Məhkəmə qərarları › İş №2(057)-1343/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1343/2023

06.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1343/2023 06.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qızı X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə anadan olmuş X4 xəstədir, hazırda da “Oliqofremiya ağır debillik dərəcəsində davranış pozğunluqları psixi dəyişikliklərlə” diaqnozu qoyulmuş, həmin xəstəlikdən əzab çəkir. Onun qayğısına qalır, ondan başqa ona baxan yoxdur, işlərini müstəqil qaydada görə bilmir. Hər hansı bir idarəyə gedib müvafiq sənədləri ala bilmir. Xəstəxanalara aparılması da onun tərəfindən həyata keçirilir. Onun fəaliyyət qabiliyyət olmadığına görə ona qulluq edir, lakin qulluq etdiyinə görə heç bir müavinət ala bilmir. Odur ki, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” X5 xx.xx.2023-cü il tarixli 2734 saylı rəyindən görünür ki, 10 sentyabr 1992-ci il tarixdə Salyan şəhərində anadan olmuş, X4 öz psixi vəziyyətinə görə hərəkətlərin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil, kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilir. X2 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. İş materiallarına əlavə olunmuş Salyan Rayon Mərkəzi X3 Şəxsi tərəfindən təqdim edilmiş 2192 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 xx.xx.2002-ci il tarixdən “Oliqofreniya, ağır debillik dərəcəsində davranış pozğunluqları və psixi dəyişiklərlə” diaqnozu ilə psixonevroloji kabinetdə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Ərizəçi Salyan Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış 12 iyun 2023-cü il tarixli 5-71/2-463/2023 saylı məktubdan görünür ki, 10 sentyabr 1992-ci il təvəllüdlü X2 “Oliqofreniya, ağır debillik dərəcəsində davranış pozğunluqları və psixi dəyişiklərlə” diaqnozu ilə Salyan Rayon Mərkəzi X3 Şəxsdə qeydiyyatda olduğunu nəzərə alaraq, qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərin mənasın dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 10 sentyabr 1992-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10 sentyabr 1992-ci il tarixdə Salyan şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar