Məhkəmə qərarları › İş №2(057)-1227/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1227/2024

23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1227/2024 23.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “cərimə aktının ləğv olunması və dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədi nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “cərimə aktının ləğv olunması və dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işin araşdırılaraq ona dəyən maddi və mənəvi ziyanın ödənilməsində ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin (bundan sonra - MPM) 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddiaçı ərizəsində xx.xx.2018-ci il tarixli, RJ111771 nömrəli aktının ləğv edilməsini qeyd etsə də, həmin aktı iş materiallarına əlavə etməmişdir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. MPM-in 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. MPM-in 9.3-cu maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim edərkən məhz MPM-nin bu tələblərinə əməl etməmiş və iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. İddiaçı məhkəməyə “cərimə aktının ləğv olunması və dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də dəyən maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Hazırda İddiaçı məhkəməyə təqdim etdiyi ərizəyə iddia icraatı qaydasında baxılmasına imkan vermir. Belə ki, iddia ərizəsinin və iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə olunmalıdır. İddiaçı isə yalnız iddia ərizəsinin surətini təqdim etməmişdir. Bu halda isə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya dair öz etirazını və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququndan məhrum olmuş olur. Bundan başqa, iddiaçı ərizəsində cavabdeh qismində “X1” ASC göstərilmişdir. Halbu ki, “Salyan” Elektrik Şəbəkəsi "xxxx" ASC-nin tabeliyində fəaliyyət göstərən idarə olmaqla hüquqi şəxs hesab olunmadığı üçün hazırkı mülki iş üzrə tələbə cavab verən şəxs olaraq cavabdeh qismində cəlb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 50.1, 50.3 və 50.5-ci maddələrinin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə, yəni mülki-prosessual hüquq qabiliyyətinə malikdir. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti olaraq mülki-prosessual fəaliyyət qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Beləcə, işdə iştirak etmə halı mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə hüquqi şəxslərə münasibətdə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı - maddi hüququn subyekti olduğu andan yaranır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “X1” ASC-yə qarşı “cərimə aktının ləğv olunması və dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar