Məhkəmə qərarları › İş №2(057)-1621/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1621/2023

17.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1621/2023 17.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə aktın ləğv olunması və akt əsasında hesablanmış cərimənin silinməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, ******* saylı aktın və akta əsasən hesablanmış 2073,06 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, abonent X2 olmuşdur, həmin şəxs 2008-ci ildə vəfat etmiş və hal hazırda qeyd olunan evdə özü yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh işçiləri gəlib qonşu Ramazanın qaz xəttinə baxış keçirmiş və sonuncunun qaz xəttinə müdaxilə etməsini müəyyən edərək ona cərimə yazmışlar.Daha sonra onlar həmin xəttdən qonşu həyətə qaz xətti çəkilməsini müəyyən etmiş, həmin yerdən də onun həyətinə qaz xəttinin çəkilməsini ehtimal edərək onun barəsində cərimə aktı yazmışlar. Lakin özü qanunsuz xəttdən istifadə etməmiş və həmin səbəbdən barəsində yazılmış akta imza etməmişdir. Həyətində hamamın üzərində 20 sm uzunluğunda kauçuk boru olmuş və həmin boru vasitəsi ilə öz həyətində olan qaz xəttini aşxana ilə birləşdirmişdir. Cavabdeh tərəfin işçiləri tərəfindən çəkilmiş fotoşəkillər onun həyətinə aid deyildir. Verdiyi iddiasının əsaslı olduğunu qeyd edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə Cavabdeh Nəzarət Şöbəsinin və Salyan Rayon Reginal Qaz İstismarı İdarəsinin mühəndisləri Salyan şəhəri, T.Sultanov küçəsində yoxlama aparmışlar. Yoxlama zamanı Ramazan adlı şəxsin həyətində qanunsuz qaz xəttinin olmasını aşkar etmişlər. Müəyyən olunmuşdur ki, həmin xəttin üzərində bir ədəd 3-lük borudan qonşu Mehmanın həyətinə qaz xətti çəkilmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış və aktlaşdırılmışdır. Verilmiş iddanın əsassız olduğunu qeyd edərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, yadında olmadığı vaxt 2023cü ilin fevral ayında Salyan şəhəri T.Sultanov küçəsinə abonentlərin qazdan istifadəsi ilə bağlı həyətlərə baxış keçirilərkən İddiaçı qonşusu olan Hüseynova Azadənin evinə getmişlər.Lakin orada faktiki olaraq Ramazan adlı şəxsin yaşadığını görmüşlər.Ramazanın həyətində qaz borusunu saxlayan dirəyin içərisindən evinə xətt çəkildiyini və həmin xəttin üzərində bir ədəd 3-lükdən qonşu həyətə qaz borusunun çəkildiyini görmüşlər.Qonşu Faiqin həyətinə baxış keçirilmiş, lakin sonuncunun qanunsuz xəttdən istifadə etməsi halını müəyyən etməmişlər.Sonra isə həmin xəttin hara çəkilməsini müəyyən etmək üçün axtarış aparmışlar, lakin xətt torpağın altında olduğu üçün iddiaçının həmin xəttdən istifadə etməsi halını aşkar etməmişlər. Cavabdeh nümayəndəsi iddiaçının hamamının üzərinə çıxaraq videoçəkiliş aparmış və sonuncu iddiaçının qanunsuz xəttdən istifadə etməsini aşkar etmişdir.Lakin özü iddiaçının qanunsuz xəttdən istifadə etməsi faktının şahidi olmamışdır. Məhkəmədə elan olunmuş 15 fevral 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin sayğacdan kənar qeyri qanuni təbi qazdan istifadə etməsi halı aşkar olunmuş, itirilmiş qazın bərpası üçün deymiş ziyanın hesablanaraq ödənilməsi və kənar xəttin ləğv olunması tələb olunmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Abdullayev Səttar tərəfindən 17280 kub metr təbii qaz itirilmişdir. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********10000 olan Abdullayev Səttar adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin qalıq aktlar üzrə 2073,60 manat borcu vardır. Məhkəmədə baxış keçirilmiş cavabdeh tərəfindən təqdim olunmuş videogörüntülərdən iddiaçının mülki məsuliyyətinin müəyyən edilməsi üçün əhəmiyyətli hal aşkar olunmamışdır. Məhkəmə tərəfləri dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı iddiaçının sayğacdan kənar qaz xəttinə qoşularaq istifadə etməsi halı aşkar olunmamışdır. Cavabdeh tərəf qeyd olunan halın təsdiq olunması üçün məhkəməyə sübut təqdim edə bilməmiş, iddiaçı isə həmin halı etiraf etməmişdir.Hətta məhkəmə iclasında iştirak edən Salyan Rayon Regional Qaz İstismarı İdarəsinin mühəndisi X6 iddiaçının konkret olaraq qanunsuz qaz xəttinə qoşulması halını təsdiq etməmişdir.Məhkəmə baxışında nümayiş olunmuş videoçəkilişdən iddiaçının qaz xəttinə qanunsuz qoşulması halı aşkar olunmamışdır.Ona görə də iddiaçının üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının 15 fevral 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, aktın ləğv edilməsi doğru deyildir. Aktda faktiki olaraq qanunsuz qaz xəttinin müəyyən olunması halı qeyd olumuş və həmin halı tərəflər mübahisələndirmirlər. Ona görə də aktın ləğv olunması hissədə verilmiş iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən abonent Səttar Abdullayev (**********10000) barəsində 15 fevral 2023-cü ildə tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış 2073,06 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar