Məhkəmə qərarları › İş №2(057)-1713/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1713/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1713/2023 13.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə aktın ləğv edilməsi, əsasssız yazılmış cərimənin silinməsi və sayğacın paylayıcının hesabına quraşdırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq barəsində tərtib edilmiş 09 İyun 2023-ci il tarixli ******* saylı aktın ləğv edilməsi, akt əsasında hesablanmış 1555.20 manat cərimənin silinməsi və sayğacın paylayıcının hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılıb iddiasının təmin olunmasını xahiş etmişdir.Ona görə də məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 09 iyun 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, MSK-14-2-2/3-5-5021/Q001 nömrəli rəyinə əsasən **********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst sol hissəsi gövdədən aralanmış, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Məhkəmədə elan olunmuş 18 yanvar 2023-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Fərdi təmizləyici yenisi ilə əvəzlənmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Salahov Əli tərəfindən 12960 kub metr təbii qaz itirilmişdir. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin qalıq aktlar üzrə borcu 1555,20 manat olmuşdur. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst sol hissəsi gövdədən aralanması,sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi, sayğacdan hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi halında abonentin təqsiri olmamışdır.Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının 09 iyun 2023-ci il tarixli ******* saylı saylı aktın ləğv edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, aktın ləğv edilməsi doğru deyildir. Aktda faktiki olaraq sayğacın vəziyyəti qeyd olunmuşdur. Ona görə də məhkəmə iddianın qismən təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh təşkilat istehlakçının istifadə etdiyi sayğacı yenisi ilə əvəz etmişdir.Ona görə də sayğacın yenidən yenisi ilə əvəz olunması qanunvericiliyin tələblərinə ziddir.Həmin səbəbdən məhkəmə iddianı qeyd olunan hissədə rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq İddiaçı adına tərtib edilmiş 09 iyun 2023-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1555.20 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar