Məhkəmə qərarları › İş №2(057)-2110/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2110/2024

28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2110/2024 28.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Kərim oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı mənzilə hesablanmış 1192.28 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu Dayıkənd kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Traktor sürücüsüdür. Zəhmətlə ailəni dolandırır. Bu səbəbdən daima evdə olmur. İşıq və digər komunallarla bağlı hec vaxt problemi olmayıb. On ilə yaxındır ki, hər ay mövsümə uyğun olaraq enerjidən eyni qaydada istifadə etmiş və dəyərinidə ödəmişdir. 2023-cü ilin iyun ayında ona işiq idarəsinin əməkdaşı zəng vuraraq guya onun mənzilində əlavə birləşmə olduğunu bildirərək, 500 manat ödəməsə işığını kəsəcəklərini bildirmişlər. Məsələni aydınlaşdırmaq üçün vaxt istəsədə təşkilat ona 500 manat ödəniş etdirərək işığı bərpa etmişlər. Ödənişi borc alaraq, ödəməyə məcbur olmuşdur. Sonradan bilmiş ki, ona ödəniş etdirdikdən sonra 2023-cü ildə işıq idarəsi tərəfindən əsassız olaraq 1164 manat pul hesablanmışdır. Evin sayğacını dəyişərək smartkart tipli sayğac quraşdırılmışdır. Ödənişin 70 faizi tutulur. Yaşadığı kənd 2005-ci ildən qazla təmin olunmuşdur. İyul ayında evdə qazda olduğu halda 40 dərəcədə istidə işığa niyə müdaxilə olunmalıdır. Hər ay işıq idarəsi işlətdiyi işıq enerjisi ilə bağlı bildiriş verir. Əgər onun mənzilində hər hansı problem olsaydı deyərdilər. Hər ay sayğacı işləyib və bununla bağlı bildiriş verilib. Sayğac işləməsə belə yay vaxtı bir aya 1192 manat ona yazılan cərimədən görünür ki, bu hesabat tam əsassızdır. Ona akt təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun yaşadığı mənzilə hesablanmış 1192.28 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 22 iyun 2023-cü il tarixli, 032782 saylı aktın ksero surətindən görünür ki, EEİQ-nə uyğun olaraq sayğaclara baxış keçirilən zaman sayğacdan kənar elektrik xəttdən istifadə etməsi halı məlum olmuşdur. İş materiallarında olan abunə haqqında məlumat vərəqindən görünür ki, İddiaçı Kərim oğluna 973.12 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 tərəfindən məhkəməyə ünvanlanmış məktubun ksero surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 22 iyun 2023-cü il tarixli, 032782 saylı akta əsasən 973.12 manat dəyərində itirilmiş enerjisi bərpa olunmuşdur. Bu hal onu göstərir ki, abonent-İddiaçı kənar xətt vasitəsilə X1 etdiyinin şəxsən ona məlum olmasına baxmayaraq, o, akt üzrə hesablanmış ödənişindən yayınmaq məqsədilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində həmin akt üzrə məbləği 973.12 manat deyil, 1192.28 manat göstərmişdir. Odur ki, göstərilənlərin nəzərə alınması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, istehlakçı enerji təchizatı müəssisəsinin verdiyi X1 etməli, istifadə etdiyi elektrik enerjisinin dəyərini də yalnız sayğacın göstəricilərinə əsasən ödəməlidir. İddiaçı kənar xətt vasitəsi ilə şəbəkədən istifadə etdiyi üçün istehlak etdiyi elektrik enerjisinə görə ona borc hesablana bilməmişdir. Belə olan halda hazırkı mülki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən hər hansı qanun pozuntusu halının mövcudluğu aşkar edilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus Salyan rayonu Dayıkənd kəndində olan fərdi yaşayış evində sayğacdan kənar xətdən istifadə etmiş və bu hal da sübuta yetirilərək öz təsdiqini tapmışdır. Nəticədə abonent mülki hüquq pozuntusu törətmişdir. Buna görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X1 qaydalarının pozulması haqqında tərtib edilmiş 22 iyun 2023-cü il tarixli, 032782 saylı akt əsasında qanunsuz hesablanmış 1192.28 manat cərimə borcunun silinməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamə ona rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar