Məhkəmə qərarları › İş №2(057)-1767/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1767/2023

13.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1767/2023 13.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilinə tərtib edilmiş 11 aprel 2023-cü il tarixli, № 031919 saylı akt əsasında qanunsuz hesablanmış 681 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sayğac işıq idarəsi tərəfindən həyətyanı sahəsində quraşdırılmışdır. Hər ay illərdir nəzarətcinin bildirişi əsasında işıq pulunu ödəyirlər. Mənzilinin hesabatından görünür ki, hər ay mövsümə uyğun oxşar vəziyyətdə enerjidən istifadə olunur. İşıq idarəsinin əməkdaşı hər ay sərbəst şəkildə sayğacın sərfiyyatını götürərək bildiriş təqdim edilir. xx.xx.2023-cü ildə sayğacı həyətyanı sahəsindən çıxararaq küçəyə quraşdırmışlar. Sonradan bilmişdir ki, ona 681 manat cərimə yazılmışdır. Aktda qeyd edilir ki, sayğac həyətyanı sahədə yerləşir və sayğaca baxış keçirtmişlər. Bu da o deməkdir ki, əməkdaşlar onun həyətində olmuşlar. Sonrada qeyd olunur ki, əlavə xətt həyətdə olduğu üçün ölçü aparmaq mümkün olmamışdır. Akt tam ziddiyyətli, qanunsuz tərtib edilmişdir. Hesabat cədvəlindən görünür ki, köhnə sayğac dövründə işlətdiyi işıq enerjisi ilə təzə sayğacla işlədiyi işıq enerjisində fərq yoxdur. Əksinə təzə sayğac çölə çıxarılandan az enerji sərf olunmuşdur. Onun mənzilində əlavə xətdən istifadə etmək mümkün deyil və heç vaxtda istifadə olunmamışdır. Akt onun,ailə üzvlərinin və heç bir şahidin iştirakı olmadan tərtib edilmişdir. Onun mənzilinə hesablanmış 681 manat artıq pul heç bir qanuni sənəd əsasında yox, tam qanunsuz olaraq birtərəfli qaydada hesablanmışdır. Odur ki, onun mənzilinə tərtib edilmiş 11 aprel 2023-cü il tarixli, № 031919 saylı akt əsasında qanunsuz hesablanmış 681 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, o işıq idarəsi tərəfindən evinə yazılan cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddia ərizəsində sayğac işıq idarəsi tərəfindən həyətyanı sahəsində quraşdırıldığını və hər ay illərdir ki, nəzarətçinin bildirişi əsasında işıq pulunu ödədiyini bildirmişdir. Fikrini dəqiq izah etməyərək sonradan sayğacının işıq idarəsi tərəfindən çölə çıxarıldığını ərizədə qeyd etsə də, əslində işıq idarəsinin tərtib etdiyi aktda belə yazıldığını lakin sayğacının bu günə kimi həyətində olduğunu bu səbəbdən ziddiyyətin yarandığını bildirmək istəmişdir.O, işıq enerjisindən oğurluq etməmişdir. Üç gündür səhhətində böyük problem yaranmışdır.Bu səbəbdən məhkəmənin onun iştirakı olmadan keçirilməsini və evinə hesablanmış 681 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X3 bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının evinə quraşdırılmış sayğaca baxış keçirimiş, baxış zamanı sayğaca heç bir təsir göstərilmədiyi, lakin sayğacdan kənar xətt çəkildiyi aşkar olunmuşdur. Bu barədə akt tərtib edilmişdir. Həmin əlavə xəttin çəkilməsinin qeydə alındığı 1 (bir) ədəd CD disk işə əlavə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iddianı müdafiə edir. Onların xəbəri olmadan akt tərtib olunmuşdur. Sayğac həyətyanı sahəsində quraşdırılmışdır. İşıq idarəsinin sübutu yoxdur. Akt tərtib olunan zaman evdə olmamışdır. Evdə yoldaşı olmuş, o da bildirmişdir ki, idarənin işçiləri gəlib sayğaca baxıb getmişlər. Cərimənin silinməsini xahiş edir. Pensiyaçıdır. O, kənar xətt çəkməmişdir. Sayğac işıq idarəsinin işçiləri tərəfindən harada quraşdırılıbsa həmin yerdə də, qalmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan 11 aprel 2023-cü il tarixli, № 031919 saylı aktın ksero surətindən görünür ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir. İş materiallarında olan abunə haqqında məlumat vərəqindən görünür ki, İddiaçı 681,72 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 tərəfindən məhkəməyə ünvanlanmış məktubun ksero surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə xx.xx.2023-cü il tarixli, 031919 saylı akta əsasən 706.72 manat dəyərində itirilmiş enerjisi bərpa olunmuşdur.Abonent dövriyyəsindəndə göründüyü kimi həmin akt üzrə hesablanmış məbləğ abonent tərəfindən tam ödənilmiş və hal-hazırda abonentin akt üzrə hesablanmış hər hansısa məbləğdə borcu qalmamışdır. Hesab edirlər ki, itirilmiş elektrik enerjisinin bərpasına dair sözü gedən akt “EEİQ”-nın tələblərinə düzgün tərtib olunmuş və həmin akt üzrə aparılmış hesabat üzrə məbləğ də, abonent tərəfindən tam ödənilmişdir.Odur ki, göstərilənlərin nəzərə alınması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 11 aprel 2023-cü il tarixli NDM Akt № 031919 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 11 kvt x (0.7) x 24 saat x 30 gün = 5544 kVts qədərində sərfiyyatın israfı cavabdeh əməkdaşları tərəfindən hesablanılmışdır. 5544 kVts sərfiyyatın 200 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 16 manat qədərində, 100 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 9 manat qədərində və 5244 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 681.72 manat qədərində cərimə yazılmışdır. İş materiallarına olan DVD diskə baxış keçirilmiş, video çəkilişə baxış zamanı abonentin kənar xətdən istifadə etməsi halı aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iş materiallarına əlavə edilmiş “Disk”dəki videoçəkilişə əsasən iddiaçı tərəfindən sayğacdankənar xətt vasitəsi ilə elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən “Disk”dən aşkar olur ki, İddiaçı yaşadığı Salyan rayonu, Xurşud kəndində yerləşən ona məxsus 21549299 seriya nömrəli elektrik sayğacından kənar xətt vasitəsilə X1 etmiş və buna görə də, onun barəsində “X1 qaydaları”nın 8.17-ci bəndinə əsasən 031919 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, videoçəkilişdən də aşkar görünür ki, İddiaçı məxsus sayğaca baxış keçirilərkən istehlakçı İddiaçı tərəfindən yol verilmiş pozuntu texniki vasitə olan videoçəkiliş aparılmaqla qeydə alınmışdır. İddiaçı köməklik göstərilməsini, onu yola vermələrini xahiş etmişdir. Buna baxmayaraq, İddiaçı tərtib edilmiş akt barəsində öz izahat və ya mülahizələrini təqdim etməmişdir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə, işə əlavə edilmiş “Disk”də öz əksini tapan videogörüntüdən isə həmin qoşulmanın iddiaçıya məxsus evin həyətində keçən xəttə olduğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, istehlakçı enerji təchizatı müəssisəsinin verdiyi X1 etməli, istifadə etdiyi elektrik enerjisinin dəyərini də yalnız sayğacın göstəricilərinə əsasən ödəməlidir. İddiaçı kənar xətt vasitəsi ilə şəbəkədən istifadə etdiyi üçün istehlak etdiyi elektrik enerjisinə görə ona borc hesablana bilməmişdir. Belə olan halda hazırkı mülki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən hər hansı qanun pozuntusu halının mövcudluğu aşkar edilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus Salyan rayonu, Xurşud kəndində olan fərdi yaşayış evində sayğacdan kənar xətdən istifadə etmişdir. Kabelin en kəsiyi 2x10 mm2 olmuşdur. Buna görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X1 qaydalarının pozulması haqqında tərtib edilmiş 11 aprel 2023-cü il, № 031919 saylı akt əsasında qanunsuz hesablanmış 681 manat cərimə borcunun silinməsi barədə iddiası rədd edilməlidir. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı 11 aprel 2023-cü il tarixli, № 031919 saylı akt tərtib edildikdən 14 gün sonra, yəni 25 aprel 2023-cü il tarixdə hökmət ödəniş portalı vasitəsi ilə 707 manat borcunu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı İmanverdi oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı X1 qaydalarının pozulması haqqında tərtib edilmiş 11 aprel 2023-cü il, № 031919 saylı akt əsasında hesablanmış 681 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə ona rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar