Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1777/2023 20.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində "xxxx" ASC-nin 11 iyul 2023-cü il tarixli, 299365 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 240,11 manat borcun silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05:45 radələrində sayğac yanmış, bu barədə sahə nümayəndəsinə məlumat vermişdir. Daha sonra qaynar xəttə zəng edərək, sayğacın yanması barədə məlumat vermiş və onlar gələrək sayğaca baxış keçirmiş, lakin heç bir sənəd yazmamışlar. 2 gün sonra 10 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları sayğacı yenisi ilə əvəz etmişlər. Cavabdeh təşkilatın əməkdaşları ona 74 manat dəyərində kabel və avtomat aldırmışlar. Növbəti ay bildiriş (xəbərdarlıq) göndərilmiş və həmin bildirişdə 240,11 manat yazıldığını nümayəndəsi olduğu şəxs görmüşdür. Daha sonra özü "xxxx" ASC-nin Salyan filialına getmiş və orada ona 11 iyul 2023-cü il tarixli, 299365 saylı akt təqdim etmişlər. Hesab edir ki, yazılan cərimə əsassızdır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilata lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 11 iyul 2023-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib olunmuş 299365 saylı aktdan görünür ki, abonentin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilmiş və elektrik sayğacının əriyərək istismara yararsız vəziyyətə düşməsi halı məlum olmuşdur. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən 240,11 manat borc hesablanmışdır. Məhkəmədə elan olunmuş X3 Şəhadətnamədən görünür ki, X4 ilə X6 arasında nikah 24 iyul 2002-ci il tarixdə, 226 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş elektrik sayğacının fotoşəkillərindən görünür ki, sayğac əriyərək istismara yararsız hala düşmüşdür. Məhkəmədə elan olunmuş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 tərəfindən ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə xx.xx.2023-cü il tarixli, 299365 saylı akta əsasən 174,19 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Lakin, iddiaçı iddia ərizəsində akt üzrə hesablanmış məbləğlə yanaşı, istifadə etdiyi debitor borc məbləğinin silinməsini də, tələb etmiş və məbləği 240,11 manat göstərmişdir. Həmçinin bildirmişlər ki, abonent barədə tərtib olunmuş akt, sayğacın yandığı, sayğacın istifadə olunmuş işlətdiyi elektrik enerjisinin qeyd etmədiyi aylar üzrə aparılmışdır. Hesab edirlər ki, itirilmiş elektrik enerjisinin bərpasına dair sözü gedən akt “EEİQ”-nın tələblərinə düzgün tərtib olunmuş və həmin akt üzrə aparılmış hesabat üzrə məbləğ də abonent tərəfindən tam ödənilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının elektrik sayğacının əriyərək istismara yararsız vəziyyətə düşməsi halında abonentin təqsiri olmamışdır. İddiaçının təqdim etdiyi abonentin saldosundan görünür ki, ona akt əsasında 240,11 manat borc hesablanmışdır. Akt əsasında iddiaçıya əsassız olaraq borc hesablanmışdır.İddiaçının hərəkətlərində heç bir qanun pozunutusu yoxdur. Ona göər də cavabdeh təşkilatın həmin məbləği iddiaçıdan tələb etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı aktın ləğv olunmasını qeyd etmiş olsa belə həmin aktın ləğv olunmasına heç bir zərurət olmadığından iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.17-ci bəndində qeyd olunmuşdur ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən abonent İddiaçı əsassız hesablanmış 240,11 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1777/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1777/2023
20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver