Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-284/2023 16.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, İddiaçı və cavabdeh Azəriqaz İB-nın nümayəndəsi X2 iştirakı ilə İddiaçı aktın ləğv edilməsi, akt əsasında hesablanmış 1036.80 manat cərimənin silinməsi və sayğac paylayıcının hesabına quraşdırılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində «Azəriqaz» X4 X9 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq X1 adına tərtib edilmiş ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın ləğv edilməsi, akt əsasında hesablanmış 1036.80 manat cərimənin silinməsi və sayğac paylayıcının hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Salyan rayonu, Qalalı hərbi şəhərciyində X3 məxsus evi notariat qaydada alqı-satqı edərək almışdır. xx.xx.2019-cu il tarixdə həmin evə texniki pasport almışdır. Həmin dövr ərzində notariatın tələbi daxilində kommunal və digər ödənişlərlə bağlı təmizlik kağızı alandan sonra Dövlət Əmlak Komistəsindən ******* saylı xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Ev alındıqdan sonra yaşayış olmadığı üçün heç bir kommunaldan istifadə olunmamışdır. Qaz sayğacı çöldə qutusuz quraşdırılmış və sayğacdan çıxan hissədən qaz idarəsi tərəfindən kəsilmişdir. Həmin evdə hələdə yaşayış yoxdur. xx.xx.2022-ci il tarixdə ona zəng edərək, evinə quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz etdiklərini bildirmişlər. Qaz idarəsinin işçilərinə həmin evdə yaşayış olmadığını və qaz xəttinin kəsik olduğunu qeyd etmişdir. Qaz idarəsinin nümayəndələri qaz sayğacının yenisi ilə əvəz olunmalı olduğunu və istədiyi vaxt idarəyə müraciət edərək qaz xəttini bərpa etdirməklə istifadə edə biləcəyini bildirmişlər. Qaz idarəsinin əməkdaşları iddiaçının iş yerinə gedərək qaz sayğacının dəyişdirilməsi barədə akta qol çəkdirmiş və həmin aktda köhnə və təzə sayğacın nömrələri qeyd olunmuşdur. Aktda başqa heç bir qeyd edilməmiş və sayğacda hər hansı müdaxilənin olması barədə məlumat verilməmişdir. Qaz idarəsinin işçiləri tərəfindən sayğac heç kimin iştirakı ilə açılmış və yenisi ilə əvəz edilmişdir. Sayğac quraşdırıldıqdan təqribən bir ay sonra həmin mənzilə 1036,80 manat dəyərində cərimə yazıldığı barədə məlumat verilmişdir. 2016-cı ildən həmin mənzildə təbii qazdan istifadə olunmaması halı mənzilinə aid saldodan da görünmüşdür. Alqı-satqı notariat qaydada olduğu üçün sənədlər qaz idarəsinə təqdim olunsa da bu günə kimi ad dəyişikliyi olmamışdır. Əmlak Komitəsində öz adına ******* saylı xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınsa da hələdə qaz X1 adına qeydiyyatdadır. Akt tam qanunsuz tərtib olunmuşdur. Ona görə də əsassız hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İB-nin səlahiyyətli nümayəndəsi X6 bildirmişdir ki, iddiaçını rayon sakini kimi tanımışdır. xx.xx.2022-ci ildə sayğac istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz olunmuşdur. Yeni sayğac quraşdırılan zaman nə müəyyən olunduğu barədə məlumatı yoxdur. Lakin, laboratoriyanın sayğacın çıxış hissəsində deşik olması barədə rəyi olmuşdur. İddiaçının sayğacın çıxış hissəsində deşik olması halı ilə bağlı təqsiri olub-olmadığını bilməmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.8 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş 31 oktyabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu deşilmiş və sayğac istismara yararsızdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı tərəfindən 8640 kub metr təbii qaz itirilmişdir. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********00000 olan İddiaçı qaz sərfiyyatına dair saldosundan görünür ki, iddiaçının qaz sərfiyatına görə qalıq və aktlardan 1036.80 manat borcu yaranmışdır. Məhkəmədə elan olunmuş reyestr nömrəsi **********63-05101-093001 texniki pasportdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına mənzil vardır. Məhkəmə iddiaçı və cavabdeh təşkilatın nümayəndəsini dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın çıxış plastmas borusunun deşilməsi halında abonentin təqsiri olmamışdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlaklçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin tərəfindən X5 barəsində tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli, ******* saylı ləğv edilsin, akta əsasən əsassız hesablanmış 1036.80 manat cərimə silinsin və sayğac «Azəriqaz» X4 X9 İdarəsi hesabına quraşdırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-284/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-284/2023
16.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver