Məhkəmə qərarları › İş №2(057)-1255/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1255/2023

23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1255/2023 23.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində "xxxx" ASC-nin 12 dekabr 2022ci il tarixli 282722 saylı aktın ləğv edilməsi və əsassız yazılmış 500 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayonu, Şəkərli kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Lakin həmin evdə daimi yaşamır. 12 dekabr 2022-ci il tarixdə ona məxsus 64279801 nömrəli sayğac yoxlanılmış və kənar xəttdən istifadə edildiyi əsas gətirilərək barəsində akt tərtib olunmuşdur. Tərtib olunmuş aktdan sonradan məlumatı olmuşdur. Sayğaca heç bir müdaxilə etməmişdir. Aktın surətini almaq üçün işıq idarəsinə getmiş və aktın surətini almışdır. Akt əsasında əsassız yerə ona 500 manat cərimə hesablanmışdır. Akt yazılmamışdan əvvəl işığa görə borcu olmamışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, 12 dekabr 2022-ci il tarixdə abonentin sayğacı yoxlanılmış, sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən edilmiş və barəsində akt tərtib edilmişdir. Akt tərtib olunan zaman videoçəkiliş edilmişdir.Abonent təşkilata qarşı 2022-ci ildə məhkəmədə iddia qaldırmış və borcu məhkəmə qətnaməsinə əsasən silinmişdir.Lakin iddiaçı islah olmamış və yenidən işıq enerjisindən qanunsuz istifadə etmişdir. Verilmiş iddia əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə baxış keçirilmiş bir ədəd DVD-dən görünür ki, abonentin sayğacına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən olunmuşdur. Məhkəmədə elan olunmuş 12 dekabr 2022-ci il tarixli "xxxx" ASC-nin Şirvan RETSİ tərəfindən tərtib olunmuş 282722 saylı aktdan görünür ki, abonentin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilmiş, abonentin ayğacdan kənar xətt vasitəsi ilə X1 etməsi halı məlum olmuşdur. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli akta əsasən 995,92 manat borc hesablanmışdır. Məhkəmədə elan olunmuş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixlərdə "xxxx" ASC-nin X4 qrupunun əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində hesabat sayğacının uçotuna baxış keçirilmiş və İddiaçı yaşadığı evdə sayğacdan kənar xətt çəkərək X1 etdiyi aşkar olunmuş, bu zaman müvafiq videoçəkiliş aparılmış və göstərilən fakt öz təsdiqini tapmışdır. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 995,92 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Abonent-İddiaçı kənar xətt vasitəsi ilə X1 etdiyinin şəxsən ona məlum olmasına baxmayaraq o, akt üzrə hesablanmış ödənişindən yayınmaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı barədə EEİQ-nın pozulması barədə dəfələrlə aktlar tərtib olunmuş, lakin abonent həmin aktlar üzrə hesablanmış məbləği ödəmək əvəzinə bundan çıxış yolunu məhkəməyə müraciət etmək və həmin aktı məhkəmə qaydasında ləğv etməkdə görmüşdür. Sözü gedən yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirərkən, həmin akt tərtib olunarkən və videoçəkiliş aparılarkən heç bir qanun pozuntusuna yol verilməmiş və müəyyən prosedur qaydalara riayət olunaraq akt tərtib olunmuşdur. Odur ki, İddiaçı "xxxx" ASC-yə qarşı “EEİQ”-nın pozulması barədə tərtib olunmuş akta əsasən hesablanmış 500 manat borc məbləğinin silinməsi barədə olan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hər iki tərəfi dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonent elektrik enerjisindən qanunsuz olaraq istifadə etmək məqsədi ilə sayğacdan kənar xəttdən istifadə etmiş və bu hal videoçəkiliş zamanı öz təsdiqini tapmışdır. Nəticədə abonent mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin 12 dekabr 2022-ci il tarixli 282722 saylı aktın ləğv edilməsi və əsassız yazılmış 500 manat borcun silinməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar