qazın həcmin hesablayıb və bu barədə özləri hər ay bildiriş vermişlər. Cərimə aktı onun iştirakı və xəbəri olmadan tərtib edilmişdir. Akt tam əsassızdır. Ona görə də, Cavabdeh Salyan X8 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq İddiaçı adına tərtib edilmiş 21 yanvar 2023-ci il tarixli ******* saylı aktının ləğv edilməsi, akt əsasında hesablanmış 1036.80 manat cərimənin silinməsi və sayğacın paylayıcı hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onu çağırıb sayğacının dəyişdirildiyini bildirmiş və ona imzalatdırmışlar. Aylıq 40-60 manat və bəzən daha çox ödəniş edir. Ödənişləri həmin aya olan sərfiyyatlarından aslı olaraq dəyişir. Cərimə aktı onun iştirakı və xəbəri olmadan tərtib edilmişdir. Hal-hazırda smart kartla olan sayğac quraşdırılmışdır. Borcun əsassız hesablanmasını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianın əsassız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, № ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış, sayğacın çıxış plastmas borusunun deşilməsi halı aşkar olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, İddiaçı yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşilməsi halı aşkarlanmışdır. Qaz sayğacı yenisi ilə əvəz edilmişdir. xx.xx.2023-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-ci il tarixli, MSK-14-2- 2/3-5-363-1 №-li rəyinə əsasən G-4 markalı 12527477 nömrəli sayğaca baxış keçirilmiş. Sayğacın çıxış plastmas borusu deşilmişdir. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4x24x90=8640 m3) Abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 1036.80 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın çıxış plastmas borusunun deşilməsi halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilənin edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının çıxış plastmas borusunun deşilməsi təkcə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Həmçinin cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğacın çıxış plastmas borusunda deşilmə olması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. İddianın iddiaçının ünvanına Cavabdeh İB-nin vəsaiti hesabına qaz sayğacı quraşdırılması barədə hissəsinə gəldikdə isə məhkəmə belə hesab edir ki, iddiaçının ünvanına artıq yeni qaz sayğacı quraşdırıldığından iddia bu hissəsdə təmin edilməməlidir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə, iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Salyan X9 İdarəsi tərəfindən İddiaçı 21 yanvar 2023-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1036,80 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar