Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2442/2025 27.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2025-ci il tarixli, 374837 saylı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 1618 manat cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "xxxx" ASC) qarşı “xx.xx.2025-ci il tarixli, 374837 saylı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 1618 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 374837 saylı aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış 1200 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayır. Evlərindəki elektrik sayğacı onun adına qeydiyyata alınmışdır. Heç vaxt X2 qaydalarını pozmamışlar. 2025-ci ildə iyun ayında "xxxx" ASC-nin nümayəndəsi onu yolda görüb onun cərimə olunduğunu bildirmişdir. Onlar dərhal "xxxx" ASC-dən məlumat almışlar. "xxxx" ASC tərəfindən X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 374837 saylı akt tərtib edilərək sayğacdan kənar xətt daxil olduğu qeyd edilmişdir. O, orada bildirmişdir ki, həmin kənar xətt ona aid deyildir. Kənar xətt qonşuya aiddir. Tərəflərindən nə sayğaca müdaxilə edilmiş, nə də X2 qaydaları pozulmuşdur. 2025-ci ilin iyun ayında onlara növbəti bildiriş təqdim edilərkən 1200 manat əlavə borc hesablandığı məlum olmuşdur. Borcla bağlı cavabdeh tərəfindən ona heç bir sənəd təqdim edilməmişdir. O bununla əlaqədar ərizə ilə cavabdeh təşkilata müraciət edərək məhkəməyə müraciət etməkdən ötəri cərimə hesablanmasına əsas olan sənədlərin surətlərinin ona verilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixli, 374837 saylı akt tərtib edilərkən nə onun, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akt sadəcə cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh təşkilatın aktda adları qeyd edilən əməkdaşları ümumiyyətlə onların həyətlərinə gəlməmişdir. Yuxarıda qeyd etdiyi kimi 2025-ci ilin iyun ayında sadəcə bir nəfər adı onlara məlum olmayan şəxs həyətinə gəlmişdir. Hesab edir ki, X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 374837 saylı akt əsassızdır, həmin akt əsasında hesablanmış 1200 manat cərimə əsassız hesablanmışdır, ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış cərimə silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iyul ayında sayğacdan kənar xətt çəkməsi ilə bağlı adına akt tərtib edilmişdir. Həmin kənar xətt ona deyil, qonşusuna aid olmuşdur. İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, qonşusunun onun adına akt yazıldığından xəbəri var. Pulu ödəmir. Borcun silinməsinə köməklik göstərilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı yaşadığı ünvan **********10452 kodla X1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə X2 etdiyi aşkar olunmuşdur. Bu zaman müvafiq videoçəkiliş aparılmış və məlum olmuşdur ki, abonent İddiaçı həqiqətən də kənar xəttdən istifadə edir. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə həmin tarixli, 374837 saylı akta əsasən 1192.80 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Hesab edirlər ki, iddia əsassızdır buna əsasən də iddianın təmin olunmamasını xahiş edirlər. İddiaçı yaşadığı ünvanda hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən 1192.80 manat və istifadə olunmuş elektrik enerjisi üzrə 26.90 manat məbləğində, ümumilikdə 1219.70 manat ödənilməmiş borcu vardır. Əlavə olaraq bildirirlər ki, üzrlü səbəblərə görə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilmirlər. İşə iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2025-ci il tarixli, № 374837 saylı aktın ksero surətindən görünür ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, abonentə məxsus evə birbaşa sayğacdan kənar xətt daxil olur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Həmin Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent İddiaçı tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. İddiaçı əsassız hesablanmış 1200 manat borcun silinməsini məhkəmədən xahiş etsə də, cavabdeh təşkilat tərəfindən məhkəməyə ünvanlanmış ərizədən müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh təşkilata akt üzrə 1192.80 manat borcu vardır. Bu səbəbdən məhkəmə iddianın həmin hissədə təmin olunmasını əsaslı və qanuni hesab edir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, ödənilməmiş 30 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus evə (abonent kodu **********10452) hesablanmış 1200 (bir min iki yüz) manat borcdan 1192.80 (bir min yüz doxsan iki manat səksən qəpik) manat silinsin. Ödənilməmiş 32 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 31.93 manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumunun ödənilməmiş 0.07 qəpik hissəsi dövlət büdcəsinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2442/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2442/2025
27.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver