Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2211/2025 19.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payların müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Salyan Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu il tarixində beyninə qan sızması nəticəsində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 03 nömrəsi ilə qeydiyyat aparılmışdır.
2. Salyan Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2002-ci il tarixində miokard infarktı nəticəsində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixində 270 nömrəsi ilə qeydiyyat aparılmışdır.
3. Doğum haqqında şəhadətnamənin ksero surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixində Salyan rayonunun, Xurşud kəndində doğulmuşdur. Ata qrafasında - X5, Ana qrafasında - X6 qeyd olunmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarını doğum haqqında kitabında xx.xx.1971-ci il tarixində 74 nömrəli qeyd aparılmışdır.
4. Azərbaycan Respublikasının “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından (JN-139, Kod ********) görünür ki, Salyan rayonu, Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X5, X6, Cavabdeh2, Cavabdeh3 Firəngiz qızı, Cavabdeh1, İddiaçı, X4 və X3 Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə verilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbinin dəlilləri
İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Firəngiz qızına (bundan sonra – cavabdehlər) qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 139 saylı Kod 80803048 nömrəli dövlət aktı əsasında 5.71 ha torpaq sahəsinndən ona düşən pay hissəsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X5 xx.xx.2002-ci il tarixində və anası X6 xx.xx.2019-cu il tarixində vəfat etmişlər. Onların birgə nikahlarından 6 övladı oluşdur. Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə Salyan rayonu, Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X5, X6, Cavabdeh2, Cavabdeh3 Firəngiz qızı, Cavabdeh1, İddiaçı və X3 verilmişdir. Hazırda bacıları olan cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsindən istifadəsinə maneçilik törədilir. Bu səbəbdən həmin torpaq sahəsi üzrə ona məxsus payın müəyyən edilməsi üçün məhkəməyə müraciət edir.
b) iddiaya etirazın dəlilləri
İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında işitrak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərərk, bildirmişdir ki, hazırda cavabdehlərə qarşı qaldırdığı iddia tələbi ilə Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə Salyan rayonu, Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində ona məxsus payın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, hazırki iddia tələbi ilə müəyyən olunmasını tələb etdiyi torpaq sahəsi üzərində payların müəyyən edilməsi ilə bağlı tələbinin əsasını mərhum ata və anasından vəfatından sonra qalan miras əmlaka münasibətdə deyil. Yalnızca Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə Salyan rayonu, Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində onun adına olan torpaq sahəsi üzrə payının müəyyən olunması təşkil edir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrəyə AZEMİS vasitəsi ilə SMS bildiriş təkrar göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Məhkəmə maddi norma ilə bağlı hüquqi məsələlərə dair qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, № 02/2024 nömrəli Qərardadı:
Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM):
4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə prosessual normaların tələbləri ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür.
Məhkəmə baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı sübutların tədqiqi nəticəsində müəyyən olunan və işin mübahisəsiz halı qəbul olunur ki, Salyan rayonu, Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X5, X6, Cavabdeh2, Cavabdeh3 Firəngiz qızı, Cavabdeh1, İddiaçı, X4 və X3 Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə verilmişdir. Bu Azərbaycan Respublikasının “Torpağa mülkiyyət hüququna dair” JN-139, Kod 80803048 olan Dövlət aktı ilə təsdiq olunur. Torpaq sahəsinin ayrılması ilə bağlı dövlət aktında adı qeyd olunan şəxslərdən X6 xx.xx.2019-cu il tarixində və X5 xx.xx.2002-ci il tarixində vəfat etmişlər. İddiaçı adı həmin JN-139, Kod 80803048 olan Dövlət aktında qeyd olunmuş və hazırda da həmin akt ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə ona aid olan payın müəyyən edilməsini məhkəmədən tələb edir. Dövlət aktında adı qeyd olunan və vəfat etmiş X6 və X1 miras əmlakı olaraq qalan torpaq sahəsinə münasibətdə payın müəyyən edilməsini tələb etmir. . Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı nəzəri qəbul olunan hüquqi fikirlərin qeyd edilməsini və ümumi qəbul olunan hüquqi düşüncənin fonunda mülki işin faktiki hallarına münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Mülki hüquqda subyektiv hüququn iki fundamental elementi vardır: ki, bunlardan ilkin element məhz “Tələb etmə” hüququdur. Tələb etmə hüququ – hüquq sahibinə qarşı tərəfdən müəyyən davranışı tələb etmək imkanı verir. Tələb hüququ (ius persequendi) subyektiv hüququn əsas məzmununu təşkil edir. Tələb hüququnu subyektiv hüququn aktiv komponenti adlandırmaq olar. “Subyektiv hüququn reallaşdırılması ilk növbədə hüquq sahibinin tələb irəli sürmək imkanı ilə başlayır.” Digər ikinci element isə “Təmin etmə” hüququdur. Təmin etmə hüququ hüquq sahibinin tələbinin yerinə yetirilməməsi halında məhkəmə müdafiəsi və dövlətin məcburetmə səlahiyyəti ilə təmin olunan hüquqi mexanizmdir. Təmin etmə hüququ (ius actionis) – tələb hüququnun reallaşdırılmasının ikinci, lakin həlledici mərhələsidir. “Hər bir subyektiv hüquq dövlət tərəfindən təmin olunmaq imkanına malik olmadıqda o, hüquqi məzmununu itirir.” Bu iki element bir-biri ilə sıx bağlıdır və subyektiv hüququn tam mahiyyətini yalnız birlikdə təşkil edir. Subyektiv hüququn məzmunu yalnız tələb səlahiyyəti ilə deyil, həmin tələbin dövlət tərəfindən təmin olunması ilə tamamlanır. Hüququn təmin edilməsini təmin etmək dövlətin konstitusion öhdəliyidir; bu öhdəlik subyektiv hüququn reallaşdırılmasını obyektiv hüquq müstəvisinə çıxarır. Qeyd olunanlardan hasil olunan nəticə ondan ibarətdir ki, tələb etmə hüququ subyektiv hüququn daxili məzmunu kimi, təmin etmə hüququ isə həmin hüququn dövlət tərəfindən qorunması və həyata keçirilməsidir. Hazırki iddia tələbi ilə iddiaçının adının Azərbaycan Respublikasının “Torpağa mülkiyyət hüququna dair” JN-139, Kod 80803048 olan Dövlət aktında qeyd olunması və bunun nəticəsində Salyan rayonu Xurşud kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mövcudluğu subyektiv hüququnun olmasına dəlalət edir. Həmçinin məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsini istəyir. Bu isə ümumi mülkiyyətdə olan torpaq sahəsinin “İdeal bölgü”sünü ifadə edir. Yəni, əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini özündə nəzərdə tutur. Bu hüquqi aspektdən baxan məhkəmə ümumi birgə mülkiyyətdə payların ayrılması və böğlüməsi ilə bağlı hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikasının “Torpağa mülkiyyət hüququna dair” JN-139, Kod 80803048 olan Dövlət aktı ilə müəyyən olunur ki, Salyan rayonu Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X5, X6, Cavabdeh2, Cavabdeh3 Firəngiz qızı, Cavabdeh1, İddiaçı, X4 və X3 ümumilikdə 8 nəfərə münasibətdə verilmişdir. Lakin hazırda tərəflər arasında ümumi birgə mülkiyyətin razılaşması yoxdur. Buna münasibətdə Mülki Məcəllənin 213.5-ci maddəsi əsas götürülməlidir. Həmin normaya görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə iddia tələbinə münasibətin davamı olaraq hazırki ümumi birgə mülkiyyətlə bağlı Mülki Məcəllənin 214.1ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, qeyd olunan 5.71 ha ərazidə olan torpaq sahəsi aktda adları qeyd olunan şəxslərə bərabər payları müəyyən edilməklə verilmişdir. Dövlət aktında tərəflərin payları ilə bağlı hər hansı qeyd mövcud deyil. Qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə hesab edir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X5, X6, Cavabdeh2, Cavabdeh3 Firəngiz qızı, Cavabdeh1, İddiaçı, X4 və X2 mülkiyyətinə verilmiş Salyan rayonu Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində adları qeyd olunan şəxslərə münasibətdə 1/8 hissədə pay müəyyən olunmalıdır. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Məhkəmə yekun nəticəyə gələrkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, № 02/2024 nömrəli Qərardadında formalaşdırılan hüquqi mövqedən və Mülki Məcəllənin 10cu fəslində qeyd olunan Ümumi Mülkiyyətlə bağlı tələblərini əsas götürmüşdür. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində payların müəyyən edilməsi ilə bağlı iddia tələbi ümumən əsaslı olduğundan təmin edilməli, Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X5, X6, Cavabdeh2, Cavabdeh3 Firəngiz qızı, Cavabdeh1, İddiaçı, X4 və X2 mülkiyyətinə verilmiş Salyan rayonu Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində İddiaçı 1/8 hissədə payı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Firəngiz qızına qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X5, X6, Cavabdeh2, Cavabdeh3 Firəngiz qızı, Cavabdeh1, İddiaçı, X4 və X2 mülkiyyətinə verilmiş Salyan rayonu Xurşud kəndində yerləşən 5.71 ha ölçüdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində İddiaçı 1/8 hissədə payı müəyyən olunsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rüstəm Alıyev