Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1209/2023 10.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı Salyan Rayon Bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Salyan Rayon Bələdiyyəsinin Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon Bələdiyyəsinin sədr müavini, sədr səlahiyyətlərini müvəqqəti icra edən X12 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən ona məxsus evin qarşısından keçən səkinin zəbt olunaraq üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayan X1 rayon İddiaçın müraciət edərək, qonşusu Esmira tərəfindən qanunsuz tikili aparılaraq səkini zəbt etdiyini, bununda nəticəsində ailə üzvlərinin və digər sakinlərin səkidən istifadə edilməsinə maneə yarandığını və az yaşlı məktəbli uşaqları səki ilə yox maşın yolundan təhlükəli vəziyyətdə istifadə etməyə məcbur olduqlarını bildirərək qanunsuz tikilinin sökülməsini və səkinin əhali üçün rahat istifadə olunmasının təminin xahiş etmişdir. Müraciət əsasında Salyan rayon Bələdiyyəsi tərəfindən qeyd olunan əraziyə, S.Vurğun küçəsində yerləşə Cavabdeh yaşadığı evin qarşısından keçən səkiyə baxış keçirilmiş və həqiqətən də, səki üzərində qanunsuz tikili inşa edildiyi aşkar olunmuşdur. Qeyd olunanlarla bağlı Salyan rayon Bələdiyyəsi tərəfindən akt tərtib edilmiş, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Səki üzərində qanunsuz tikilinin inşa edilməsi vətəndaşların səkidən istifadə etmələrinə maneəçilik yaradır və bu səbəbdən vətəndaşlar və uşaqlar əsas avtomobil yolundan istifadə etməyə məcbur qalırlar. Bu da hər an insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Bu səbəbdən İddiaçı tərəfindən qanunsuz tikilinin qanunamüvafiq qaydada sökülməsi məqsədi ilə Salyan Rayon Məhkəməsinə müraciət olunması qərarına gəlinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, zəbt olunan sahə bələdiyyənin mülkiyyətidir, lakin bələdiyyəyə məxsus olmasına dair heç bir sənədi yoxdur, cavabdehin qonşusu dəfələrlə Salyan RİHB-nə şikayət etmişdir, bu əsasla da, iddia qaldırılmışdır, cavabdeh qapının ağzında ağac əkmiş və digər tikililərlə maneələr yaratmışdı. Bir müddət əvvəl Bələdiyyə oxşar məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunsa da, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə Salyan Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Hazırda yol verilmiş nöqsanlar aradan qaldırıldığı üçün iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri gözdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan, foto şəkillərdən və s. sənədlərdən göründüyü kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsini icazəsiz zəbt etmiş, iddianın əsaslandırılması hissəsində qeyd edildiyi kimi, vətəndaşların səkidən istifadəsinə maneə yaratmışdır. Hal belə olduğu üçün həmin maneələr aradan qaldırılmalı, səki bərpa olunmalı və vətəndaşların gediş-gəlişi üçün şərait yaradılmalıdır. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli aktdan görünür ki, bələdiyyənin sədr müavini X12, bələdiyyənin mühəndisi Nümayəndə, bələdiyyənin müfəttişi X8 aktı ondan ötəri tərtib etmişdirlər ki, ünvan 4 ünvanında yaşayan X5 qonşusu Cavabdeh həyat yoldaşı X10 tərəfindən qanunsuz tikili apararaq səkini zəbt etməsi ilə bağlı İddiaçınə etdiyi müraciətin araşdırılması üçün tərəflərindən əraziyə yerində baxış keçirilmiş, baxış zamanı həqiqətən də, S.Vurğun küçəsi 98 ünvanında E.Ələkbərov tərəfindən yaşadığı evin küçə hissəsində, səki üzərində heç bir hüquqi sənəd əldə etmədən qanunsuz tikililərin inşa edildiyi müəyyən olunmuş, odur ki komissiya üzvləri qeyd olunan qanunsuz tikilinin sökülməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan İddiaçı 13 saylı protokolundan çıxarışda görünür ki, gündəlikdə duran məsələ kimi Salyan şəhəri, S.Vurğun küçəsi ev 98-də yaşayan Cavabdeh ona məxsus evin qarşısından keçən səkinin zəbt olunaraq üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi üçün Salyan Rayon Məhkəməsinə müraciət olunması müzakirə olunmuş, Salyan şəhəri, S.Vurğun küçəsi ev 98-də yaşayan Cavabdeh ona məxsus evin qarşısından keçən səkinin zəbt olunaraq üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi məsələsi baxılması üçün Salyan Rayon Məhkəməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, həqiqətən də səkinin yerləşməli olduğu hissə, yəni darvaza və çəpərin önündə qanunsuz tikili və s. əşyalar yerləşdirilmiş və səki qeyd edilən maneələrlə zəbt edilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin başçısı aparatının 08 sentyabr 2022-ci il tarixli, № 719 saylı Salyan şəhəri, S.Vurğun küçəsi ev 100 ünvanında yaşayan X3 ünvanlanmış məktubdan görünür ki, həmin küçədə olan piyadaların hərəkəti üçün nəzərdə tutulan səki üzərində maneələrin aradan qaldırılması üçün etdiyi müraciət Salyan RİHB aparatı tərəfindən araşdırılmış, həmin ünvanda yerləşən piyadalar üçün nəzərdə tutulmuş səki Salyan şəhər bələdiyyəsinin balansında olduğundan səkidə olan maneələrin aradan qaldırılması məqsədilə Salyan şəhər bələdiyyəsinə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Salyan şəhər Bələdiyyəsinə ünvanladığı № **********84 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Salyan şəhər sakini X2 X14 tərəfindən Salyan Şəhər Bələdiyyəsinin inzibati ərazisində torpaq qanunvericiliyinin tələblərini pozması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmış, qeyd olunan məsələ Xidmətin Şirvan ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən torpaq sahəsi X4 mülkiyyətində olmaqla döşəmə daş, 0.80 metr hündürlükde yarımçıq sütunlarla və gül dibçəkləri ilə əhatə olunması halı öz təsdiqini tapmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-514/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 2195/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: A.Səmədov), iddianın təmin edilməsi, ünvan 1-də yerləşən cavabdeh X9 yaşadığı evin qarşısından keçən səkidə zəbt olunaraq inşa edilmiş qanunsuz tikili sökülməsi qət edilmiş, qətnamədən narazı qalan cavabdeh X15 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-2195/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Salyan Rayon Bələdiyyəsinin cavabdeh X11 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmasını qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ümumi istifadədə olan torpaq sahələri bələdiyyə torpaqları hesab olunur. İddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini mübahisələndirərək, məhkəməyə müraciət etmişdir. Torpaq sahəsinin zəbt edilməsi, həmin torpaq sahəsindən istifadəni mümkünsüz etməklə ona sahiblik və istifadə hüququnun realizəsini məhdudlaşdırır. Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Cavabdehin istifadəsini mübahisələndirdiyi torpaq sahəsi bələdiyyənin təbirincə ümumi istifadədə olan torpaq sahəsi olmaqla, həmin torpaq sahəsi üzərində ümumi istifadə istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırılır. Həmin hüququn bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə torpaq sahəsi üzərində istifadə hüququnun realizəsinin, yəni bərpa edilməklə, digər şəxslərin də istifadəsini təmin edilməklə, bələdiyyənin həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Göründüy kimi bələdiyyə sədrinin bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda Salyan rayon bələdiyyəsinin sədri S.C.Cəfərov məhkəməyə müraciət etmədən öncə, Salyan rayon bələdiyyəsinin ümumi yığıncağının qərarı ilə səlahiyyət almalı daha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərancam vermək hüququnun başqa şəxslər tərəfindən hazırkı iddia üzrə cavabdeh X15 tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. Lakin Salyan rayon bələdiyyəsinin sədri S.C.Cəfərov bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Yenə həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsi boşaldilaraq, iddiaçı Salyan rayon İddiaçı qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində olmadığından, hər bir halda torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən qanunsuz tikilidir. Azərbaycan Respublikası MM-in 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsi, bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ:
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara;
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Bundan əlavə həmin Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Salyan rayon İddiaçı mülkiyyətində olan, ünvan 1-də yerləşən Cavabdeh yaşadığı evin qarşısından keçən səkidə zəbt olunaraq inşa edilmiş qanunsuz tikili sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. ünvan 1-də yerləşən Cavabdeh yaşadığı evin qarşısından keçən səkidə zəbt olunaraq inşa edilmiş qanunsuz tikili sökülsün. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli