Məhkəmə qərarları › İş №2(057)-426/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-426/2023

07.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-426/2023 07.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh "xxxx" ASC-nin 15 oktyabr 2022-ci il tarixli, 267240 nömrəli aktın ləğv edilməsi və əsassız yazılmış borcun silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzilin sayğacı atası X1 adınadır. Sənəddə atasının adı Nəsirov Əliş kimi qeyd olunsa da, hamı atasını Nəsirov Azad kimi tanımışdır. Atası Ə.Nəsirov 04 mart 2015-ci il tarixdə vəfat etmişdir. Bu ilin oktyabr ayında onun və qonşusu mərhum Salmanov Şəmsəddinin evinə məxsus sayğaclar qısa qapanma nəticəsində yanaraq yararsız vəziyyətə düşmüşlər. Bu səbəbdən "xxxx" ASC-nin Salyan filialının əməkdaşları akt tərtib edərək, sayğacı yenisi ilə əvəz etmişlər. Daha sonra 15 oktyabr 2022-ci il tarixli, 267240 nömrəli akt əsasında onlara cərimə yazmışlar. Sayğaca heç bir müdaxilə etməmiş və ona əsassız yerə cərimə yazılmışdır. Sayğac qısa qapanma nəticəsində yanmış və buna görə heç bir təqsirinin olmadığını bildirmişdir. Akt tərtib edilməmişdən əvvəl işığa görə heç bir borcları olmamışdır. Bu səbəbdən akt əsassızdır. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 04 mart 2015-ci il tarixdə Salyan şəhərində ölmüşdür. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1986-cı il tarixdə Salyan şəhərində anadan olmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli, 267240 saylı aktın surətindən görünür ki, abonent Nəsirov Azadın sayğacına baxış keçirən zaman pilləkən meydançasındakı 0,4 kvluq PQ-də baş vermiş yanğın əsasında abonentə məxsus hesabat sayğacının yanaraq istismara yararsız hala düşdüyü müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının qeyd etdiyi sayğac yanğın nəticəsində yanaraq yararsız hala düşmüş və həmin əsasa görə iddiaçıdan pul tələb olunması qanunvericiliyin tələbinə ziddir. Ona görə də məhkəmə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını daha əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-ci maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat muəssisənin numayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edib və aktın bir nusxəsinin məişət abonentinə verir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin X3 barəsində tərtib etdiyi 15 oktyabr 2022-ci il tarixli, 267240 nömrəli akt ləğv edilsin və əsassız yazılmış borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar