Məhkəmə qərarları › İş №2(057)-1882/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1882/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1882/2024 23.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən “QAZİ moble” mobil telefonların pərakəndə satış mağazasında "xxxx" Firmasının rəsmi dilleri olaraq, VÖEN əsasınada fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur.Salyan rayonu Seyidsadıqlı kəndində yaşayan Cavabdeh ilə “QAZİ mobile” satış mağazası arasında 12 iyun 2023-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Aralarında bağlanmış müqaviləyə əsasında alıcıya “SAMSUNG A546” markalı mobil telefon satılmışdır. Borclu Cavabdeh ilə 1040 (min qırx) manat telefon müqaviləsi bağlanılmışdır. Kredit müqavilələri şərtlərinə əsasən borclu Cavabdeh 12 iyun 2023-cü il tarixində almış olduğu məbləğini - 1040 manatı qrafik əsasında 8 (səkkiz) ay ərzində (200, 120, 120, 120, 120, 120, 120, 120) manatını hissə-hissə ödəməli idi, Cavabdeh xx.xx.2023-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 50 manat, xx.xx.2024-cü ildə 30 manat ödəyib, 760 (yeddi yüz altımış) manat borclu qalmışdır. Müqavilənin şərtlərinə əsasən, borclu Cavabdeh aldığı malın borclu qaldığı hissəsini müqavilə şərtlərinə əsasən müntəzəm olaraq ödəməyi, həmçinin ödəmədiyi halda bu barədə mağazaya gəlib məlumat verməyi, müəyyən vaxta qədər möhlət xahiş etməyi öhdəsinə götürmüşdür. Lakin borclu indiyə qədər mağazaya olan borcu ödəməmişdir.Aralarında bağlanmış müqaviləyə görə borclu müqavilənin şərtlərinə əməl etmədiyi təqdirdə mağazanın məhkəmə qarşısında iddia qaldırmasına etiraz etmir. Borclu Cavabdeh həmin öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur.Ona dəfələrlə Mağaza tərəfindən telefon zəngləri və xəbərdarlıq edilməsinə baxmayaraq, o mağazaya olan borcunu ödəməkdən yayınır və ümumiyyətlə, mağazaya heç bir məlumat verməmişdir.Malı aldıqdan sonra Cavabdeh aldığı malın borcunu qaytarmadığını görüb, onunla telefon vasitəsi ilə dəfələrlə ətaqə saxlanılmış, o da borcunu qısa bir vaxtda ödəyəcəyini bildirmişdir. Hər dəfə də ona müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurmuşdur. Bu barədə borclu Cavabdeh rəsmi qaydada 17 iyul 2024-cü il tarixində borcun ödənilməsi ilə bağlı Mağaza tərəfindən xəbərdarlıq məktubu göndərilmişdir.Göstərilənlərə əsasən, Cavabdeh 760 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1040 manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 08 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. 188509 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı birinci qrup Qarabağ əlilidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən, cavabdehə verilmiş alqı-satqı qiyməti 1040 manat dəyərində olan “Samsung A546” markalı telefonu 08 ay müddətinə hər ay 120 manat ödəmək şərti ilə almışdır. İş üzrə İddiaçı həmin telefonu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan əşya almasına dair hüququndan istifadə etmiş, lakin həmin əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 760 manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 760 manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar