Məhkəmə qərarları › İş №2(057)-356/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-356/2023

29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-356/2023 29.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və akt əsasında hesablanmış 432 manat cərimənin silinməsi, sayğacın paylayıcının hesabına quraşdırılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində «Azəriqaz» X1 X3 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz tərtib edilmiş ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 432 manat cərimənin silinməsi, sayğacın paylayıcının hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. Evinə quraşdırılmış qaz sayğacı küçədə narahat yerdə quraşdırılmış və həyətin darvazasına daimi mane olmuşdur. Bu səbəbdən sayğacdan evinə gedən qaz xəttində sızmalar yaranmışdır. Bu barədə xx.xx.2021-ci il tarixdə qaz xəttində sızma baş verdiyi üçün qaz idarəsinə məlumat vermiş, onların əməkdaşı qaz xəttini özünün düzəltdirməli olduğunu bildirmişlər. Qaynaqçıya demiş, qaynaqçı iş görən zaman qaynaqdan çıxan şlaqın sayğacın içərisinə düşdüyünü görmüşdür. İdarəyə ərizə ilə müraciət etmiş və sayğacı dəyişdirmişlər. Sayğacın dəyərini özü ödəmişdir. Heç bir qaz itkisi və sızma halı olmamışdır. Buna baxmayaraq xx.xx.2021-ci ildə onun evinə xəbərsiz 432 manat cərimə yazmışlar.Cərimə aktının yazılması barədə onun və ailə üzvlərinin məlumatı olmamış, lakin adının qarşısında imtina yazılmışdır. Mənzilinə quraşdırılmış qaz sayğacı smart tipli sayğac olduğu üçün mənzilinə hesablanmış qanunsuz borcdan gec xəbərdar olmuşdur. Qaz sayğacına vurduğu pulun yarısı təşkilat tərəfindən tutulur. Akt tam əsassızdır. Öz günahı səbəbindən sayğac yararsız olsa da, sayğacın dəyərini ödəmişdir. Heç bir qaz itkisi olmadığı halda əsassız olaraq ona 432 manat dəymiş ziyan hesablanmışdır. Ona görə də əsassız hesablanmış 432 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı tərəfindən 4320 kub metr təbii qaz itirilmişdir. Məhkəmədə elan olunmuş 30 dekabr 2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Məhkəmədə elan olunmuş 19 noyabr 2021-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin 432 manat qalıq aktlar üzrə borcu vardır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın çıxış plastmas borusunun deşilməsi halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının sayğacın istehlakçı təşkilatın hesabına quraşdırılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlaklçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. “X2” X4 İstismar İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli, ******* saylı akt ləğv edilsin və akta əsasən hesablanmış 432 manat borc silinsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar