Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-177/2024 21.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09 dekabr 2022-ci il tarixli, № ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2102,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən ev mərhum atası X1 məxsus olmaqla onun mülkiyyətində olmuşdur. Atasının yaşadığı müddətdə və vəfatından sonra ailə üzvləri birgə həmin evdə yaşamışlar, lakin ev atasının adına rəsmiləşdirilməmişdir. Qaz xətti çəkilən zaman ailənin başçısı atası olduğundan qaz xətli onun adına rəsmiləşdirilmişdir. Atası 2019-cu ildə ölmüşdür. Daha sonra kənddə qazlaşma həyata keçirilərək sayğac qoyulan zaman atasının vəfat etməsinə baxmayaraq qazın sayğacı onun adına rəsmiləşdirilmiş və istehlakçı kimi göslərilmişdir. Atasının vəfatından sonra o ailə üzvləri ilə birlikdə həmin evdə yaşadıqlarından qazın istifadəsinə dair bütün ödənişləri övlad kimi o həyata keçirmişdir. Hər ay istifadə etdiyi qaza görə rüsumları vaxtında ödəmiş və heç bir problem olmamışdır. 2023-cü ilin yanvar ayında evinə bildiriş xəbərdarlıq daxil olmuş və həmin bildirişdə onun qaz istismar idarəsinə 2102,40 manat borcunun qaldığını görmüşdür. Daha sonra o, Qaz istismar İdarəsinə getmiş və orada ona yaşadığı evin sayğacından kənar qeyri qanuni xətt vasitəsi ilə təbii qazdan istifadəyə görə cərimə edildiyini bildirilmişlər. O, heç vaxt qaz sayğacına müdaxilə etmədiyini və həmin müdaxilə olubsa da, xəbərinin olmadığını bildirmişdir. Qaz istismar İdarəsində olan zaman aidiyyətı əməkdaşlar ona 09 dekabr 2023-cü il tarixli ******* nömrəli akt və aktla birlikdə foto şəkil təqdim etmişlər. Onların təqdim etdikləri aktda təbii qazdan qeyri-qanuni istifadə edildiyi göstərilmişdir. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş sadəcə ehtimallara əsaslanmışdır. Bundan əlavə həmin sayğac ona məxsus evin sərhədlərindən kənarda yerləşir və bütün günü həmin sayğaca nəzarət etmək və onun toxunulmaz saxlamaq mümkün deyildir. Bu halda əgər sayğaca hər hansı müdaxilə olunmuş olsa belə, bunun onun təqsirindən olması müəyyən deyildir. Ona görə də, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09 dekabr 2022-ci il tarixli, № ******* saylı aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış 2102,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onların sayğacı küçədə quraşdırıldığı üçün ona nəzarət edə bilmir. Yeni smart kart tipli sayğac qoyulanadək 400 manat borcu var idi və həmin yeni sayğacdan, ümumiyyətlə, istifadə etməməsinə baxmayaraq, 2100 manat cərimə yazılmışdır. Düzdür, sayğacdan evə gələn boru problemli olduğu üçün sayğacdan əlavə xətt qoşmuşdur, lakin həmin əlavə xətdən az müddətdə qanunsuz istifadə etmişdir. Borcun daha çox hesablanmasını bildirmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nüməyəndəsi X2 bildirmişdir ki, vətəndaş sayğacdan kənar rezin boru ilə xətt çəkmişdir. Bu hal əməkdaşlar tərəfindən aşkar olunmuş və lazımi tədbirlər görülmüşdür. Pozuntu aşkarlanan zaman əməkdaşlar tərəfindən video vasitəsilə qeydiyyat aparılmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassəz olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, № ******* saylı aktın surətindən görünür ki, istehlakçı Xanalıyev Şahsuvar oğluna məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış, qaz sayğacını abonent özbaşına açaraq rezin boru vasitəsi ilə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq təbii qazdan qanunsuz istifadə etməsi halı aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə tələbnamənin surətindən görünür ki, fərdi evdə quraşdırılmış Zenner Smart tipli **********655 nömrəli qaz sayğacının abonent özbaşına açaraq rezin boru vasitəsi ilə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq təbii qazdan qanunsuz istifadə etmişdir. Qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş refiimi 24 saat və hesabat müddəti 365 gün, Radiator peçi maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. 1.2x24x365=10512m3, 0.8x24x365=7008m3 Abonent nömrəsi **********655 olan Xanalıyev Şahsuvarın adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 2282,18 manat borcu vardır. İş materialına əlavə edilmiş Qarabağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illər üçün Təsərrüfatbaşına Kitabından olan çıxarışdan görünür ki, İddiaçı həqiqətən Qarabağlı kənd inzibati ərazi nümayəndəliyinə məxsus 04 saylı təsərrüfatbaşına kitabın 60-cı səhifəsi, 277 saylı şəxsi hesabında mərhum atasına məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən 1981-ci ildə mişar daşından tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evində qeydiyyatdadır. Həmin təsərrüfatı İddiaçı idarə edir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 27 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. İş materialına əlavə edilmiş 01 ədəd “DVD” diskdən görünür ki, İddiaçı yaşadığı evə sayğacdan kənar qeyri-qanuni əlavə xətt çəkilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı özü özbaşına olaraq qaz xəttini sayğacdan ayırmış və kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə etmişdir. İddiaçı öz hərəkətlərini qaz sayğacının işləməməsi və həmin qazdan az bir müddət ərzində (1 saat) istifadə etməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı qeyd olunan hal barədə qaz idarəsinə rəsmi qaydada məlumat verməmiş, həmçinin, nə qədər vaxt ərzində qazdan istifadə etməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu hal məhkəmə baxışında sübuta yetirilə bilməmişdir. İşə əlavə olunmuş “DVD” diskdən aydın görünür ki, iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qazdan istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində qeyd olunmuşdur ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsində qeyd olunmuşdur ki, Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5-ci maddəsində göstərilmişdir ki, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kim, iddiaçının hərəkətləri ilə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində nəzərdə tutulur ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli, № ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2102,40 manat cərimənin silinməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-177/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-177/2024
21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver