Məhkəmə qərarları › İş №2(057)-1590/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1590/2023

16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1590/2023 16.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X23 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X24 oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması və həmin akt əsasında ona əsassız yerə hesablanmış 1555.20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, E.İmanov küçəsi, ev 37 ünvanında yerləşən ev mərhum X6na məxsus olmaqla onun mülkiyyətində olmuşdur. Anasının yaşadığı müddətdə və vəfatından sonra həmin evdə yaşamışlar. Lakin həmin ev anasının adına rəsmiləşdirilməmişdir. Qaz xətti çəkilən zaman ailənin başçısı anası olduğundan qaz xətti onun adına rəsmiləşdirilmişdir. X6 19 may 2020-ci ildə ölmüşdür. Rayonda qazlaşma həyata keçirilərkən, sayğac qoyulan zaman qazın sayğacı onun adına rəsmiləşdirilmiş və istehlakçı kimi göstərilmişdir. Lakin Qaz İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdə Hacıyeva Minayə kimi göstərilmişdir. X2r. Anasının vəfatından sonra o, həmin evi aztəminatlı ailə olan X4 təmənnasız olaraq yaşamaları üçün (sığınacaq kimi) vermişdir. Qazın istifadəsinə dair bütün ödənişləri onlar həyata keçirmişlər. Ötən müddət ərzində o, hər ay istifadə etdikləri qaza görə rüsumları vaxtında ödəmiş və heç bir problem olmamışdır. 2022-ci ilin mart ayında qaz gəlmədiyindən X3 həyat yoldaşı X5 qaz idarəsinə müraciət etmiş, onlar gəlib sayğacı dəyişmiş, bildirmişlər ki, sizlik heçnə yoxdur. Göstərilən prablem sayğacdandır. Lakin, 01 il 04 aydan sonra evə bildiriş xəbərdarlıq daxil olmuş və həmin bildirişə baxan zaman görmüşdür ki, onun Qaz İstismar İdarəsinə 1555,20 manat borcu vardır. Daha sonra X9 və onun arvadı X1 Rayon Prokurorluğuna şikayət etmişdir. Salyan Rayon Prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilərək Salyan Rayon Məhkəməsinə müraciət etmələri tövsiyyə olunmuşdur. Aktda evin sayğacının hesablama mexanizminin qoruyucu plastmas şüşəsinin gövdədən tamamilə aralanıb və sındığı göstərilmişdir. Qeyd edilən nöqsana görə cərimə yazılmışdır. Təqdim edilən aktda təbii qazdan qeyri-qanuni istifadə edildiyi göstərilmişdir. Sayğaca müdaxilə olunmasından heç bir xəbəri yoxdur. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin tərəflərindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bundan əlavə həmin sayğac evin sərhədlərindən kənarda yerləşir və bütün günü həmin sayğaca nəzarət etmək mümkün deyildir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, göstərmişdir ki, ev onun adınadır. 43 il polis orqanlarında xidmət etmişdir. Polispolkovnikidir. Ev onun ata yurdudur. 2020-ci ildə anası vəfat etmişdir. Həmin vaxtdan o, evi bir ailəyə təmənnasız vermişdir. Hər il may ayının 19-da Salyana gələrək anasının qəbrini ziyarət edir. Evə gələndə həmin evdə yaşayan şəxs sayğaca qaz gəlmədiyini bildirmişdir. Evin qazı kəsildiyi üçün evin xanımı qaz idarəsinə müraciət etmişdir. O, isə DİN-nin “102” xidmətinə zəng etmişdir. Qaz idarəsinin nümayəndəsi gələrək sayğaca baxış keçirmiş və bu barədə akt tərtib etmişlər. Sayğaca baxmağa gələn qaz idarəsinin əməkdaşları sayğacın şüşəsində sınıq olduğunu lakin sayğac işləyir. Bir il sonra evdə qalan vətəndaş sosial yardım almaq üçün müraciət etdiyi vaxt bildirmişlər ki, onun 1500 manata qədər borcu vardır. Onlar işlətdiyi qızın, işığın pulunu özləri vermişlər. Həmin şəxsə bu barədə məlumat vermişlər. O da, Salyan Rayon Prokurorluğuna müraciət etmişdir. Orada “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul olunmuşdur. Onun evində 4 yerdə kamera vardır. Əgər sayğaca hər hansı müdaxilə olunmuş olsaydı həmin an kamera görüntülərində görünərdi. Cavabdeh nümayəndəsi X15 iddianı qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK- 29/1710-04694-1 №-li rəyinə əsasən G-4 markalı, **********2 №-li qaz sayğaca baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu plastmas şüşəsinin gövdədən tamamilə aralanması, sınması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, lakin sərfi qeydə almaması halı aşkar olunmuşdur. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x24x90=12960 m3) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X16 məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin qoruyucu plastmas şüşəsinin gövdədən tamamilə aralanması, sınması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, lakin sərfi qeydə almaması halı aşkar olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, X12 Salyan şəhəri, E.İmanov küçəsi, ev 37 ünvanında yerləşən qaz sayğacı yenisi ilə əvəz edilmişdir. X11 ksero surətindən görünür ki, X21 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 06 ayının 05 günündə 178 nömrə ilə qeyd edilmişdir. Abonent nömrəsi **********00000 olan Minayə Hacıyevanın adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin borcu yoxdur. Salyan rayon prokurorunun köməkçisi X19 tərəfindən 28 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq X10 müraciəti əsasında Salyan RQİİ-nin Salyan Xidmət sahəsinin metrologiya şöbəsinin çilingəri X17 barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət işinin başlanması rədd olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışın ksero surətindən görünür ki, Salyan şəhəri, E.İmanov küçəsi, ev 13 (Yeni qaydalarla: AZ 5201 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. X8 ksero surətindən görünür ki, İddiaçı 8 avqust 1959-cu ildə anadan olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın hesablama mexanizminin qoruyucu plastmas şüşəsinin gövdədən tamamilə aralanması, sınması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, lakin sərfi qeydə almaması halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas şüşəsinin gövdədən tamamilə aralanması, sınması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, lakin sərfi qeydə almaması təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Məhkəmə həmçinin qeyd edir ki, sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombunun alt hissədən kənar təsir nəticəsində əzilməsi ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Salyan X29 İdarəsi tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 1555,20 manat borc **********00000 nömrəli abonent hesabdan silinsin. Cavabdehndən 35,55 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar