Məhkəmə qərarları › İş №2(057)-1783/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1783/2023

30.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1783/2023 30.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Salyan X6 İdarəsinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Salyan X6 İdarəsinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, istehlakçı kimi onun hüquqlarını pozmuş Salyan X6 İdarəsinin 25 iyun 2023-cü il tarixli, ******* saylı aktın və 2023-cü il tarixli abonent saldosu ilə düzgün hesablanmamış 172.80 manat borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Sabirabad rayonunun, Cəngən kəndində yaşayır. Yaşadığı Cəngən kəndi Salyan rayonuna yaxın ərazidə yerləşir və Salyan şəhərinə gedib-gəlməkdə problemləri yoxdur. Lakin Salyan X6ı İdarəsi regional olduğundan Sabirabad rayonunun ərazisində qazın istismarı və nəqlinə nəzarət edir. 2020-ci ilin sonlarında o, Sabirabada köçdüyündən evinə qaz xəttinin çəkilməsi məqsədilə X8 İdarəsinə müraciət etmişdir. Həmin ilin sonunda Qaz İdarəsinin əməkdaşları tərəfindən onun evinə qaz xətti çəkilmiş və sayğac qoyulmuşdur. Ötən müddət ərzində istifadə etdiyi enerijiyə görə haqları vaxtında ödəmiş və heç bir problem olmamışdır. 2023-cü ilin mart ayının 14-də təsadüfən sayğaca baxan zaman müşahidə etmişdir ki, sayğacın göstəricisi qaz sərfiyyatını qeyd etmir. Bu səbəbdən də dərhal o, 104 saylı qaynar xəttə zəng vurub məlumat vermişdir. 28 mart 2023-cü ildə Salyan Qaz İdarəsinin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca baxış keçirmişlər və onun verdiyi məlumat öz təsdiqini tapdığından köhnə sayğacı açıb götürmüşlər və yerinə yeni sayğac quraşdırmışlar. Onlar akt tərtib edərək köhnə sayğacı götürərək ekspertizaya göndərəcəklərini bildirmişlər. Bildirir ki, köhnə sayğac götürülən zaman əməkdaşlar tərəfindən sayğaca hər hansı bir müdaxilənin olması barədə ona heç bir söz deməmişlər. Yalnız 2023-cü ilin sentyabr ayının 03-də ona qaz xidməti əməkdaşları bildirmişlər ki, guya sayğacın onda olduğu müddətdə düzgün göstərici qeyd edilmədiyindən onu 172.80 manat cərimə etmişlər və bunu borc kimi yazmaqla ondan həmin məbləği tələb edirlər. Lakin o, bunu ədalətsiz hesab edir. Belə ki, faktiki olaraq o, 2023-cü ilin fevral və mart ayları üçün sərfiyyatdan çox pul ödədiyindən mart ayında qaz idarəsinin ona 6.90 borcu qalmışdır. Belə olduğu halda nə üçün əməkdaşlar ötən aylar üçün sayğacın göstəricisinin işləmədiyini əsas gətirərək onu cərimə edirlər. Bütün bu səbəblərə görə də deyir ki, Qaz İstismarı İdarəsi və yuxarı təşkilatlarının ona yazdıqları 172.80 manat borc qanunsuzdur və ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, göstərmişdir ki, 2000-ci ildən o, kənddə ev tikdirmiş və kəndə köçmüşdür. Həmin evə qaz, işıq, su çəkdirmişdir. Hər ay qaz idarəsinin nümayəndəsi göstəriş yazıb vermişdir. Sayğacın göstəricisi qaz sərfiyyatını qeyd etmədiyi üçün idarəyə məlumat vermişdir. Qaz idarəsinin işçiləri gələrək sayğaca baxış keçirərək, sayğacını yenisi ilə əvəz etmişlər. Bu barədə cavabdeh təşkilat tərəfindən akt tərtib olunmuşdur. İddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı 14 martda idarəyə müraciət etmiş, 28 mart 2023-cü il tarixdə sayğacına baxış keçirilmiş və sayğac yenisi ilə əvəz olunmuşdur. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2- 2/3-5-4295/Q001 №-li rəyinə əsasən G-4 markalı, **********9 №-li qaz sayğaca baxış keçirilmiş xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100 % nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi halı aşkar olunmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4x12x30=1440 m3) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış və xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi halı aşkar olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, İddiaçı Sabirabad rayonu, Cəngən kəndində yerləşən qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Abonent nömrəsi **********03650 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 172.80 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda - 100 % nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Məhkəmə həmçinin qeyd edir ki, sayğacın hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Salyan X6 İdarəsi tərəfindən İddiaçı 25 iyun 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 172.80 manat borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar