Məhkəmə qərarları › İş №2(057)-2000/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2000/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2000/2024 31.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reysetr Xidmətinin və RXPNŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN 403 saylı kod 80911018 saylı dövlət aktının mərhum X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X10 Torpağa Mülkiyyət Hüququna dair JN 403 kod 80911018 saylı dövlət aktı ilə 1.40 hektar torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq şəhadətnaməsində atasının adı səhvən Əli oğlu yazılmışdır. Əslində onun atasının atasının adı Əliqulu olmuşdur. Bu uyğunsuzluq onları bir sıra hüquqlarından mərhum etmişdir. Bununla bağlı bir sıra orqanlara müraciət etmişlər, lakin heç bir nəticəyə nail ola bilməmiş ona görə də, bununla bağlı məhkəməyə müraciət etmişlər. Odur ki, X25 ilə X6 eyni şəxs olması və sözügedən şəhadətnamənin X10 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən faktın müəyyən edilməsi ərizəçiyə əmlakın sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reysetr Xidmətinin və RXPNŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın ksero surətindən görünür ki, X16 xx.xx.1998-ci ildə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X19 xx.xx.1994-cü ildə ölmüşdür. İş materiallarında olan X3 ksero surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuş, atası X25, anası X11r. İş materiallarında olan Salyan rayon İHB müavini X12, DƏDK və RXPNŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin Salyan rayon Şöbəsinin müdiri X7, Salyan rayon Xələc Bələdiyyəsi sədrinin səlahiyyətlərini müvəqqəti icra edən X8, torpaq sahəsinin istifadəçisinin Ərizəçi iştirakları ilə tərtib edilmiş 11 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi və ailə üzvlərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Salyan rayonunun Xalac kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı torpaq sahəsinin JN-403 kod 80911018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun mərhum atasının ata adı səhv yazılmışdır. X4, əslində X16 olmalıdır. İş materiallarında olan Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi atası X16 29 avqust 1998-ci il tarixdə, anası X17 30 avqust 2011-ci il tarixdə vəfat etmişlər. Mərhumların daimi yaşayış yeri Salyan rayonunun Xalac kəndi olmuş, ölənədək onlarla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır. 1. Ərizəçi. X1 və X9 ailə tərkibindən çıxıb gedən övladları aşağıdakılardır. 1. X13, X20. X1 və X9 yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ünvanlanmış 526 g nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vərəsəlik işinin rəsmiləşdirilməsi Ərizəçi mərhum atası X6 ata adında uyğunsuzluq olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş “torpağın mülkiyyətə verilməsinə dair” JN-403 seriyalı KOD 80911018 nömrəli Dövlət Aktının surətindən müəyyən olunur ki, 1.40 ha torpaq sahəsi X17, X25, X18, X20, Ərizəçi adlarına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə müəyyən edir, göstərilən səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sizin müraciətinizin icrasından imtina edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 31 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-403 seriyalı, KOD 80911018 nömrəli dövlət aktında-şəhadətnamədə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məqsədi ilə 1.40 ha torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhvə yol verilmiş, X16 əvəzinə X14 qeyd olunmuşdur. Ərizəçi Dövlət aktında qeyd olunmuş ad uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, nəticəsiz qalmışdır. Göründüyü kimi, “torpağın mülkiyyətə verilməsinə dair” JN-403 seriyalı KOD 80911018 nömrəli Dövlət Aktında vətəndaş “X25” göstərilsə də, X15 və arayışda “X16” və “X19” kimi qeyd edilmişdir. MPM-in 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd edilənlərə əsaəsn məhkəmə hesab edir ki, Salyan rayonu Aqrar İslahatlar Komissiyası tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-403 seriyalı KOD 80911018 nömrəli Dövlət X2 məxsusluğunun fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə hesab edir ki, dövlət aktında texniki səhvə yol verildiyindən Salyan rayon Aqrar İslahat Komissiyasının 31 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-403 seriyalı, KOD 80911018 nömrəli dövlət aktının X10 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 307-311 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilisin. Salyan rayon Aqrar İslahat Komissiyasının 31 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-403 seriyalı, KOD 80911018 nömrəli dövlət aktının X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar