Məhkəmə qərarları › İş №2(057)-1278/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1278/2025

24.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1278/2025 24.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı-xx.xx.1976-cı il tarixdə Salyan rayonunun Xalac kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun qardaşıdır. 02 mart 1976-cı il tarixdə Salyan rayonunun Xalac kəndində anadan olmuş qardaşı X9 13 may 1998-ci ildən şizofreniya paranoid forma diaqnozu ilə xəstədir. Onun əmək qabiliyyəti yoxdur. X9 xəstə olmaqla kənar şəxsin himayəsi olmadan özünü idarə edə bilmir. Dəfələrlə müalicə olunmasına baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Qardaşının kənar şəxsin qulluğuna ehtiyacı vardır. İllərdir ona baxırlar. O, ilk öncə Salyan Regional “ASAN xidmət” Mərkəzinə getmişdir. Qardaşı şizofreniya xəstəsi olduğu üçün orada ondan qəyyumluq barədə sənəd istəmişlər və onu Salyan Rayon İcra Hakimiyyətinə yönləndirmişlər. O, bununla bağlı Salyan Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Salyan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsindən bildirmişlər ki, məhkəmədən qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirdi ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İş materiallarında olan X1 ksero surətindən görünür ki, X9 xx.xx.1976-cı ildə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur, onun atası X5, anası X3r. İş materiallarında olan X1 ksero surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur, onun atası X5, anası X3r. İş materiallarında olan səhhətin müayinə edilməsi aktın ksero surətindən görünür ki, X2 Hərbi Komissarlığının xx.xx.2004-cü il tarixli, 4/109 №-li göndərişi ilə Salyan Psixo- Nevroloji Dispanserində xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər stasionar, ambulator müayinədə olmuşdur. İş materiallarında olan 35 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarından görünür ki, X9 xx.xx.2015-ci il tarixdə təkrar müayinə edilmiş və ona şizofreniya paranoid forma hallüsinator sindrom diaqnozu qoyulmuşdur, müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir, əmək qabiliyyətsizdir. İş materiallarında olan “TƏBİB” “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 07 mart 2025-ci il tarixli arayışından görünür ki, Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, X9 xx.xx.1998-ci il tarixdə, “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin P.H.Ş-nin xx.xx.2025-ci il tarixli 2745 saylı ekspert rəyindən görünür ki, X6 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X9 2-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyinə əsasən X9 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Ərizə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X9 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X9 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X9 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1976-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar