Məhkəmə qərarları › İş №2(057)-1869/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1869/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1869/2024 30.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X14 katibliyi,İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə alqı-satqının ləğv edilməsi və obyektin iddiaçıya satılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən mağaza binasının 1-ci mərtəbəsinin X3 barədə xx.xx.2021-ci il tarixli 61 saylı qərarın və 2-ci mərtəbəsinin X1 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın və alqı-satqı müqaviləsinin ləğv olunması və həmin mağaza binasının ona satılmasının cavabdeh təşkilatın üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda vəkil tutması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.İddiaçı işə baxılmasında maraqlı olmaması səbəbindən və həmçinin məhkəmə hazırlıq iclasına iki dəfə dəvət olunmasına baxmayaraq gəlməməsi səbəbindən məhkəmə belə hesab edir ki,iddiaçı heç bir əsaslı səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Onun vəkil tutmağa kifayət qədər vaxtı olmuş, lakin o həmin vaxtdan istifadə etməmiş və məhkəmə baxışı iclası günü məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclası vaxtını qeyri müəyyən vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının təxirə salınmamasını və əsassız yerə gəlib getməməsinin qarşısını almaq məqsədi ilə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 185.1-ci maddəsində qeyd olunmuşdur ki, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Cavabdeh nümayəndəsi X11 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı heç vaxt məhkəmə iclaslarına gəlməmiş və bundan sonra da gəlmək fikri yoxdur.Ona görə də iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş edir. Cavabdeh tabeçi təşkilatdır.Həmin təşkilat yuxarı orqanın qərarını icra edir. X2 üzvü və payçısı olmuş, o, 2022-ci ildə vəfat etdikdən sonra oğlu Mənsur Tağıyev atasının icarəsində olan mağazanı götürüb istifadə etmişdir. Cavabdeh qərarları qanuni və əsaslı olmuş, iddiaçının kooperativə heç bir aidiyyəti yoxdur.Ona görə də verilmiş iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki,iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X4 03 dekabr 2021-ci il tarixli, 61 saylı qərarı ilə Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 1959-cu ildə inşa edilmiş 2 mrətəbəli 22 saylı mağaza binasının tikinti altı sahəsi 350 kvm, o cümlədən ümumi sahəsi 270,8 kvm olan mağaza binasının 1-ci mərtəbəsi payçı (uzun müddət istifadədə olan) X9 25000 manata satılmasına razılıq verilmişdir. X4 02 dekabr 2022-ci il tarixli, 62 saylı qərarı ilə Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən 1959-cu ildə inşa edilmiş 2 mrətəbəli 22 saylı mağaza binasının tikinti altı sahəsi 285,5 kvm sahəsi olan 2-ci mərtəbəsi payçı (uzun müddət istifadədə olan) X6 20000 manata satılmasına razılıq verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 16(106)-78/2024 saylı qərardadından görünür ki, Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən mağaza binasının cavabdehlər X13 və X12 tərəfindən sahiblik, istifadə və sərəncam vermək hüquqları o, cümlədən bina üzərində müvafiq müqavilələrin bağlanması qadağan edilməsi barədə Salyan Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 16(057)-27/2024 saylı qərardadı ləğv olunmuş, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1-ci maddəsində qeyd olunmuşdur ki, kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, kooperativin əmlakı onun xüsusi mülkiyyətindir.Ona görə də kooperativ mülkiyyətində olan əmlakı payçıya satmaqda haqlıdır. Həmin kooperativə heç bir aidiyyəti olmayan digər bir şəxsin kooperativin mülkiyyətində olan əmlakın ona satılmasını təbəb etməkdə heç bir hüququ yoxdur. Göründüyü kimi Azərittifaq haqlı olaraq mülkiyyətində olan əmlakı payçıya satmış və bu halda heç bir qanun pozuntusuna yol verilməmişdir.Ona görə də məhkəmə verilmiş iddianın rədd olunmasını əsaslı və qaununi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanda yerləşən mağaza binasının 1-ci mərtəbəsinin X3 barədə xx.xx.2021-ci il tarixli 61 saylı qərarı və 2-ci mərtəbəsinin X1 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarı əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması və həmin mağaza binasının ona satılmasının cavabdeh təşkilatın üzərinə öhdəlik kimi qoyulması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar