Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-230/2023 02.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və akt əsasında hesablanmış 1036 manat cərimənin silinməsi, sayğacın paylayıcının hesabına quraşdırılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində «Azəriqaz» X1 X3 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz tərtib edilmiş ******* nömrəli, 29 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036 manat cərimənin silinməsi, sayğacın paylayıcının hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə səhər saatlarında təqribən 09:00 radələrində qaz gəlmədiyi üçün sayğaca baxış keçirtmişdir. Sayğacın ekranının sındırılaraq yerə atıldığını, məftil plombunun qırıldığını görmüş və 102 zəng xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Daha sonra Salyan RPŞ-yə ərizə ilə müraciət edərək sayğacının naməlum şəxs tərəfindən sındırıldığını bildirmişdir. Sayğac təqribən 6 il əvvəl həyət qapısının ağzında quraşdırılmış və xx.xx.2022-ci il tarixdə Salyan xidmət sahəsinin nümayəndələri tərəfindən yenisi ilə əvəz olunmuşdur. 2022 ilin avqust ayında ona 1036 manat cərimə yazıldığını bildirmişlər. Mənzilinə quraşdırılan sayğacın naməlum şəxs tərəfindən sındırıldığı barədə məlumatı olduğu vaxtdan aidiyyəti üzrə lazımi məlumat vermiş və Salyan RPŞ tərəfindən araşdırılma aparılaraq 02 iyul 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qaz idarəsinin işçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş, sayğacın sındırılması nəticəsində qaz itkisi baş verməmişdir. Tərtib edilmiş aktda klapanı bağlandığı üçün sayğacdan qaz keçmədiyi halı qeyd olunmuşdur. Akt tam əsassız tərtib edilmişdir. Heç bir qaz itkisi olmadığı halda əsassız olaraq ona 1036 manat dəymiş ziyan hesablanmışdır. Ona görə də əsassız hesablanmış 1036 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı tərəfindən 8640 kub metr təbii qaz itirilmişdir. Məhkəmədə elan olunmuş 29 iyul 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə sayğacda 8141 rejimi aşkar olunmuşdur. Element yuvasının qapağının ətrafında kənar təsir izi mövcuddur. Klapanı bağlıdır. Element yuvası açılmış, element aşkar edilməmişdir. Müvəqqəti element quraşdırılmış və xx.xx.2022-ci il tarixdə elektron göstərici 05419m3 olmuşdur. Sayğac istismara yararsızdır. Məhkəmədə elan olunmuş 24 iyun 2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin 1036,80 manat qalıq aktlar üzrə borcu vardır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın ekranının sındırılaraq yerə atılması və məftil plombunun qırılması halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmışdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlaklçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “X2” X4 İstismar İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 29 iyul 2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və akta əsasən əsassız hesablanmış 1036 manat hesabından silinsin və abonent üçün sayğac “X2”-nin X4 İstismar İdarəsi hesabına quraşdırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-230/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-230/2023
02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver