Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1387/2023 11.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032780 saylı akt əsasında əsassız hesablanmış 900 manat borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032780 saylı akt əsasında əsassız hesablanmış 1422.54 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032780 saylı akt əsasında əsassız hesablanmış 1422.54 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, **********00532 abonent kodu ilə elektrik enerjisindən istifadə edir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız xx.xx.2023-cü il tarixli, 032780 saylı akt yazılmış və buna görə də, 1422.54 manat cərimə borcu yaranmışdır. Birincisi sayğaca cavabdeh tərəfindən nəzarət olunur, hər ay nəzarətçi sayğaca baxış keçirərək bildiriş təqdim edir və tərəfindən mütəmadi olaraq ödənişlər edilir. Gələn bildirişlər əsasında da istifadə edilən elektrik enerjisinin dəyərini ödəyir. Həmin aktın tərtibində iştirakı təmin edilməmiş və ona rəsmi məlumat verilməmişdir. Aktda göstərilən tamamilə əsassızdır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borcu olmamış, sayğaca heç vaxt tərəflərindən heç bir müdaxilə olunmamış və sayğac daim tam saz vəziyyətdə olmuşdur. Heç vaxt əlavə xətt olmamışdır və qeyriqanuni şəkildə elektrikdən istifadə edilməmişdir. O nu da qeyd etmək istəyir ki, sayğaca baxış keçirilib akt tərtib edilərkən nə abonentin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Hesab edir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032780 saylı tərtib edilmiş akt əsassızdır, həmin akt əsasında hesablanmış 1422.54 manat məbləğ əsassız hesablanmışdır, ona görə də akt, etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Odur ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032780 saylı akt əsasında əsassız hesablanmış 1422.54 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sayğac atasının adına olduğu üçün aktda atasının adı qeyd olunmuşdur. Atası 05 yanvar 2015-ci ildə vəfat etmişdir. Sayğaca baxış keçirilmişdir. Onları cərimə etmişlər. Bir ünvanda, yəni həyətdə iki ev və iki sayğac vardır. Hər ev üçün ayrı sayğacdan istifadə olunur. Cavabdeh təşkilatın nümayəndələri sayğacı çöldə ayrarkən evdə elektrik enerjisindən istifadə olunduğunu gördükləri üçün düşünmüşlər ki, kənar xətt var. Əslində isə elə deyil. Həmin vaxt elektrik enerjisindən istifadə olunan evin sayğacını deyil digər evin sayğacını xəttdən ayırmışlar. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032780 saylı akt əsasında əsassız hesablanmış 1422.54 (bir min dörd yüz iyirmi iki manat, əlli dörd qəpik) manat borcun silinməsi barədə iddia ərizəsi halhazırda icraatdadır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçıya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında barəsində tərtib edilmiş xx.xx.2023cü il tarixli, 032780 saylı akt əsasında əsassız hesablanmış 1422.54 (bir min dörd yüz iyirmi iki manat, əlli dörd qəpik) manat borcun silinməsi barədə iddia ərizəsində tələbin həcminin 900 (doqquz yüz) manata qədər azaldılması və borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumat vərəqəsindən görünür ki, abonent X5 1554 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 032780 saylı aktın surətindən görünür ki, abonent X1 baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 20 iyun 2023-cü il tarixli NDM Akt № 032780 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 3.3 kvt x 24 saat x 0.7 x 270 gün = 8316 kVts qədərində sərfiyyatın israfı cavabdeh əməkdaşları tərəfindən hesablanılmışdır. 8316 kVts sərfiyyatın 1000 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 80 manat qədərində, 500 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 45 manat qədərində və 6816 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 886.08 manat qədərində cərimə yazılmışdır. İş materiallarında olan X6 ksero surətindən görünür ki, X7 02 yanvar 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 01 ayının 05 günündə 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X4 ksero surətindən görünür ki, İddiaçı xx xxxx 1988-ci ildə doğulmuşdur. İş materiallarında olan Salyan rayon Kürsəngi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi T.Qarayev tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 443 saylı arayışdan görünür ki, İddiaçı Salyan rayonu, Kürsəngi kəndində yaşayır. İş materiallarında olan X3 adına yazılmış bildirişdən görünür ki, abonentin 1008.07 manat borcu vardır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə obyektiv qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğaca kənar xəttin aşkar olunması cavabdeh təşkilat tərəfindən sübut edilməmişdir. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Beləliklə, bütün qeyd edilənləri nəzərə almaqla hesab edir ki, iddia təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən Salyan rayonu, Kürsəngi kəndində yerləşən evə hesablanmış 900 manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllnin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Salyan rayonu, Kürsəngi kəndində yerləşən evə (abonent kodu **********00532) hesablanmış 900 (doqquz yüz) manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1387/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1387/2023
11.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver