Məhkəmə qərarları › İş №2(057)-1288/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1288/2023

21.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1288/2023 21.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X17 qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Salyan rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs Salyan rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 17 yanvar 1971-ci ildə Salyan rayonunda anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Salyan rayonu, Seydan kəndində yaşayır. Özünün yaşayış evi və təsərrüfatı vardır. X5 17 yanvar 1971-ci ildə anadan olmuşdur. Oğlu Fariz xəstədir, hazırda da, oliqofremiya, debil formada xəstəlikdən əziyyət çəkir. O, oğlunun qayğısına qalır. Ondan başqa oğluna baxan yoxdur. O, bir sıra işlərini müstəqil qaydada görə bilmir. Hər hansı bir idarəyə gedərək sənədləri ala bilmir. Xəstəxanalara aparılması da tərəfindən həyata keçirilir. Onun fəaliyyət qabilliyəti olmadığına görə ona qulluq edir, lakin buna görə heç bir müavinət ala bilmir. Ona görə də, məhkəməyə ərizə ilə müraciət etmişdir. Odur ki, oğlu 17 yanvar 1971-ci ildə Salyan rayonunda anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, oğlunun fəaliyyət qabiliyyəti yoxdur. Hərəkətlərinin mənasını başa düşmür. Evdən qaçıb gedir. Buna baxmayaraq Salyan Rayon Məhkəməsinin 2(057)-985/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5ndan hər ay 150 manat sabit pul məbləğində aliment tutulur. Oğlu Fariz 103 manat pensiya alır. 150 manat alimenti ödəyə bilmirlər. Ona görə də, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş edir. Maraqlı şəxs Salyan rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X12 oliqofreniya, debil formada diaqnozu qoyulmuş və ona 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Nurlan Abbasov tərəfindən 15 aprel 2023-cü il tarixli, 190 nömrəli arayışdan görünür ki, 1971-ci il təvəllüdlü X15 xx.xx.1989-cu il tarixdə Salyan RHK-nın HHK-ı tərəfindən xəstəliklər cədvəlinin İ qr. 1 b maddəsinə (mülayim dərəcədə ifadə olunmuş nevrasteniya) (MN-nin 260/1987-ci il tarixli əmri) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı şəhadətləndirilmiş və hərbi xidmət keçməmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Şirvan-Salyan regional filialının direktor müavini Afil Qəhrəmanov tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli arayışından görünür ki, X12 (Fin:3KXMM1V) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialından ailə başçısını itirməyə görə (3-cü qrup əlil) müddətsiz 327.21 (üç yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat əmək pensiyası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Parça Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi R.R.Abıyev tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 220 nömrəli arayışından görünür ki, X2 rayon Parça Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Seydan kəndində qeydiyyatda olmaqla yaşayır və heç bir kommersiya obyekti yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVAQ orqanı tərəfindən verilmiş X3 surətindən görünür ki, X13 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. X1, anası X7r. Salyan Rayon Məhkəməsinin 2(057)-1288/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X4 tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 xx.xx.2023-cü il tarixli 2902 saylı rəyi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X11 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA) (F70) aşkar olunmuşdur. Anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda bir qədər geri qalması orta məktəbdə təshil almaması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - təfəkkürünün, bilik ehtiyatının kasaddır, konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi dünyagörüşünün məhdudluğu, intellektual imkanlarının nisbətən aşağı olması və sair sübut edir. Eyni zamanda qeyd olunmalıdır ki, X15 müayinə zamanı ünsiyyətə sərbəst daxil olmuş, suallara mahiyyətinə uyğun cavablar vermiş, söz ehtiyatı kifayət həcmdə olmuş, sadə məişət mövzularında sərbəst fikir yürütmüş, onda kobud yaddaş pozuntuları qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlar X11 əqli gerilik yüngül dərəcədə ifadə olunduğundan təsdiq etməyə əsas verir. Ekspertizaya təqdim olunmuş TSEK-in arayışında F.F.Həsənovun İİİ dərəcəli əlil hesab edilərək yüngül işlərdə işləyə bilməsi təsdiq olunması da, onun öz hərəkətlərinin mənasını dərk etmək və idarə etmək qabiliyyətinin saxlanıldığını göstərir. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, X11 aşkar olunan yüngül əqli gerilik onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Mülki işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psxiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 17 yanvar 1971-ci il təvəllüdlü X15 ağıl zəifliyi və ya psixi (ruhi) xəstəlikdən əziyyət çəkirmi? Cavab: X11 yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. 17 yanvar 1971-ci il təvəllüdlü X15 öz 2-ci sual: hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinin faktiki xarakterini dərk etməklə onu idarə etmək iqtidarındadırmı? Cavab: X11 aşkar olunan yüngül əqli gerilik onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X15 öz hərəkətlərininn mənasını dərk etmək və onları üurlu idarə etmək iqtidarına malikdir. X10 fəaliyyət si qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)-985/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 404/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 13 aprel 2020-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X6 hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X9 verilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcələsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Ərizəçi oğlu xx.xx.1971-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2902 saylı rəyi ilə X15 hazırkı psixi vəziyyətinə görə (onda hal-hazırda hər hansı davranış pozuntularının olmadığı nəzərə alınmaqla) öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs Salyan rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar