Məhkəmə qərarları › İş №2(057)-1313/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1313/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1313/2025 12.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh qarşı (bundan sonra - Cavabdeh və ya cavabdeh) “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1080 manat əsas borc, 1782 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 48 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında AZƏRFON şirkətinə məsxus mobil telefonların satışı üzrə rəsmi diler mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 28 avqust 2023-cü il tarixdə Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh mağazaya gəlib, dəyəri 1080 manat olan Samsung A34 modelli mobil telefonu ilkin ödəniş olmadan 12 ay ərzində ayda 90 manat olmaqla ödəmək şərti ilə almaq istədiyini bildirmişdir. Onu tanıdığı üçün, razılaşıb, bu barədə Cavabdeh ilə müqavilə imzalamış, istədiyi mobil telefonu ona vermiş və Şahrux mobil telefonu götürüb mağazadan çıxmışdır. Lakin sonralar Cavabdeh aldığı mobil telefonun borcundan heç bir ödəniş etmişdir. Uzun müddət keçməsinə baxmayaq Cavabdeh mağazaya olan 1080 manat borcunu ödəməkdən yayınır. Müqavilənin 2.4 bəndinə əsasən borcunu yubatdığına görə ona ümumi 1782 manat cərimə hesablanmış və maliyyə arayışı iddia ərizəsinə əlavə edilmişdir. Dəfələrlə onun istifadəsində olan mobil nömrəsinə zənglər etmiş və onun evinə gedib borcunu istəmişdir, ünvanına xəbərdarlıq məktubları göndərmiş, lakin ondan borcunu ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qəbul etsədə iddia tələbinə dair heç bir münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismın təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 628/355 saylı “Alqı-satqı” müqaviləsinə əlavədən görünür ki, satıcı qismində çıxış edən İddiaçı alıcıya 12 ay müddətinə aylıq 90 manat olmaqla, dəyəri 1080 manat olan Samsung A34 modelli mobil telefonu satmışdır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 19 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1782 manat cərimə borcu vardır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 48 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 427.3cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 1782 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 20 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1080 (bir min səksən) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu və iddia tələbinə mütənasib olaraq ödənilmiş 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1080 (bir min səksən) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu və iddia tələbinə mütənasib olaraq ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar