Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1589/2023 15.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və akt əsasında əsassız yazılmış cərimənin silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında ona əsassız yerə hesablanmış 259 manat 20 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayonu, Qarabağlı kəndində yaşayır. Qazdan istifadə etdiyi müddətdə hər ay qaz sayğacı sərfiyyatı qeydə alıb və dəyəri tərəfindən ödənilmişdir. Qaz sayğacı həyətyanı sahəsinin çölündə, açıq şəraitdə quraşdırılmışdır. Qaz idarəsinin nümayəndələri tərəfindən ayda iki dəfə sayğacın göstəricisi çıxarılmış və ona bildiriş təqdim olunmuşdur. Demək olar ki, hər ay Qaz İdarəsindən yoxlama gəlib sayğaca baxış keçirmiş, hər-hansı bir nöqsan aşkarlanmamışdır.Kəndlərində bir çox evlərdəki kimi onunda 2021-ci ilin sentyabr ayının ortalarında Cavabdeh İB-nin əməkdaşları qaz sayğaclarını yenisi ilə əvəz etmişlər. Daha sonra Cavabdeh İB-nin əməkdaşları qaz sayğaclarını ona bildirmədən laboratoriyaya yoxlamaq üçün göndərmişlər. 30 sentyabr 2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları onlara akt təqdim edərək, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi göstərilmişdir. Kənd sakinlərinin demək olar hamısının sayğacında eyni problemlər göstərilmişdir. Daha sonra da onu 259.20 manat cərimə etmişlər. O sayğaca heç bir müdaxilə etməmiş və heç nədən məlumatı olmamışdır. Akt tərtib edilərkən imza edən hal şahidləri iş üzrə maraqlı olmayan şəxslərdən təyin olunmalı olsa da, buna əməl edilməmişdir. Həmin şəxslər cavabdeh təşkilatın əməkdaşları olmuşdur.Cavabdeh aktda qeyd olunan müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bundan əlavə sayğac ona məxsus evin sərhədlərindən kənarda yerləşir və bütün günü sayğaca nəzarət etmək və onun toxunulmaz saxlamaq mümkün deyildir. Bu halda əgər sayğaca hər hansı müdaxilə olunmuş olsa belə, bunun onun təqsirindən olması müəyyən deyildir. Ona görə də hesablanmış cərimə əsassız olduğundan iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin qalıq və aktlar üzrə borcu yoxdur. Məhkəmədə elan olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14 sentyabr 2021-ci il ******* saylı aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmədə elan olunmuş 30 sentyabr 2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, MSK 29/1710- 03720-1 nömrəli rəyinə əsasən G-4 markalı ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abonentə 2160 metr kub itkisi hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşilməsi halında abonentin təqsiri olmamışdır. Qarşı tərəf bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, iddiaçı da həmin halı etiraf etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin aktın ləğv olunmasına heç bir zərərət yoxdur, aktda sayğacın faktki vəziyyəti qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlaklçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 259 manat 20 qəpik borc hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1589/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1589/2023
15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver