Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2293/2024 28.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "xxxx" ASC) qarşı “aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 08 aprel 2024-cü il tarixli, 331460 saylı aktın ləğv edilməsi və əsassız yazılmış 1095.10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Alçalı kəndində yaşayır. 08 aprel 2024-cü il tarixdə ona məxsus sayğac yoxlanılmış və 331460 nömrəli akt tərtib olunmuşdur. Aktda elektrik sayğacına kənar xətt daxil olduğu göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Ona əsassız yerə 1095.10 manat cərimə yazılmışdır. O həmin elektrik xəttini öz hesabına çəkmişdir. O həyat yoldaşı ilə bütün günü işdə olur. Evdə heç kim olmur. Evdə olmadıqlarına görə elektrik enerjisindən istifadə etmirlər. Səhər saat 6-da çıxıb, axşam saat 6-da evə gəlirlər. Elektrik naqillərinin üstü hamısı açıqdır. Bunu işığa baxan Azərişığın nümayəndəsi də bilir. Akt yazılmamışdan əvvəl onun işığa görə heç bir borcu olmamışdır. Lakin cavabdehin əməkdaşları müəyyən maraqlar naminə qanunsuz akt tərtib etmişlər, akt tərtib olunarkən nə hal şahidləri olmuş, nə foto, videoçəkiliş aparılmış, maraqlı şəxslər tərəfindən tərtib olunmuşdur. Bu isə onu göstərir ki, hazırki akt qanunsuzdur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, cavabdehin 08 aprel 2024-cü il tarixli, 331460 saylı aktın ləğv edilməsi və əsassız yazılmış 1095.10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 1 aya yaxındır ki, evində elektrik enerjisi yoxdur. Bu barədə Kənd Soveti, Bələdiyyə və Cavabdehə müraciət etmişdir. Lakin onun elektrik enerjisi bərpa olunmamışdır. Yaşadığı evin damından su damdığı üçün şifer vurmuşdur. Şiferləri direl vasitəsi ilə bərkitmişdir. Ona görə də direl üçün özü elektrik xətti çəkmişdir. Həmin çəkdiyi elektrik enerjisindən 20 dəqiqədən az müddətdə istifadə etmişdir. Hazırda səhv iş etdiyini başa düşür. Ona görə də, iddia tələbinin təmin edilərək, ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək göstərmişdir ki, İddiaçı yaşadığı ünvan **********00502 saylı kodla X1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuş və müvafiq videoçəkiliş aparılmışdır. Buna əsasən də, EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə, həmin tarixli, 324456 saylı akta əsasən 1097.10 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Məlum edirlər ki, İddiaçı yaşadığı ünvanda hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən 1115.42 manat məbləğində ödənilməmiş borcu vardır. Cavabdeh təşkilatın nümayəndəsi məktubunda xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirildiyini qeyd etsə də, məhkəməyə ünvanlanmış məktubun tarixinin xx.xx.2024-cü il tarixli olduğunu nəzərə alsaq, bu halın mümkün olmadığı məlum olur. Həmçinin 324456 saylı akta əsasən 1097.10 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunduğu qeyd olunsa da, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, aktın tarixi 331460-dır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 aprel 2024-cü il tarixli, № 331460 saylı aktın ksero surətindən görünür ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, abonent giriş xəttdən birbaşa kənar xətt götürüb sayğacı dövriyyədən ayırmışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı 1097.10 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış bildirişxəbərdarlıqdan görünür ki, cavabdehə 1103.18 manat borc hesablanmışdır. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 08 aprel 2024-cü il tarixli Rİ Akt № 331460 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 20 A x 0.22 x 0.7 x 24 saat x 120 gün = 8870 kVts qədərində sərfiyyatın israfı cavabdeh əməkdaşları tərəfindən hesablanılmışdır. 8870 kVts sərfiyyatın 800 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 64 manat qədərində, 400 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 36 manat qədərində və 7670 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 997.10 manat qədərində cərimə yazılmışdır. İş materiallarına əlavə olunan CD diskə baxış keçirilmiş, video çəkilişə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşı aparıcı mühəndis Sabir Əliyev tərəfindən Salyan rayonu, Qızılağac kəndində abonent iddiaçıya məxsus yaşayış evində videoçəkiliş aparılmış və onun birbaşa kənar xətt götürərək sayğacı dövriyyədən ayırması halı aşkar edilmiş, İddiaçı cavabdeh təşkilatın əməkdaşını gördüyü üçün kənar xətti ayırmış, kənar xəttdən axan yük 0.3 amperdir. Sayğac evin ön hissəsində quraşdırılmış və göstəricisi 6885 olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş “Disk”dəki videoçəkilişə əsasən İddiaçı tərəfindən sayğacdankənar xətt vasitəsi ilə elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Həmin Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent İddiaçı tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd edilən pozuntuya görə 24 saat olmaqla 120 gün müddətindən ziyan hesablanmış və 1097,10 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən 30 günlük müddət üçün hesablanması daha ağlabatan və inandırıcı olardı. Belə ki, İddiaçı da həmin halı öz izahatı ilə qismən təsdiq edir. Cavabdeh isə bu halın əksini müəyyən edəcək sübut təqdim edə bilməmişdir. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən günün 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, İddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq enerjidən istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və günün 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyəri 392 manat müəyyən edilməli, Cavabdeh tərəfindən artıq hesablanmış 705.10 manat borc məbləği iddiaçının abonent hesabından silinməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Salyan rayonu, Qızılağac kəndində yerləşən İddiaçı məxsus evə (abonent kodu **********00502) hesablanmış 1097.10 (bir min doxsan yeddi manat on qəpik) manat borcdan 705.10 (yeddi yüz beş manat on qəpik) manat silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2293/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2293/2024
28.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver